İnsan kimi saxla məni - Bəxtiyar Vahabzadə

Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.

Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.

Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Davamı →

Qudurğan olsa, neynərsən?

Acından millətin bir gün yarımcan olsa, neynərsən?
O can üstə sənin ömrün firavan olsa, neynərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?

Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?
Davamı →

Bloq - Baba Pünhan "aynası"

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü-bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaratmış, Azərbaycan ədəbiyyatında satirik şeirin sütunlarından biri sayılan M.Ə.Sabir cəmiyyətin geriliyindən, insanların savadsızlığından istifadə edib zəhmətkeş xalqın qanını soran ağalara, bəylərə, yaltaq ruhani ordusuna, ağlı kəsən, lakin bunları dilə gətirməyən, əzilmiş xalqın hüququnu müdafiə etməyib, əksinə, onların avamlığından istifadə edən yaltaq ziyalılara öz şeirlərində belə deyirdi.
Davamı →

Mən kiməm?

Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm.
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.

Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?

Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
Davamı →

Şeirlər haqqında | Hermann Hesse

  • Esse
Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi — "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədib dedi: «Xeyr, uşaqlar, bu pis və zəif şeirdi». Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi. Lakin bütün bunlara baxmayaraq bizi heyran etmişdi.

On ildən sonra, artıq iyirmi bir yaşım olanda mən elə ilk oxunuşdanca düşünmədən bu şeirin yaxşı və ya pis olduğunu duya bildim. Bundan ötrü bir neçə sətrə göz gəzdirmək yetərli idi.
Davamı →

Dünyanın - Bəxtiyar Vahabzadə

Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
                           Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
O dünyaya getməmişdən çürüdər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.



P.S  Bu şeir  — Bəxtiyar Vahabzadə «Lirika»  — kitabından nöqtəsi, vergülünə qədər eyni köçürülüb. Bu yaxınlarda internetdə şairin bu şeirini (əvvəlki 3 bəndi eyni qalmaqla) dəyişdirilmiş və əlavə olunmuş 3 bəndi ilə gördüm. (birlikdə 6 bənd olur, halbuki, kitabda 4 bənddir)
Bu kitab şairin sağlığında çap olunmuş «Azərbaycan Dövlət Nəşriyyatı (Azərnəşr) Bakı — 1990»nın nəşridir. Elə bilirəm ki, doğru olan bu olar.
Mümkün olduqca, nəinki Bəxtiyar Vahabzadənin, eləcə də başqa ədəbiyyat xadimlərimizin əsərlərini olduğu kimi, orijinal şəkildə oxucusuna çatdırmağın lehinəyəm. Əlavə olunmuş və dəyişdirilmiş son 3 bəndi şair özümü yazıb, ya başqası… bilmirəm. Bilən varsa, məlumatlandırsın, xahiş edirəm.

Əlavə bəndlər bunlardı:

Biz özümüz özümüzdən öc aldıq,
Keçən günə gələn günü bac aldıq.
Ömrümüzün yarısında qocaldıq
Şilləsindən, kötəyindən dünyanın.

Könül üzgün, xəyal küskün, dərbədər,
Özün söylə zülm olarmı bu qədər?
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsam ətəyindən dünyanın.

Könül düşdü min arzumun izinə
Biləmmədik əyrisi nə, düzü nə?
İndi kəfən toxuyuruq özünə
Öz gülündən, çiçəyindən dünyanın.













Davamı →

Bilə bildiyin qədər

Çal dünyadan xoş günü,
Çala bildiyin qədər.
Verəcəksən, unutma,
Ala bildiyin qədər.

Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.

İdrak yolu qorxulu,
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.

Nəyə gərək gileylər?
Bu çabalar, bu səylər?
Bildiklərin bəs eylər,
Elə bildiyin qədər.

Bu dünyanın min donu,
Min rəngi, min oyunu...
Dərk edərsən sən onu,
Bilə bildiyin qədər.

Sevinc dağına çıxsan,
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan,
Gülə bildiyin qədər.
Davamı →

Məni/Niman Məmmədli

Düşdüm uğursuzluq zolağına mən,
Əzdi əsəb məni,boğdu yaş məni.
Bu ağır günümdə,acı günümdə
Nə bacı axtardı,nə qardaş məni.

Məndən uzaq gəzdi qohumum,yadım
Daha öz yadımdan çıxıb öz adım.
Başıma düşməyə addımbaaddım
izləyir bir yekə qara daş məni.

Soruşma halını gəl Nimanın da,
Daha o şuxluğu yoxdu canında.
Üzüm qara oldu...Özgə yanında
Yaman günə qoydu bir oğraş məni
Davamı →

Vaxtında yet köməyə/Şiringül Musayeva

Günəş, qəlbimizə  nur  payla,
 gəl  vaxtında.
Ağ  buludlar, yağış göndər
 Insanlara vaxtında.
Vaxtında  coşdur qanımızı,
gözəl bahar.
Vaxtında  kədər  gətir,
 kədərli qış.
Vaxtında kömək edin
dara  düşənlərə  ,insanlar.
Vaxtında çatın harayına
 əli hər yerdən üzülənin.
Vaxtında sev məni,əzizim,
Yoxsa  qəlbim  sevməz səni
heç zaman.
Nifrətə layiqdir bilin hər zaman
Gecikmiş haraylar,
 gecikmiş səslər.
Sonradan saf-  çürük  edib
hər  şeyi,
xeyirini güdüb,
şərini güdüb,
Köməyə gəlməyin heç vaxt,
Insanlar.
Nifrətə layiqdir onda  işiniz ,
onda gülüşünüz ,
təbəssümünüz...
Onda insanlıqdan uzaqsınız siz.
Saxtasız, sünisiz ,
alçaqsınız siz.
Davamı →