Perfeksionizm yoxsa özgüvən əksikliyi?
Perfeksionizm başqa sözlə mükəmməlliyətçilik – bu mövqeni ilk baxışdan qüsursuzluq kimi qavrayırıq. Əslində mövcud olan qüsurları gizləmək üçün “ dəridən qabıqdan çıxmaq”, o cümlədən sahib olmaq istəyib də ola bilmədiyimiz keyfiyyətlərin şəxsiyyətin strukturunda yaratdığı boşluqları doldurmaq üçün istifadə edilən cəhdlərin adıdır. Potensialından daha artığına sahib olmaq istəyi insanlarda müxtəlif davranışlar şəklində özünü göstərir. İstənilən mühitdə şəxslərarası münasibətdə insan daim öz mövqeyinin toxunulmazlığı uğrunda mübarizədədir.
Adətən, ilkin təəssürat xarakterik xüsusiyyətlərin aşkarlanması istiqamətində mühüm informasiya mənbəyi olduğundan əsasən yeni tanışlıqlar zamanı çatışmazlıqlarımızı gizləməyə çalışırıq. Mükəmməlliyətçi olmaq bir növ rütubətli divara boya çəkməklə mövcud nəmi gözlərdən gizlətmək kimidir və daim boyalanmağı tələb edir. Perfeksionizmin kökündə qarşısını almaqda çətinlik çəkdiyimiz və aşkar olduqca özgüvənimizi minimuma endirən çatışmazlıqlarımızdır.
Hər zaman qüsursuzluğa can atmaq, əslində kiçik nöqsanların belə öhdəsindən gələcək qədər gücə sahib olmamağın nəticəsidir. İnsan istənilən situasiyada tənqidə açıq olmalıdır. Nöqsanların qəbul edilməsi onların aradan qaldırılmasını tezləşdirir. Öz davranışının analizini apararkən qarşı tərəfin də baxış prizmasını nəzərə almaq daha obyektiv qiymətləndirməyə səbəb olur. Hər halda məsələyə dörd gözlə baxmaq daha səmərəlidir nəinki iki gözlə.
Ümumiyyətlə, nöqsanları görməzdən gəlmək, laqeyd münasibətlə onu həll etmədən ört-basdır etməyə çalışmaq, yaxud üzə çıxmaması üçün daxildə emosiyalarımızın müharibəsini aparmaq mövcud fəaliyyətin gedişatının ləngiməsini surətləndirir. Daha dəqiq desək, keyfiyyətlər strukturunda natamamlıq mövcud olduqda özgüvənin aşağı enməsi müşahidə olunur. Və bu enişi gizlətmək, yaxud stabil vəziyyətə gətirmək üçün səylər ortaya qoyulur.
Ardı →