Bu gün Xocalı Faciəsindən 19 il ötür.Bu gün bu bloqda Faciənin təfərrüatlarından yox ,faciə qurbanının dünənki günündən danışmaq istəyirəm.
Ən yaxın tələbə yoldaşım (A) Xocalı rayonundandır.Hal-hazırda biz Bakı şəhərində yerləşən N- nömrəli Körpələr evi-uşaq bağçasında təcrübədəyik.
Dünən cümə günü,Fevral ayının 25-i idi.Bildiyiniz kimi şənbə və bazar günləri uşaq bağçaları fəaliyyət göstərmir.26 Fevral şənbə gününə düşdüyü üçün tərbiyəçi bu tarix haqqında bir gün əvvəl danışmalı idi.Gözləmədiyimiz bir anda tərbiyəçimiz A-nı öz yerinə dəvət etdi və Xocalı soyqırımına həsr edilmiş məşğələni onun aparacağını söylədi.Tələbə yoldaşım çaşıb qalmışdı,çünki uşaqların qarşısına çıxmazdan əvvəl ciddi hazırlaşmaq lazım idi.Lakin onun heç bir hazırlığa ehtiyacı yox idi,çünki o,faciənin canlı şahidi idi.Yoldaşım danışmağa başladı."İldönümü" sözünü deyəndə,uşaqlardan biri "İldönümü nə deməkdir?«sualını verdi.
Tələbə yoldaşım bunu uşaqların anlayacağı bir dildə „AD GÜNÜ“olduğunu söylədi.Az sonra tələbə yoldaşım ətrafındakı insanları xilas etmək üçün öz körpəsinin səsini boğmağa çalışan ANA haqqında danışdı.Bunu uşaqların qarşısında danışmaq asan deyildi. O qəfildən hönkürtü ilə ağlamağa başladı.A qəhərini boğaraq mövzunu sona çatdırdı.Sonda o,uşaqların bu gün nə öyrəndikləri haqqında soruşdu.
Uşaqlar:»ermənilər bizim düşmənimizdi",«mən böyüyəndə əsgər olacam onları öldürəcəm» kimi cavablar verdilər.Məşğələ zamanı "İldönümü nədir?" sualını verən qız isə «sabah Xocalının 19 yaşı olacaq» dedi.
P.S.«Tələbə yoldaşımı tanıyana kimi Xocalı faciəsi mənim üçün ermənilərin törətdikləri vəhşiliklərdən biri idi.Lakin bir şahidin dilindən baş vermiş hadisələri eşitmək dəhşətli və tükürpədicidir.Dünən həm də onun atasının 50-illiyi idi,lakin 19 ildir ki,onlar bu günü qeyd etmirlər.Ad günü üçün tort yox ,faciə qurbanları üçün umac ovub ,halva çalırlar.»
Davamı →