Seksual münasibətlərlə bağlı xüsusi əxlaqi məqam varmı?

Seksual münasibətlər əksəriyyətin maraqla yanaşdığı mövzudur. Seksual macəralar romanlara mövzu olur, bir kəsin cinsi həyatı bioqrafiya yazarlarının hədəfidir, seksual işarələr tez-tez söhbətlərimizi bəzəyir, onlarla bağlı xeyli zarafatlar mövcuddur, seksual meyillər çoxumuzun olmasa da, bəzilərimizin həyatında əsaslı rol oynayır. Üstəlik, əksər insanların yanaşmasına görə əxlaq böyük ölçüdə seksual münasibətlərlə əlaqəlidir: Yəni, necə, nə zaman və kiminlə seksual münasibətə girmək məsələsi əksərən bu məqamla səsləşir.

Ancaq, seksuallıq, bu halıyla fəlsəfəçini maraqlandırmır və cinsi əxlaq nadirən hanısa əxlaq fəlsəfəsiylə bağlı kitablarda xüsusi mövzu kimi işlənilir. Bunu necə izah edə bilərik? Öncəliklə onu söyləyək ki, “cinsi əxlaq” adlandırdığımız xəyali bir anlayışın olmadığını söyləmək üçün əsaslı səbəblərimiz var. Bir çox əxlaqi məsələlər seskuallıqla bağlı olsa da, bu vəziyyət cinsi münasibətlərin əhəmiyyətiylə bağlı hansısa əlavə fəlsəfi problem ortaya çıxarmır, çünki əxlaqi mühakimələri hər hansı bir mövzuya tətbiq etdiyimiz kimi seksuallıqla bağlı mövzulara da tətbiq edə bilərik. Örnəyi, zinanın yanlış olduğunu söyləyən hökmü ələ alaq.
Davamı →

Sərt əxlaqi normalar fahişəliyi çoxaldır

Haçanacan namuslu olmaq yalnız qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, o çağacan da toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin əkiz tayı sayıla biləcək bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir.

Elə bilirəm, Lekkinin (William Edward Hartpole Lecky) bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız məsum olardılar”.

Belə sözləri ancaq viktoriançı (İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki sərt əxlaqi normalar dövrü) bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq da çox çətindir. 
Davamı →

TƏHQİR VƏ TƏNQİDİN FƏRQİ

Təhqir nədir? Tənqid nədir? Təhqirlə tənqidin sərhədi harda ayrılır? Bir anlayış və ya ifadə vasitəsi, hansı meyara görə təhqir hesab olunmalıdır?
Təhqirlə tənqidin xüsusilə də bir önəmli ortaq cəhəti səbəbindən, bəzi insanlar onları qarışdırır; hər ikisi, ilk baxışda və instinktiv olaraq, yönəldilən subyektdə narahat və naxoş bir asossasiya doğurur. Başqa cür desək, təhqir də tənqid də, yönəldildiyi insanda bir zəiflik təəssüratı doğurur.
Lakin bu, aydındır ki hər ikisinin yönəldilən subyektdə narahatlıq hissi doğurması, heç də bu iki anlayışın, eyni səciyyəli olması və dolayısıyla da ikisinin də qeyri-məqbul olması anlamına gəlmir. Çünki bir şeyin, qarşı tərəfə narahatlıq verməsi, onun qeyri-adekvat olmasının meyarı ola bilməz. Məsələn bir insan, deyək ki oğrudur. Ona “oğru” deyilməsi təbii ki xoşuna getməz; amma bu, o demək deyil ki ona “oğru” demək, yanlış və ya qeyri-məqbul bir davranışdır. Və ya öz bədənini pula satan əxlaqsız bir qadına “fahişə” deyilməsi ona xoş gəlməyəcək amma bu, o anlama gəlmir ki deyilən söz səhvdir. Lakin oğru olmayan birisinə “oğru” deyilməsi ya da əxlaqlı bir qadına “fahişə” deyilməsi isə təbii ki yanlışdır.
Elə isə tənqidlə təhqirin fərqini ortaya qoyacaq tutarlı və keçərli bir meyar bu ola bilər; əgər reallığı əks etdirirsə bu, təhqir deyil sadəcə təsvir və ya tənqiddir. Əgər reallığı əks etdirmirsə və böhtandırsa bax bu, artıq təhqirdir. Beləliklə tənqidlə təhqirin real fərqi; birinin gerçəyi əks elətdirməsi, digərinin isə əks elətdirməməsidir.
Sual oluna bilər ki: “Bəs bir şeyin reallığı əks elətdirməsi və ya bir sözün düz olması onu deməyi, hər zaman məqbul qılırmı?”
Əlbəttə yox. Lakin bu, artıq başqa bir məsələdir. Həqiqət ayrı şeydir, onun nə zaman deyilib-deyilməməsi məsələsi isə tamam ayrı bir şeydir. Həqiqətin, namünasib bir yerdə deyilməsi həmin şeyi, həqiqət olmaqdan çıxarmaz.
Digər sual bu ola bilər; “Dilimizdə, daha elmi və ya daha rəsmi ifadə formaları varkən, niyə tutaq ki “fahişə” əvəzinə “əxlaqsız” və ya “düşük” əvəzinə “qeyri-ciddi” sözü işlədilməsin ki?”
Bir şeyin, qeyri-elmi olması və ya xəlqi üslubda olması, həmin şeyin istifadəsini qeyri-məqbul qılmır. Hər şey, elmi və rəsmi olmaq zorunda deyildir. Bu, ən əvvəl dilin imkanlarını qısıtlamaq deməkdir. Xüsusən də elm səviyyəsi aşağı olan bir cəmiyyətdə, elmi və rəsmi söz və ifadə vasitələri təbii olaraq az və məhdud olacağı üçün, labüd olaraq alternativlərə-xəlqi ifadə vasitələrinə tam ehtiyac olduğu açıqdır. Məsələn “zəka” ən önəmli anlayışlar kateqoriyasına daxil olduğu halda və bunu ifadə etmək üçün dilimizdə ən azı 6-7 söz bulunması gərəkən yerdə, demək olar ki 2-3 sinonimdən başqa bir kəlmə tapılmır; uzaqbaşı, “dərrakəsiz”, “zəkasız”, “ağılsız” demək olar. Elə isə buna, məsələn rus dilindəki ekvivalenti olan və cəmiyyətimizə tanış söz olan “tupoy” kəliməsini və ya ilk baxışda ürküdücü olsa belə, “qanmaz” və ya “gerizəkalı” sözlərini əlavə etmək niyə yanlış olsun ki?...Əgər cəmiyyətin əksəriyyəti, “tupoy” insanların çox az olduğunu düşünürsə və dolayısıyla da bu sözü təhqir edirsə bu, o demək deyildir ki həmin kəlimənin istifadəsi yanlışdır. Eynilə məsələn anadolucadakı “aptal” sözü, anadoluda əksəriyyət tərəfindən təhqir hesab edilir və Türkiyə cəmiyyəti, “aptal” insanların çox az olduğunu düşünür. Lakin əvvəla “aptal” deyərkən illah da “0 faiz zəkalı” və ya “100 faiz axmaq” birisi nəzərdə tutulmaya bilər. Ən müxtəlif dərrakə səviyyələri olsa da nəticədə bunları ümumiləşdirmək; “ağıllı” və “axmaq” şəklində kateqoriyalaşdırmaq, heç də yanlış deyildir.
Dolayısıyla da bir söz və ya ifadənin təhqir olmasının tək meyarı; həmin sözün cəmiyyətdə təhqir hesab olunması ola bilməz(bu, yalnız meyarlardan biri ola bilər). Düzdür məsələn elə söz var ki o tutaq ki türk dilli xalqlardan birində təhqir hesab olunduğu halda, başqa bir türk dilli ölkədə təhqir deyildir. Lakin ola bilər ki o təhqir hesab olunan şey, yuxarıda qeyd olunduğu misalda olduğu kimi, əslində sırf cəmiyyətin özünün səhv qavrayışı ucbatından təhqir hesab olunsun. Yəni camaatın nəzərində bir şeyin təhqir hesab olunması, həmin şeyin həqiqətən də təhqir hesab olunması üçün yalnız meyarlardan biri ola bilər, yeganəsi deyil.
Digər tərəfdən deyilə bilər ki; “Bir insan, başqasına sırf təhqir niyyətilə məsələn “axmaq” deyirsə, bəs onda necə?”
Bu da artıq tamam başqa məsələdir; niyyət, tamamilə qeyri-ictimai bir ünsürdür, sırf fərdidir; vicdanidir və bunun muxatabı, sırf Tanrıdır və bu, yalnız əxlaq mövzusunu ilgiləndirir. Dolayısıyla da sözün, hansı niyyətlə deyilməsini kontrol edəməyəcəyimizə görə, yalnız və yalnız o sözün özünə və subyekti əks elətdirmə durumuna baxmaq lazımdır.
Beləliklə yekun olaraq bütün bunlardan bu nəticə hasil olur ki:
1)Sözü və ifadə vasitəsini müəyyənləşdirən əsas amil, cəmiyyətin özü olsa da bu, bütün mənaların və ifadə vasitələrinin, cəmiyyətin baxışı ilə təyin olunacağı anlamını daşımır. Ola bilər ki cəmiyyət, hansısa bir məsələni səhv anladığı üçün həmin məsələni ifadəsi də səhv olsun.
2)Tənqidin niyyətinə baxıla bilməz; hansı məqsədlə deyilməsi, özlüyündə ictimai bir sorğulama predmeti ola bilməz
3)Tənqidin, eynilə təhqir kimi, yönəldiyi subyektdə narahatlıq doğurması, onun qeyri-adekvat olması nəticəsini yarada bilməz.
4)Tənqid vasitəsi olan bir sözün, qeyri-elmi və ya xəlqi üslubda olması, onun qeyri-məqbul olması sonucunu doğurmaz.
5)Hansısa ifadə vasitəsinin formasının qatı və kəskin olması da özlüyündə onun yanlış və ya təhqir hesab olunması üçün meyar ola bilməz. Zira ola bilər ki daha az qatı olan bir şey, təhqir olsun amma daha çox qatı söz isə tənqid olsun; tutaq ki yalan danışmayan birinə “yalançı” demək təhqirdir, lakin saxtakar və ləyaqətsiz birisinə, “əxlaqsız” və ya “şərəfsiz” demək təhqir deyil; baxmayaraq ki “yalançı” sözü, “şərəfsiz” sözündən daha az qatıdır.
6)Bir sözlə, tənqidlə təhqirin sərhədi yalnız həqiqəti əks elətdirib-elətdirməməsi ola bilər.
 
                                            Təhqir psixologiyası
Əlbəttə ifadə vasitəsində niyyət məsələsininin sorğulanamaz bir durum olması, təhqir faktının özünün sorğulanamaz olduğunu və ya yayğın olmadığını göstərmir.
Bəs təhqir niyə yaranır?....Çox önəmli və ciddi bir məsələ olan «təhqir psixologiyası»nın kökündə nə durur?..Niyə bir çox insanlar üçün təhqir etmək, adi haldır və təbiidir?..
Öncə bunu qeyd etmək lazımdır ki ümumiyyətlə insan, dünyaya, fitri-intinsktiv olaraq bir çox boşluqlar və məhdudiyyətlərlə gəlir. Başqa sözlə desək, insan, əvvəla zəif bir varlıqdır, güclənməsi üçün isə bir sıra faktorlar gərəkir. Bunun üçün ilk təməl şərt, mühit faktorudur. Əgər ümumi ictimai mühitin səviyyəsi aşağıdırsa və cəmiyyətin genəl zəka düzəyi məhduddursa o halda, bu cəmiyyətə daxil olmaqda olan fərdlərin də potensialının güclü olma ehtimalı zəifdir.
Digər tərəfdən genetik zəka potensialı da əgər məhduddursa onda bu iki dezavantaj, qaçılmaz olaraq zəkasız insan yaradır.
Yəni; genetik zəiflik+yetərsiz mühit=zəkasız(ağılsız) insan.
Bunu nəzərə alaraq demək mümkündür ki özəlliklə bizim toplumda, bu iki faktorun qabarıq mənfi saldosu, yetərincə yüksək fazada olduğu üçün, təbii olaraq insanlarımızın da əksəriyyəti zəkasız olacaqdır.
Və zəkasız bir insan, zəif və məhdud bir insan deməkdir. Bir kərə onu, yarımheyvan hesab etmək olar. O, heyvanlarla önəmli ortaq özəlliklərə sahibdir və fitri-instinktiv buxovların əsarətində, hər addımda və hər düşüncədə yanılmağa meyillidir. Onun üçün mühüm amillər, heyvansı və düşük meyillərdir: şəhvət, özünügöstərmə(şöhrət), pul, qəzəb, qorxu və s.
Bunlar, onun tanrısıdır. Onu, öz şəhvətinin ya da şöhrətinin əsarətindən çıxarmaq mümkün deyil. Belə bir insanda, «mən və başqaları» olgusu çox güclüdür; o, özündən başqa hər kəsi və hər şeyi, «yad” və “kənar faktor» hesab edir. Bu halda təbii ki hansısa özünə qarşı yönəldiyini instinktiv olaraq hiss etdiyi bir məqam anında, ondakı «saldırmaq» və «düşmən» düymələri hərəkətə keçir. Beləliklə də o, «düşmən» hesab etdiyi «nöqtə»yə «zərbələr» endirməyə başlayır. Bu «zərbələr» də instinktiv zərbələrdir; təhqir, söyüş, fiziki güc və s.
Başqa sözlə desək, cəmiyyətin zəka səviyyəsi azaldıqca təhqir etmə faizi də artır.
Zəkadan başqa, digər amil olan əxlaq amilini də ihmal etmək olmaz. Əxlaq, zəkanın göstərdiyi yolu izləməkdir. Təbii ki əxlaq amili, iradə və dözüm potensialına birbaşa təsir göstərən faktordur və insanın, instinktiv meyillərinə münasibətdə çox mühüm bir rol oynayır. Zəkalı amma əxlaqsız bir insanın, yetərincə inkişaf etməsi mümkün deyil. Çünki bunlar, bir-biri ilə sıx bağlıdır; əxlaq zəkanı artırır, zəka da əxlaqı(Düzdür mahiyyətcə zəka əxlaqı tam təyin edə bilsə də əxlaq zəkanı o qədər də təyin edə bilməz).
Beləliklə zəkasız və əxlaqsız bir insan, tamamilə heyvansı bir insandır. Əxlaq və ya zəkadan birisi çatışmasa o halda belə bir insan, yenə də zəif bir insandır və təhqirə açıqdır.
Başqa sözlə desək bir insan nə qədər abid, xoş niyyətli, ləyaqətli olsa da, əgər dərrakəsi zəifdirsə əvvəla onun yanılma bucağı, açıq olduğu üçün və hadisə və olayları çözə bilmədiyi üçün, hər bir məsələdə yanıla biləcəyi kimi insanlara qiymət vermədə də yanılacaqdır və dolayısıyla da təhqir də edəcəkdir. Digər tərəfdən də zatən əxlaq olsa da zəka yoxdursa; dözüm və səbrin zəif olmasının özü elə, bilərək təhqiri meydan gətirəcək səbəbdir.
Bir sözlə; təhqirdən uzaq, yəni yetkin və güclü insanlar yalnız həm zəkalı həm də əxlaqlı insanlardır; onların da nisbəti, bizim cəmiyyətdə 1-2 faizdən artıq deyildir.
Müəllif: Yunis Dürüst
Davamı →

"TƏCRÜBƏXORLUĞ”UN SƏBƏBİ

Xüsusən də bizim cəmiyyətdə, bizim insanlarda bir «təcrübə hərisliyi», bir «təcrübəxorluq» var. Əlaqəsi oldu-olmadı, hər kəs, hər məqamda «təcrübə»dən danışır. Bir «təcrübə rüzgarı”, alıb başını gedir.

Məsələn bir adam, deyək ki evliliyinin 3-cü ilindən sonra, öz həyat yoldaşı ilə aralarında soyuqluq yaranmasını, bir „təcrübə“ kimi qəbul edərək, „evlilik cəmi 3 il çəkir“ kimi bir „qanunauyğunluq“ kəşf edir.

Ya da hansısa yaşlı bir insan, öz gəncliyini, boş-boş şeylərə sərf edib deyə, „adam öz gəncliyinin qədrini qocalanda bilir“ deyə bir „aksiom“ qayırır.

Və ya kimsə, „filankəslə mən çox çörək kəsmişəm ona görə də onu yaxşı tanıyıram“ deyə bir „qayda“ düzəldir.

Əsil həqiqət isə budur ki, insanların özlərindən „təcrübə“ deyə bir şey qayırmasının ya da təcrübəni şişirdib hər şeyin fövqündə görməsinin səbəbi, elə AĞILSIZLIQdan başqa bir şey deyil!

İnsanda əgər ağıl, yetərincə yoxdursa, onun nəzərində önəmli olan şey, ağıl ola bilməyəcəyinə görə, təbii olaraq başqa bir şey olacaqdır (mütləq mənada havasızlıq mümkün olmadığı kimi, insanın önəm verəcəyi bir şey, mütləq olacaqdır).

Və ağılsızlıq da 2 səbəbdən qaynaqlanır; 1)Sırf zəkasızlıqdan qaynaqlanan ağılsızlıq. 2)Məsuliyyətsizlikdən (əxlaq zəifliyindən) qaynaqlanan ağılsızlıq.

Yəni bir insanın tutaq ki öz evliliyinin 3-cü ilində partnyoru ilə arasındakı münasibətin qırılmasını, bir „təcrübə“, bir „qanunauyğunluq“ və dolayısıyla da normal bir şey kimi qəbul etməsinin, əxlaqsızlıqla əlaqəsi bu şəkildə ola bilər; o, bir həyat yoldaşı kimi, məsuliyyətsiz davrandığı üçün və öz üzərinə düşənləri yerinə yetirmədiyi üçün, partnyoru ilə münasibəti qırılmışdır. Lakin o, məsuliyyətdən qaçaraq, problemin özündən qaynaqlanan səbəbini və özünün günahkar olmasını qulaq ardında vurub, günahkarı, başqa yerdə axtarıb aradan sivişmək istəyir; „onsuz da 3-cü ildən sonra belə olur“ deyərək, bir mənada „mənlik bir şey yoxdur, həyatın qaydası belədir“ söyləmək istəyir.

Bax bu, məsuliyyətsizlikdən (əxlaq zəifliyindən) qaynaqlanan ağılsızlıqdır.

Sırf zəkasızlıqdan qaynaqlanan ağılsızlıq isə belə ola bilər; zəka zəif olduqda təbii olaraq özünü normal idarə etmək mümkün olmadığı kimi, normal bir evliliyi idarə etmək də zatən mümkün deyildir. Xüsusən də qarşındakı insan da əgər zəkidirsə onun gözləntiləri də yüksək olacaqdır və üstəlik də arada, onu sənə bağlayacaq başqa bir amil də olmadıqda, artıq bu evliliyin idarə edilməsi, tam bir strategiya, həssaslıq və zəka gərəkdirəcəkdir.

Bu durumda da evliliyini, xoş niyyətinə baxmayaraq idarə etməyə potensialın çatmaması və bundan yola çıxaraq da, „evlilik ancaq 3 il çəkir“ kimi bir varsayıma meyillənilməsi, məhz zəkasızlığa dayalı bir „təcrübəxorluq“dur.

Halbuki əslində çox açıq-aydındır ki evlilik, əgər normal və sağlam əsaslara söykənirsə o, labüd olaraq elə əbədi də davam edə biləcəkdir. Əgər davam etmirsə demək ki tərəflərdən ən azından biri, sağlam dünyagörüş və xarakterə sahib deyildir.

Həmçinin elə yuxarıdaki 2-ci örnək barədə də eyni şeyləri söyəmək olar; „adam öz gəncliyinin qədrini qocalanda bilir“ kimi bir qondarma aksiom da elə 2 növ ağılsızlıqdan qaynaqla bilər; əqli ağılsızlıq və ya əxlaqi ağılsızlıq.

Yəni bir var ki adam, zəkalı, dolayısıyla da kapasitəli olduğu halda, öz gəncliyini və potensialını, mənasız şeylərə sərf edib sonra bilə-bilə günahı öz boynundan atmaq və özünü təmizə çıxarıb suçluluq psixologiyasından yaxa qurtarmaq üçün, bilərəkdən, şüuraltında özünə bunu inandırmağa çalışır ki, „əslində hər kəs gəncliyini boşa verir“...

Yəni bu, sırf əxlaq zəifliyindən qaynaqlanan „təcrübəxorluq“dur.

Eyni zamanda əgər bir kəs, o qədər də potensialllı və zəki deyilsə, təbii ki, gəncliyində çox da ciddi şeylər yapa bilməsi mümkün deyildir. Beləliklə də o, səmimi olaraq özünün bacarıqsızlığından  yola çıxıb „demək ki hər kəs gəncliyini boş verir“ kimi, zəka və analiz qabiliyyətinin yetərsiz olmasının gətirdiyi bir varsayıma qapıla bilər.

Halbuki çox açıq-aydın bir həqiqətdir ki insanın, gəncliyini dolu keçirməsi üçün sadəcə zəki və məsuliyyətli olması yetərlidir. Əgər bunlardan biri yoxdursa zatən gənclik, dəyərli keçə bilməz. Necə ki bütün zəki və məsuliyyətli insanlar, gəncliklərini dəyərli keçirmişlər.

Ya da elə üçüncü misalı götürək; „filankəslə mən çox çörək kəsmişəm ona görə də onu yaxşı tanıyıram“ kimi bir baxış acısı da, „təcrübəxorluq“dan başqa bir şey deyil; çünki əvvəla bir insanla “çox çörək kəsmək” ya da çox ünsiyyətdə olmaq, hələ onu tanımaq anlamına gəlmir. Bir kərə ağıl və məntiq (analiz qabiliyyəti) əgər zəifdirsə; əldəki təcrübə nə qədər çox olsa da, ondan nəticə çıxarmaq, yenə də çətin məsələdir. Digər tərəfdən də bir kəsi tanımaq üçün mütləq də onunla yaxından ünsiyyətdə olmaq və təcrübə gərəkmir; məsələn bu insan əgər indiyəqədər filan əməllərin sahibi olubsa və bunu biz biliriksə o halda onun bu vaxta qədərki əməllərindən yola çıxaraq, onunla heç ünsiyyətdə olmadan da, sırf ağıl və analiz ilə, onun necə birisi olduğunu asanlıqla bilə bilərik. Hətta ağıldan başqa bir yol da var; istər inanaq istər inanmayaq, metafizik (sezgisəl) metod da var; bir insanın sifət ifadəsi, onun bütün mahiyyətini və xarakterini özündə əks etdirir (məsələn cinayətkarların, bir qayda olaraq neqativ və mənfi yüklü sifət ifadəsinə sahib olması, bir təsadüf deyildir). Beləliklə insanların neçə faizinin bu qabiliyyətə sahib olub-olmamasından asılı olmayaraq, insanı tanımaq üçün belə bir 3-cü metodun olması da bir reallıqdır.

Yəni insanı tanımaq üçün ya da bir olayı çözmək üçün, bəzi halllarda təcrübədən daha asan və daha praktik olan, daha 2 yol da var(ağıl və bəsirət).

Di gəl ki əxlaqı zəif olan birisi, hətta zəki olsa belə, düşünməyə də tənbəlliyi olan birisidir və ən saçma şeylərə də bəzən inana bilir. Odur ki indiki halda o, ağlına əziyyət verməyərək, və (şüuraltında həsəd hissinin də təsiri ilə) başqalarının da „ağlının işləməsini istəməyərək“, bir insanı tanımaq üçün mütləq onunla yaxından ünsiyyətdə olmaq gərəkdiyinə özünü qapdırmış ola bilər.

Eyni zamanda bu yanılqı həm də əqli zəiflikdən də qaynaqlana bilər; zəkası zəif olan birisi üçün zatən ağıl qüvvəsi işləmədiyi üçün, o, özündə olmayan bir qüvvənin potensialı barədə də təsəvvür sahibi ola bilməz və beləliklə də onun üçün həyatda yeganə prinsip, zatən yalnız „başın daşdan-daşa dəyə-dəyə öyrənilməsi“ (təcrübə) ola bilər.

Bir sözlə, insanların və özəlliklə bizim toplumun, çıxarsama və analizə qapalı olmasının və „təcrübəxorluğ“unun səbəbi, elə ağılsızlıqdan başqa bir şey deyildir (əxlaqi və əqli ağılsızlıq).

Bir kərə bu, aydındır ki təcrübə, ağıldan daha önəmli ola bilməz; əgər kiminçünsə önəmlidirsə demək ki o, ağılsız olduğu üçün, özündə olmayan şeyin təsirini də hiss edə bilmir...

 

Yunis Dürüst


Davamı →

DEKART ƏXLAQLI BİR İNSANDIRMI?

Baxmayaraq ki, Dekartın, əxlaqlı olub-olmamasını təyin edə biləcək 1-dən artıq yöntəm söz konusudur, lakin bunlardan biri olan; sifət ifadəsinə əsasən təyin etmə metodu; zamanın elmi və texniki imkanlarına paralel olaraq aydın formada bir fotosunun və əksinin olmaması faktoru səbəbindən, effektivliyini xeyli dərəcədə itirir. Düzdür, sözügedən şəxsin, nəticədə rəsminin çəkilmiş olması və özəlliklə bunun, bir neçə dəfə edilmiş olması, özlüyündə onun sifət ifadəsinin əsas cizgilərinin ortaq keyfiyyətlərinin xeyli dərəcədə aydınlaşması imkanını versə də; nəhayətdə, mövzu bəhsi olan şəxsin özünün razılığı ilə bu şəklin çəkilmiş olması, və dolayısıyla da rəsminin, daha «nur»lu və daha yaraşıqlı olması üçün hətta gerçəkliyi əks elətdirmə faktorunun gözardı edilmə ehtimalının, heç də zəif olmaması amili söz konusudur.
Lakin bundan daha effektiv metod varkən bu metoda(qeyri-müəyyən və abstrakt rəsmə) zatən həyati bir ehtiyac qalmır.
O daha effektiv metod da bundan ibarətdir: Düzdür, bir insanın, ən üst səviyyədə dərrakəli olması; əxlaq amili olmadan belə, onun böyük və dərin həqiqətlərə ulaşmasını və sezgisəl(bəsirəti) potensialının yüksək olmasını prinsipcə bəzən təmin edə bilir; hansısa zəki bir insanın özəl yetənəkləri, eynilə müsbət istiqamətdə olduğu kimi, mənfi anlamda da onun daha, və çox böyük işlər yapa bilməsi deməkdir; bu durumda isə, mənfiliyin təmsiliçisi olan qüvvənin(və ya qüvvələrin) belə bir kəsi, xüsusi olaraq təlimləndirməsi və onun potensialını doldurması mümkündür; beləliklə də mənfiliyin təmsilçisi olan qüvvə, eynilə özünün sahib olduğu böyük agahlıq və bilmə imkanını, çox böyük mənfiliklərə sərf etdiyi kimi, insan cinsindən də belələrini özəl olaraq yetişdirməsi mümkündür; dolayısıyla da Dekart dühasının, agahlıqda və sezgidə bu qədər irəli getməsi, əslində bəsirət amili olmadan(əxlaqlı olmadan) da mümkündür. Elə isə belə olduğunu varsaysaq; yetərincə uzun müddət yaşamış olan və həyatda, kifayət qədər iradəsini və anlayışını sərgiləyə bilmə imkanı əldə etmiş sözügedən şəxsin, bu təyinata uyması və mütləq ki bəlirgin və ciddi mənfiliklərə yol vermiş olması və bu mənfiliklərin miqyasının da ən üst sərhəddə olması gərəkir; beləliklə də bu neqativliklərin, mütləq ki hər kəs tərəfindən bilinməsi ya da üstünün örtüləməyəcəyi bir həddə olması lazımdır; reallıq isə bunu göstərmir; onun, bəlirgin bir mənfi cəhətinin, ən azından bilinməmiş olması və onun adıyla yanaşı çəkilməmiş olması amili, təkbaşına onun əxlaqlı bir insan olduğunu göstərən veridir; çünki belə bir insan,«ortada» olamaz; bu qədər agahlıq şəraitində o, mənfi istiqamətdə əgər açıq bir fəaliyyət ortaya qoymayıbsa demək ki tam əksi bir istiqamətdə fəaliyyət ortaya qoyubdur.
Elə isə biz Dekartın əxlaqlı bir insan olması sonucuna vara bilərik.

P.S. Burdan, onun tutaq ki peyğəmbər səviyyəsində bir mərtəbədə olması gərəkdiyi sonucu çıxmır.

                             

Yunis Dürüst


Davamı →

İNSANI TƏYİN EDƏN, ƏXLAQ VƏ ZƏKADIR!

İnsanın sifətində və üz ifadəsində baxmayaraq ki, hər bir xüsusiyyət və detal ifadə olunur amma ümumilikdə götürəndə simada, 2 təməl və müstəqil xətt görünür: zəka və əxlaq. Onların iki ayrı xətt kimi görünməsi; zəka və əxlaqın, -bir-biri ilə nə qədər sıx bağlı amillər olsalar belə, -bir-birindən ayrı olmasının sonucudur.
Və insanın bütün şəxsiyyətini, təbiətini, potensialını təyin edən məhz bu 2 parametrdir. Bir insanın təbiəti və potensialı zəifdirsə, bu, mütləq ki əxlaq və ya zəkanın ikisindən biri və ya hər ikisinin zəif olmasından qaynaqlanır.
Və insanda hakim olan 2 təməl varoluşsal dilemma, içgüdü var; haqlılıq və güclülük. Başqa sözlə desək; ya haqlını güclü hesab etmək ya da güclünü haqlı hesab etmək. İnsanın bütün mahiyyətini, düşüncəsini, qərarlarını, davranışlarını məhz bu dilemmadan hansı birininin üstünlük təşkil etməsi təyin edir. İnsan, hər an və hər məqamda, bir şeyi; ya güclü və haqlı hesab edir, ya da gücsüz və haqsız hesab edir. Məsələn bir qərar verirsə həmin qərarı verməsinə səbəb, o qərarı, düzgün(haqlı) hesab etməsi olduğu qədər, həm də «güclü» hesab etməsidir.
Bir insan, əgər həm zəkalı həm də əxlaqlıdırsa(yəni tam və yetkindirsə) onun təbiətindəki basqın və üstün olan təmayül, mütləq ki məhz «haqlının güclü olması» şəklindədir. Yox, əgər bir insanda əxlaq və ya zəka zəifliyi varsa; onun üçün basqın olan meyil, məhz «güclünü haqlı hesab etmək» şəklində olacaqdır.
Məsələn deyək ki, küçədə bir nəfər qoluzorlu, məzlum bir insanı döyürsə; zəkalı və əxlaqlı insanlar, bu hadisədə mütləq ki, məhz məzlumu, haqlı (və güclü) hesab etməyə meyillidirlər(hansı ki, olması gərəkəndir). Lakin zəkası və ya əxlaqı zəif olan insanlar üçün isə bu keçərli deyil; onlar, bu olayda, daha çox məhz döyəni, qoluzorlunu, güclü (və haqlı) hesab etməyə meyillidir ya da ən azından döyüləni, məzlumu, açıq və bariz şəkildə haqlı (və güclü) hesab etmirlər(Məsələn bizim cəmiyyətdə yayğın olan «günah, həmişə döyüləndə(öləndə) olur» qavrayışı, məhz cəmiyyətimizin ümumi təbiətinin(əxlaq və zəkasının) zəif olmasından qaynaqlanır).
Lakin zəkası zəif olan bir insanın, məzlumu haqlı hesab etməməsi (ya da yetərincə hesab etməməsi) nə qədər təbii bir durumdursa, zəkası güclü olan bir insan üçün bu, qeyri-təbiidir və eyb anlamına gəlir. Başqa sözlə desək, zəkası zəif olan bir insana, Allah, zatən haqlını güclü hesab etmək dürtüsü verməyib ya da yetərincə verməyib (odur ki buna görə o qədər də məsuliyyət daşımır) lakin zəkalı bir insan üçün isə məzlumu haqlı hesab etməmək, başqa cür desək, daha çox məhz zalımı haqlı hesab etmək, kəsinliklə eybdir və bu, biləvasitə onun əxlaqsız olması səbəbindən baş verir.
Bir örnəklə, fikrimizi aydınlaşdıraq.
Məsələn bütün dünya nəzdində geniş tanınmışlığı olan və milyonlarla insanın bildiyi A.Hitler və ona olan münasibət, çox çarpıcı bir örnəkdir.
Bütün dünyada milyonlarla adam(o cümlədən də bizim cəmiyyətin mühüm bir qismi), Hitleri tanıyır və onun, milyonlarla insanın ölməsinə, şikəst olmasına səbəb olan, bəşəriyyətin qatili bir kəs olduğunu bilir. Lakin buna baxmayaraq onu tanıyanların çox önəmli bir qismi, onu, mənfi deyil də daha çox məhz müsbət (güclü və dolayısıyla haqlı) birisi olaraq qavrayır.
Yəni bir tərəfdən onun zalım və neqativ birisi olduğunu bilirlər lakin digər tərəfdən də onu pozitiv olaraq qəbul edirlər. Bu, təzad və ziddiyət, məhz fitri-ruhi və təbiət zəifliyindən yəni əxlaq və ya zəka zəifliyindən qaynaqlanır.
Hitleri müsbət (güclü) hesab edən zəkasız insanların onu müsbət hesab etməsi, hələ əxlaq zəifliyi anlamına gəlmir, çünki zatən zəkasız insanı, Allah belə yaradıb; haqsızı zəif hesab etməyə, fitrətən tam meyilli deyil.
Lakin Hitleri müsbət hesab edən zəkalı insanlar üçün bu, birbaşa eybdir və bu, biləvasitə əxlaq zəifliyindən qaynaqlanır.
Belə bir nəticəyə gəlmək olar: ortalama olaraq bir insan, Hitleri müsbət hesab edirsə, bunun səbəbi, ya zəka ya da əxlaq(ya da həm zəka həm də əxlaq) zəifliyidir. Əgər Hitleri müsbət hesab edən, zəkalı birisidirsə; demək ki onun əxlaqsız olma ehtimalı yüksəkdir. Yox əgər bu, əxlaqlı birisidirsə; o zaman onun zəkasız olma ehtimalı yüksəkdir.
Bir sözlə, insanı idarə və təyin edən təməl 2 özəllik, məhz əxlaq və zəkadır. Və insanın varoluşsal balansını-«haqlı və güclü dilemması»nı və bütün həyatını, yaşamını, düşüncə və davranışlarını bəlirləyən də məhz onun əxlaq və zəka durumudur.


Qeyd 1.  Zəka; bir çoxlarının düşündüyünün əksinə savad, bilik demək deyil; bilikdən istifadə etməkdir. Savadsız bir insanın da zəki olması mümkündür. Zəka, qismən doğuşdan gələn, qismən də sonradan qazanılan bir bacarıqdır.
Qeyd 2.  Əxlaq; bir insanın zəka potensialının ona imkan tanıdığı ölçüdə; anladığı həqiqətlərə və faktlara nə qədər əməl etməsidir. Daha zəki olan insanlar, daha çox şey anlaya bildikləri üçün təbii olaraq, cavabdeh olduqları əməl və sorumluluq dairəsi də daha genişdir. Zəkadan fərqli olaraq əxlaq, tam olaraq insan öz iradəsindən asılıdır.


Davamı →

Əxlaqi degenerasiya

Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.

Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri… Artıq  iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək  onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.

 

Birinci bəla: Narkomaniya

Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik,  tez qocalma, şüur və hafizəni itirmə,  yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.

 
Ardı →

Uşaqların tərbiyəsi nədən korlanır?

«Ot kökü üstə bitər» — deyib atalarımız. Və bu qəbildən olan atalar misalımız çoxdur. Bu zərb-məsəllər hər dəfə yerinə düşəndə doğru söz yenə təptəzə görünür.
   
   ...Həyətə çıxmaqla bayırdan eşitdiyim sözlərə elə diksindim ki, mat-məəttəl qaldım. On dörd-on beş yaşında oğlan uşaqları hündür səslə elə tərbiyəsiz sözlər danışırdılar ki, eşidən qulaqlarına inanmaq istəməz. Amma neyləyəsən ki, bu həqiqətdir və ətrafımızda bu cür övladının tərbiyəsindən bixəbər nə qədər valideyn var. Qarşıdan yeni təhsil ilinin başlaması ilə bağlı yazı yazmaq fikrim olsa da, düzü mövzunun belə istiqamət alacağını bilmirdim. Axı uşaqlarımız məktəbə təlimlə birgə, həm də tərbiyə almaq üçün yollanırlar. Amma söyüşlərini, yaşlarına uyğun olmayan dəhşətli sözlərini eşitdiyim uşaqlar artıq neçə ildir ki, parta arxasında əyləşirlər. Onlar həm evdə, həm də məktəbdə tərbiyə almalıdırlar, amma…
Ardı →

Müasirlik

Müasirlik çox geniş mövzudur. Hər kəs bunu öz dünyagörüşünə görə bir cür başa düşür, ona görə də fərqli izah edir.  Hər sahədə müasirlik mövcuddur: elm-texnikada, iqtisadiyyatda, mədəniyyətdə, münasibətlərdə və s. Lakin biz məsələyə sosial aspektdən yanaşacağıq. O yerdən ki, hər gün bu və ya digər dərəcədə iştirakçısı və ya şahidi oluruq.

Çox təəssüf ki, bir çox insanlar müasirliyi məhz maddiyyatda görürlər. Məsələn, dövrümüzdə bahalı maşın sürmək müasirlik əlaməti kimi qəbul edilir. Halbuki elə sükan arxasındaca həmin insanın necə müasir olduğunu görmək mümkündür. Məsələn, maşın hər nə qədər bahalı olur olsun, əgər sürücü yersiz şəkildə səs və işıq siqnallarından istifadə edirsə və başqalarının narazılığına və narahatlığına səbəb olursa, o zaman bunun harası müasirlik oldu?

Hələ mən həmin sürücünün lazımsız hesab etdiyi əşyanı elə küçənin ortasındaca aynadan atmasını, tüpürməsini demirəm. Yol hərəkəti qaydalarını pozmaq, nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətmək, bilərəkdən tıxac yaratmaq, yolu kəsə getmək üçün qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxaraq ədəbsizlik etmək də öz yerində.
Muasirlik cəngəl-bıcagı avropasayagı tutmaqla olmur
Tərbiyəvermə məsələsində geridə qalmışıq
Deyilənə görə, adamlar var ki, gedəcəkləri toy məclislərində çəngəl-bıçağı “avropasayağı” tuta bilmək üçün bir həftə öncədən məşq edirlər. Gah bıçağı sol ələ alırlar, gah da çəngəli. Toy məclisi qızışandan bir müddət sonra isə baş qarışır və hər şey əvvəlki halına qayıdır.
Görüntü ilə heç nə dəyişmir, məsələnin mahiyyəti sənin dünyagörüşün, tərbiyən, həyata baxışın, əxlaqındır. Çəngəl-bıçaq məşqi edən adam, məsələn, evdən çıxanda zibili binanın blokuna qoyub, tələm-tələsik oradan uzaqlaşacaqsa, yaxud gecələr hamı yatan zaman zibili binanın eyvanından həyətə atacaqsa, o da o qədər “müasirdir”. Eləsi var hətta evi təmizləyəndən sonra kağızın arasına yığdığı zibili küçədən keçən insanların başına tökür. Amma cəmiyyət içinə çıxanda tamam başqa cür davranır.

Bir də görürsən, xoş insan təsiri bağışlayan bir nəfər marşrutun sürücüsü ilə, sözün həqiqi mənasında, əməlli-başlı davaya çıxıb. Sürücü naəlac qalıb avtobusu saxlayır. Avtobus uzaqlaşanadək həmin adama diqqət edirsən və görürsən ki, 50 metr məsafənin davasını edirmiş. Nə deyəsən...
 Müasir geyimli bir gənc avtobusda anası yaşda qadına yer vermək istəmirsə, vəziyyətdən çıxmaq üçün telefonu çıxarıb qurdalayırsa, saçına nə qədər “jele” sürtür sürtsün, hörməti olmayacaq.

Metro qapılarını bağlanmağa qoymayan və bununla qəhrəmanlıq etdiyini düşünən “müasirlər” də az deyil. “Eskalatorun üzərində oturmaq olmaz!” xəbərdarlığına baxmayaraq, yayxanan gənc özünü nə qədər xoşbəxt hesab edir, ilahi. Bu da bəzi ailələrimizin tərbiyə məsələsində geridəqalmışlığıdır.
Bu məsələdə, heç şübhəsiz ki, əsas yük valideynlərin üzərinə düşür. Amma insan özündə olmayanı başqasına verə bilmir, gərək ola ki, sən də hədiyyə edəsən...
Tərbiyə ailədən gəlir
Tərbiyənin köhnəsi-təzəsi olmur...
Biz övladlarımıza müasirliyi sözlə deyil, əməllərimizlə, onlara nümunəvi tərbiyə verməklə öyrətməliyik. Uşağa bahalı telefon ala bilərik, bahalı geyim ala bilərik, ürəkləri istəyən yerlərdə gəzdirə bilərik, amma öz əməlimizlə, mədəniyyətimizlə, etikamızla, davranışımızla nümunə ola bilmiriksə, onda vay o uşağın halına. Çünki uşaq gözünü açıb evdə nə görürsə, elə də tərbiyə alır. Nahaq yerə demirlər ki, hər uşaq bir ailənin güzgüsüdür. Eləcə də yeniyetmələr, gənclər...

Uşağın, yeniyetmənin, gəncin müasirliyi onun tərbiyəsindədir, aldığı təhsilindədir. Uşağa alınan bahalı telefon sabah və ya birisi gün köhnələ bilər, çünki hər ay yenisi satışa çıxarılır, amma tərbiyə, təhsil köhnəlmir. Tərbiyənin köhnəsi-təzəsi olmur. O, ömürlükdür, ilin hər fəslində, hər günündə, hər saatında işə yarayır. Günlər, aylar, illər ötür və o azalmır, əksinə, kotan torpaq şumladıqca parıldayan kimi, daha da kəsərli olur.
Övlada verilən tərbiyə gələcəkdə onun ətrafında olacaq insanlar — iş yoldaşları, ailə üzvləri və s. üçün də önəmlidir.
Əgər o, müasir, mədəni, tərbiyəli insan olacaqsa, gələcəkdə öz ailəsində də eyni şəraiti yaradacaq. Müdir olacaqsa, öz iş yerində həmin mühiti formalaşdıracaq. Beləcə, bu tərbiyəvi, mədəni mühit daha da şaxələnəcək, daha da genişlənəcək...
İnsan nə qədər savadlıdırsa, nə qədər tərbiyəlidirsə, nə qədər ağıllıdırsa, uzaqgörəndirsə, o qədər də müasirdir. Və ən əsası insan insan olduğu qədər müasirdir.

Mənbə: Zaman Azərbaycan 
Davamı →