Şarl Pyer Bodler

1857-ci ildə Parisdə şəhərin ən səs-küylü məhkəmə proseslərindən biri baş tutur. Bu məhkəmədə klassik fransız və dünya ədəbiyyatının ən istedadlı şairlərindən və tənqidçilərindən, simvolizmin banilərindən biri – ilk “lənətli şair” hesab edilən Şarl Pyer Bodler (Charles Pierre Baudelaire) “Şər çiçəkləri” (Les Fleurs du mal) adlı kitabındakı şeirlərə görə mühakimə olunurdu. Hakimin kitabdakı şeirləri vulqar və realist (pornoqrafik) adlandırmasına baxmayaraq, Bodler özünü müdafiəetmə zərurəti görmür. Bu şeirlərin belə sərt qarşılanmasının səbəbi isə iddia edildiyi kimi dinə qarşı hörmətsizlik deyil, məhz ictimai dəyərləri təhqir etməsi idi.

Şarl Bodler dünyaya gələndə atası Fransua Bodlerin 62, anasının isə 27 yaşı vardı. F.Bodler rəssamlıqla məşğul olduğu üçün oğlunu muzey və qaleriyalara aparır, rəssam dostları ilə tanış edərək onda da incəsənətə, rəssamlığa qarşı həvəs yaradır. Altı yaşında atasını itirən Şarlın bütün həyatına və yaradıcılığına təsir edən hadisə isə anasının ona “xəyanəti” – ərinin vəfatından bir il sonra general Osiplə ailə qurması olur. Bu evlilik onun bütün həyatında və yaradıcılığında öz mənfi təsirini göstərir.
Davamı →