Gözlə qaş arasında

Gözlə qaş arasında

Payız təzəcə qədəm qoymuşdu. Nəfəs kəsən istilər öz yerini yavaş-yavaş sərin mehə və hərdən yağan yağışa buraxırdı. Həmin mehli günlərdən biri idi. İki ailə bir-birinə qohum olmağa hazırlaşırdı. Çox çək-çevirdən sonra toyun vaxtı həmin günə müəyyən edilmişdi. El adəti ilə vağzalı sədaları altında qız ata evindən bir göyərçin təki pərvazlanıb uçurdu. Hər kəsin üzündə sevinc, könüllər fərəhli. Hər kəs danışır, gülür, əylənir. Həmin gün üçün çəkilən əziyyətlər hədər olmamışdı. Toy hər kəsin ürəyincə, öz axarında davam edirdi. O, heç kimin ağlının ucundan belə keçmirdi.

Məclis başladığı kimi də sona çatdı. Hamı xoş əhval-ruhiyə ilə evlərinə dağılışdı. Uzaqdan gələn təzə qohumlar bir avtobus kirayələmişdilər. Gülüşə-gülüşə mindilər həmin avtobusa. Yolları uzaqdı. Amma onların heç eyninə də deyildi. Avtobus yolları yara-yara şütüyürdü. Yatanlar yatmış, oyaq olanlar da sakit-sakit söhbətləşirdi. Artıq öz rayonlarına çatmışdılar. Gecə saat bir radələri olardı. Avtobus yırğalanıb dayandı. Düşmək istəyənlər vardı. İki qadın, iki də kişi. Bir-birilərinə yaxın qohum idilər, həm də qonşu. Yenə də onu heç kim yadına belə salmaq istəmirdi. Kimin nəyinə gərəkdi


Ardı →

Gəlin biz də dastanlaşaq

Gəlin biz də dastanlaşaq

Bu yaxınlarda çoxdan oxuduğum bir hadisə yadıma düşdü. Həmin hadisə çoxdan baş verib. Lap çoxdan. Amma elə bir hadisədir ki, üzərindən əsrlər keçməsinə baxmayaraq, hələ də təptəzədir. Həmin hadisəni oxuyandan sonra gözümdə sevgi, ehtiram, itaət anlayışları daha da ucaldı. Hadisəni bilmək üçün gərək on dörd əsr əvvələ səyahət edək. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yetişdirdiyi insanların dövrünə.

Həmin dövrdə biri-birindən dəyərəli insanlar yaşayıb. Demək olar ki, hər birinin həyatı dastanlaşıb. Onlar Allah Rəsulunu (sallallahu aleyhi və səlləm) sevən, Onun tərəfindən sevilən insanlardır. Sözsüz ki, sevgi olan yerdə ehtiram da olar. Bax onları dastanlaşdıran da elə bu iki dəyərdir. Bu dəyərlərə itaəti, sədaqəti, vəfanı, fədakarlığı da əlavə etmək mümkündür. Bu dəyərlərin hamısını özündə ethtiva edən insanlardan biri də, heç şübhəsiz, Həzrət Ömərdir (radiyallahu anh). O Ömər ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) xüsusi duası ilə müsəlman olmuşdu. Haqqı nahaqdan ayırd etdiyi üçün elə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən “Faruq” adı ilə şərəflənmişdi.

İllərlə sevdiyi insanın yanından ayrılmadı. O, vəfat edəndən sonra da yolunda sabitqədəm qaldı. Vaxt gəldi Allahın izni ilə ümmətin xəlifəsi oldu. Xəlifəlik də onu dəyişə bilmədi. Ədaləti dillərdə dastan idi Faruqun (radiyallahu anh). Ədalətinin yanında bir də həssaslığı vardı. Bax elə həmin hadisə də bu uca insanın başından keçib. Gələk hadisəyə:

Bir cümə günü idi. Xəlifə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) sünnəsinə uyğun olaraq ən gözəl paltarlarını geyinib məscidə sarı gedirdi. Yolu Peyğəmbərimizin əmisi Həzrət Abbasın (radiyallahu anh) evinin yanından keçirdi. Elə o əsnada kimsə damda toyuq kəsmişdi. Navalçadan süzülən qan xəlifənin paltarına damdı. Xəlifə əsəbiləşib navalçanı söküb atdı. Əmirəlmöminin paltarını dəyişib məscidə qayıtdı. Xütbədən sonra həmişə ki kimi xoşuna gəlməyən şeylər haqqında camaata xəbərdarlıq edirdi. Sözə belə başladı: “Camaat, yanlış işlər görürsünüz. Gələndə filan divarın yanından keçirdim. Navalçadan üstümə qan damcıladı. Mən də navalçanı söküb atdım". Xəlifənin sözlərini eşidən Həzrət Abbasın (radiyallahu anh) sanki başından qaynar su töküldü. Təşvişlə ayağa qalxıb: “Ey möminlərin əmiri, sən neyləmisən? O navalçanı ora Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qoymuşdu” – dedi. Bu səfər də Həzrət Ömər (radiyallahu anh) sarsılır. Elə olduğu yerə çöküb qalır. Sonra özünü toparlayıb HəzrətAbbasın (radiyallahu anh) qolundan tutub həmin yerə gətirir.“Ey Allah Rəsulunun əmisi, vallah mən başımı divarın dibinə qoyacam. Sən də başımın üzərinə çıxıb o navalçanı yerinə yerləşdirəcən” – deyir. Həzrət Abbas çaşbaş qalmışdı. Nə edəcəyini bilmirdi. Bir yanda Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yerinə qoyduğu navalça, digər yanda da ümmətin xəlifəsinin başına basmaq. Amma Həzrət Abbas da sevgidə, ehtiramda ondan geri qalmırdı. İnsanların gözü qarşısında çıxdı xəlifənin başına və navalçanı əvəlki kimi yerinə qoydu”.

Hadisə bu qədər qısadır. Amma gördüyümüz kimi dərin mənalar ehtiva edir. Burada çox şeyə toxunmaq olar. Yuxarıda sadaladıqlarımız dəyərlərin hamısını bu qısa hadisədə görəbilirik. Bura bir də qürur məsələsini əlavə etmək olar. Xəlifə belə olsa, başını insanların qarşısında yerə qoyur. Etdiyi səhvi başı ilə düzəldir. Bir insan da edilən səhvi xəlifənin başına çıxmaqla düzəldir. Budur, o insanları dastanlaşdıran dəyərlər.

Dastanlaşmaq üçün dəyərlərimizə sahib çıxaq. Qürurumuzu bir kənara qoyub insanları sevək. Sevdiklərimizə ehtiram göstərək. Bəlkə, onda biz də dastanlaşa bildik.

P.S: Bu hadisə Əhməd ibn Hənbəlin “Əl Müsnəd” və İbnül Cevzinin “Sifətül-safvə” əsərlərində keçir. Maraqlananlar baxa bilər.

Sadiq Umarov


Davamı →