Bir şeirin tarixçəsi

Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin müsahibəsindən:
«Mənə dedilər ki, Nüsrət səndən əvvəl Sevda adında bir qızı istəyib. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap, ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün.

Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu, nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da, özü hər şeyi etiraf etmişdi...»
Davamı →

Tamaşa

Kimlərəsə mücadələ, kimlərinsə əyləncəsi.
Gündüzlərin zülmətləri, aydınlıqların gecəsi.
Aydınlanır həyat burda, gedir insan sona sarı.
İnsanlıqçün hüzür düşüb — arzuların intiharı.
Kimi ölüm ayağlnda, canın verir qüruruna.
Kimin pulun ayağında, dönüb kiminsə quluna.
Cəhd edən də çözənmədi həyatın bu tənliyini:
Gündüz çörək almaq üçün — gecə satır mənliyini.
Deyirlər ki, tamaşadır bir müddətlik olan yaşam.
Səhnədəsən əlində pul — budur sual: öləm — qalam?
Eyni şeydir — öldün ya yox. Əsas olsun pul dünyada.
Bir taxtada vəzir olan — digərdə olur piyada.
Dəyişməyən ssenarıdi — həyat axır, bu cür gedir.
Nə fərqi var olum-ölüm? Tamaşa ki davam edir.


Cavidan Hacıyev
Davamı →

Adsız insanlar .

...
Balaca bir qəbir var məzarlıqda:
Nə bir yazısı var, nə də bir şəkil.
Qəbir indi olar otuz yaşında,
Torpaqaltdakında olmaz bircə il.
Hamilə görürtək soraq məzardan
Görən qarnındakı oğlandı ya qız?
Heç kəsə sormadan köçüb dünyadan
Hansı bir ananı qoyubdur yalnız?
Görən bilirdimi o, öz adını? 
Nə qədər sevirdi ananı görən?
Hiss etdi həyatda tək süd dadını
Dünyanın dərdini dadmadan köçən.
...
Bir cəsəd tapılıb sübh erkən çağı
Hansısa bir evsiz ölübdür dünən.
Üfunət qoxusu alıb hər yanı:
Yoxsulluq qarışıb meyit iyiylə.
Bir məzar qazdılar nə təhər gəldi.
Tez-bazar qoydular adsız baş daşı.
Onun ölməyi də heç fərq etmədi:
Nə namaz, nə hüzür, nə ehsan aşı.
...
İki adsız məzar var məzarlıqda.
İki daş yığını «bəlkə»ylə dolu.
Sualsız cavablar torpaq altında.
Cavabla dolaraq, yer qozbel olur.
Bəlkə istəmirlə həyatı bütün?
Bəlkə xoşbəxtlərmiş həyatda onlar?
Bəlkə ad günüdü onların bugün? 
— Ad günün mübarək adsız insanlar.

Cavidan Hacıyev

Davamı →

Ağac ək...

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.
Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.
Davamı →

Nənə

«Qadan alım, bəri gəl» deyir nənə hər kəsə
Kim onun otağının önündən yolu düşsə.
Hər dəfə hər ötənə otağının önündən
Mütləq nə isə deyir «gətir» ya «apar» nənə.
Əvvəllər tez yetirdi nənə sözü yerinə.
Vaxt getdikcə gedirdi sözlər eşitməzliyə.
Sözlərdə ki eynidi «su gətir», «dərman gətir»
«Televizoru gəl yandır, indi serialım gedir».
Nənə sözü daşırdıb hər bir kəsin səbrini:
Nə çətin işmiş vurmaq pultun düymələrini.
Özü edər istərsə, amma çağırır yenə.
Deyəsən qəsdən edir, olub ərköyün nənə.
Getdikcə az edilir nənənin xahişləri.
Hamı nənəyə qarşı günü gündən sərtləşir.
Bir gün də çağıranda nəvəsini yanına
Gəlib çevirsin pultla serial kanalına.
Dözmədi artıq evdə ortayaşlı birisi
(Ona «oğul» deməyə, neynim, dilim gəlmədi).
Hirsləndir ki: «Ay arvad, bəsdir, yığdln boğaza.
Söz deyirsən keçənə otağın qabağından.
Bu qədər daha olmaz. Bezdirmisən hamını.
Görməməkçün sən bizi bağlayımmı qapını?»
Nənə dedi: «Ay oğul, dönüm sənin başına.
Hirslənmə, qurban olum. Əsəb ziyan canına.
Yormaram daha sizi, demərəm daha heç nə.
Həm də ki qoca yaşda kino yaraşar mənə?»
Bağladılar nənəni, bağladılar qapını.
Bir az keçməmiş nənə batırdı üst-başını.
Çağa uşaqlar təki etdi nənə yerinə.
Çünki qorxurdu artıq kiməsə söz deməyə.
Gedənmədi vaxtında ayaqyoluna qarı. 
Çünki artıq qocalıb, tutmur yolu ayağı.
Orta yaşlı birisi otağa girdi yenə
Qarıya qışqıraraq, başladı deyinməyə.
Dözmədi qoca nənə, kövrək dedi sakitdən:
«Böyümütmüşəm, səni də, oğul, əziyyətimlə»
Eşidib coşdu daha ortayaşlı birisi:
«Nə analıq salmısan? Sən Allah daha bəsdi.
Bu iş, bu maşın, bu ev — hamısı əməyimdi.
Özüm durdum ayağa, guya neyləmisən ki?...»
Nəsə deyirdi yenə ortayaşlı həmin kəs.
Ancaq bitdi qarıda artıq yaşama həvəs.
Müharibə, aclıqlar yıxmasa da nənəni.
Onu təmiz çökdürdü «neyləmisən» kəlməsi...


...Niyə pis oldun nənə? Görmür oğlun qayğını?
Görmür sənin dərdini, əzabını, haqqını?
Ucadır haqqın, nənə. Ucadır Tanrı kimi
Heç Tanrı da insanın gözünə görünər mi?
Düz deyir oğlun ancaq, çox olmusan mane sən.
Hədər yerə dünyada indi həya gəzirsən.
Mane olma, ay nənə, görmürsən mi məşğuluq?
Öz məşhər odumuza oduncaqlar yığırıq.


Cavidan Hacıyev

Davamı →

Хоşdu ki, mən sizə vurulmаmışаm...

Хоşdu ki, siz mənə vurulmаdınız,
Хоşdu ki, mən sizə vurulmаmışаm.
Nəhəng yеr kürəsi аyаqlаrımız
Аltındаn qаçmаdı, mən bunа şаdаm.
Хоşdu ki, məzəli, sərbəst оlmаq vаr,
Sözlərl əylənib оyun qurmаmаq.
Yüngülcə tохunsа pаltаrdаn qоllаr,
Mеhindən bоğulub, hеç qızаrmаmаq.
 
Хоşdu ki, yаnımdа bir özgəsini
Rаhаtcа охşаyıb, qucursuz hər gün.
Davamı →

Ioandan

Yıxılanlar dursa da,
Duranlar yıxılsa da.
Yara təzə olsa da,
Duz var idi əvvəldən.
Dərviş oldular təklər.
Yollar daşlar, kəsəklər.
Olmasa da köməklər
«Döz» var idi əvvəldən.
Özgədə çöp gəzərlər.
«Ayıbdır, nə deyərlər?»
Şişə batdı ciyərlər.
Köz var idi əvvəldən.
Kimi qınından öldü.
Kimi tacından öldü,
Kimi acından öldü.
Toz var idi əvvəldən.
Eşidib varmasaq da,
Səmimi anmasaq da,
Bizlər gec anlasaq da,
Söz var idi əvvəldən.
Söz var idi əzəldən.


Hacıyev Cavidan

Davamı →