Fridrix Şillerin sevgilisi Lottoya məktubu

  • Sevgi

3 avqust, 1787

Bu doğrudurmu, əziz Lotta? Ümid edə bilərəmmi ki, Karolina mənim özümə etiraf etməyə cürət etmədiyimi Sizin qəlbinizə oxumuş və Sizin ürəyinizin dərinliyindən mənə xəbər çatdırmışdır?

Ah, sizinlə tanış olduğumuz dəqiqədən həmişə gizli saxlamalı olduğum sirr mənə necə də ağır görünürdü. Hələ bir yerdə yaşadığımız vaxt tez – tez bütün cəsarətimi toplayır və bunun sizə açmaq üçün yanınıza gəlir, lakin həmişə cəsarətim məni tərk edirdi. Bu arzumda bir xudpəsəndlik görürdüm, qorxurdum ki, ancaq öz xoşbəxtliyimi nəzərə alıram və bu fikir məni daha da qorxudurdu.

Əgər mən sizin üçün mənim üçün olduğunuz ola bilsəydim, mənim iztirablarım Sizi məyus edərdi və mən etirafımla dostluğumuzun bu ecazkar ahəngini poza, malik olduğumdan da – Sizin təmiz bacılıq hüsnrəğbətinizdən məhrum olardım. Amma yenə də elə dəqiqələr olurdu ki, ümidlərim oyanır, bir – birimizə verə biləcəyimiz xoşbəxtlik mənə istisnasız olaraq bütün mühakimələrdən son dərəcə yüksək görünür, mən hətta yerdə qalan nə varsa, hamısını ona qurban verməyi alicənab bir iş hesab edirdim.


Ardı →