Ova getmək haqqında | Qabusnamə

Ey oğul, bil ki, at minmək, ov etmək, çövkan oynamaq böyük adamlara xasdır, xüsusilə, cavanlıqda. Lakin hər işin öz vaxtı, həddi, əndazəsi olmalıdır. Hər gün ova getmək olmaz. Həftədə yeddi gün vardır, iki gün ova get, üç gün şərab iç, iki gün isə öz təsərrüfat işlərinlə məşğul ol.

Lakin ata mindikdə alçağına minmə, adam yekəpər olsa da, alçaq at onu kiçik göstərər, alçaq boy olanda isə uca at onu hündür nəzərə çarpdırar. Yorğa və sakit ata yalnız səfərə çıxarkən min, çünki at sakit olanda adam özünü boş saxlayır.
Davamı →

Yuxu və istirahət haqqında | Qabusnamə

Ey oğul, bil və agah ol ki, Rum alimlərində belə bir adət vardır: onlar hamamdan çıxdıqdan sonra hamamın geyinmə otağında bir az yatmayınca dışarı çıxmazlar. Belə bir adət başqa heç bir xalqda yoxdur. Müdrik adamlar yuxunu kiçik ölüm adlandırmışlar, çünki istər yatmış olsun, istər ölmüş, heç birinin bu dünyadan xəbəri olmur, fərq ondadırki, biri nəfəsli ölüdür, biri nəfəssiz.

Çox yatmaq təriflənəsi adət deyil: bədəni süstləşdirər, xasiyyəti yerindən oynadar, insanın sifətini təbii halından çıxıb, qeyri-təbii hala salar. Beş şey insana üz verdikdə dərhal onun simasını dəyişdirər: gözlənilməz şadlıq, qəflətən baş vermiş bədbəxtlik, qəzəb, yuxu, sərxoşluq. Altıncısı qocalıqdır, insan qocaldıqda onun siması dəyişər, amma bu, başqa növ dəyişmədir.
Davamı →

Hamama getmək qaydaları haqqında | Qabusnamə

Bil, ey oğul, hamama gedəndə tox getmə, ziyanı var. Hamam çox yaxşı şeydir, demək olar ki, alimlər bina tikməyə başlayandan bəri hamamdan daha gözəl heç bir şey yaratmamışlar. Lakin bütün yaxşılığına baxmayaraq, hamama hər gün getmək olmaz, yoxsa bədənə ziyanı olar, həm də vasvasılıqda sənə eyib tutarlar…

Hər gün hamama getməyin nəinki xeyri yoxdur, hətta zərəri vardır: əsəbləri, oynaqları yumşaldar, onların bərkliyini azaldar və insan təbiəti hər gün hamama getməyə adət edər, bir gün getmədikdə adam xəstə kimi olar, bədənin üzvləri kobudlaşar. Buna görə iki gündən bir hamama getmək lazımdır.
Davamı →

Kef çəkmək qaydaları haqqında | Qabusnamə

Birini sevsən, ayıq və məst halda onunla ara vermədən əlaqədə olma, səndən ayrılan hər nütfədə, məlumdur ki, bir şəxsin, bir canlının toxumu vardır. Əlaqədə olsan, heç olmasa, sərxoş vaxtı olma, ziyanı daha çoxdur, lakin xumar vaxtı daha yaxşıdır.

Nə vaxt yadına düşdü, o saat onunla məşğul olmağa başlama. Bu, heyvan xasiyyətidir. Heyvan hər işin yerin bilməz, nə vaxt yadına düşsə, o vaxt da məşğul olar. Adama müəyyən vaxt lazımdır ki, onunla heyvan arasında bir fərq olsun…
Davamı →

Şərab içmək qaydaları və onun şərtləri haqqında | Qabusnamə

Demirəm şərab iç, ya içmə, çünki bilirəm cavanlar başqasının sözü ilə cavanlıqdan əl çəkməzlər. Mənə də çox deyiblər, lakin eşitməmişəm.Yalnız əlli ildən sonra Allahın mənə rəhmi gəlmişdir, tövbə edib şərabı tərgidə bilmişəm.Lakin əgər içməsən, hər iki dünyada fayda götürmüş olarsan: həm Allah səndən razı qalar, həm də xalqın qınağına düçar olmazsan.

Ağılsız adamların adət və peşələrindən, xoşagəlməz əməllərindən uzaqlaşarsan, israfçılığa yol verməzsən, maddi güzəranın isə xeyli yaxşı keçər. Bütün bu deyilənləri nəzərə alıb şəraba meyl etməsən, məni çox sevindirmiş olarsan. Lakin bilirəm, cavansan və yoldaşların qoymazlar içməyəsən. Hədər yerə deməyiblər: „Təklik pis yoldaşdan yaxşıdır“.
Davamı →

Özünü idarə etmək və yemək qaydaları haqqında | Qabusnamə

Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub-olmadığına fikir verməzlər. Ağıllı və böyük adamlarda isə hər işin öz vaxtı olar, gecə-gündüzün iyirmi dörd saatını öz işləri arasında bölərlər. İşlərbir-birinə qarışmasın deyə, onların hərəsinə müəyyən vaxt və hədd-hüdud qoyarlar. Onların xidmətçiləri də bilər ki, nə vaxt, nə ilə məşğul olmaq lazımdır ki, işlər öz qaydasında getsin. Hər şeydən əvvəl yemək haqqında.

Bil ki, bazar adamlarının adəti gecə çox yeməkdir və onun böyük ziyanı vardır, həmişə mədəni qıcqırdır. Hərbi adamların peşəsi elədir ki, onlar vaxta baxmazlar, harada və nə vaxt tapsalar, orada da yeyərlər, bu isə heyvan adətidir, çünki harada ələf tapsalar, orada da yeyərlər.

Böyük və əsil-nəsəbli adamlar isə gecə-gündüzdə bir dəfə yeyərlər. Bu, özünü saxlamaq (pəhriz) qaydasıdır, lakin bu, adamı zəiflədib qüvvətdən salar. Deməli, böyük və hörmətli adam elə etməlidir ki, səhər tezdən xəlvətdə bir şey yeyib sonra dışarı çıxsın və günorta namazına qədər öz işləri ilə məşğul olsun. Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək yeyəcəksə, onları çağırtdır.
Davamı →

Ata və anaya hörmət haqqında | Qabusnamə

Ey oğul, bil ki, bizi yaradan, dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli, öz əsil-zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anasıdır.

Demə ki: “ata-ananın mənim üzərimdə nə haqqı vardır, onların məqsədi öz şəhvətlərini söndürmək olub, məni yaratmaq olmayıb”. Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür.

Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, onların hər ikisi səninlə Yaradan arasında vasitədir. Deməli, sən özünə və Yaradanına hörmət etdiyin qədər öz vasitələrinə də hörmət etməlisən. Ağlı başında olan hər bir övlad heç vaxt ata və ana haqqını unutmaz. Allah öz Kitabi-Məcidində belə deyir: “İtaət ediniz Allaha, itaət ediniz peyğəmbərə və öz amirlərinizə”.
Davamı →

Nemət sahiblərinə minnətdarlıq haqqında | Qabusnamə

Ey oğul, bil ki, nemət sahibinə minnətdarlıq lazımdır, bu, hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil, buyurulan qədər, çünki əgər hamı bütün ömrü boyu yalnız şükürlə məşğul olsa, yenə onun layiq olduğunun mində birini yerinə yetirə bilməz. Əgər Allah hər verdiyi nemət müqabilində azacıq da olsa şükür istəsə, bu olduqca çox olar, ona görə də İslam dinində itaət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə hamıya aiddir.

Bunlardan biri (Haqqı) dildə iqrar edib ürəkdə təsdiq etmək, o biri beş dəfə namaz qılmaq, üçüncüsü isə otuz günlük oruc tutmaqdır. Şəhadət Haqdan başqa hər şeyi inkar etməyin dəlilidir, namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə Allah-Taalaya verilən vədi təsdiq üçündür. Elə ki dedin: mən bəndəyəm, gərək bəndəlik bağını da boynuna bağlayasan, elə ki dedin: O, ağadır, gərə kağanın buyruğuna da qulaq asasan. İstəyirsən ki, qulun sənə itaət etsin, sən də öz ağana itaət etməkdən boyun qaçırma, boyun qaçırsan, öz qulundan itaət gözləmə, çünki sənin öz quluna etdiyin mərhəmət Allahın sənə göstərdiyi mərhəmətdən çox ola bilməz.
Davamı →

Peyğəmbərlərin yaranması haqqında | Qabusnamə

Ey oğul, bil ki, böyük Yaradan bu dünyanı məqsədlə yaratmış, hədərə yaratmamışdır, onu ədalət və hikmət əsasında qurmuşdur, çünki O, varlığın yoxluqdan, xeyirin şərdən, bolluğun qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi. O, bunların hər ikisini bilir və hər ikisini yaratmağa qadir idi, lakin O, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər şeyi vaxtında və ədalət əsasında yaratdı, cəhl, fəsad və nadanlıq əsasında yaratmadı.

Beləliklə, dünyanın bünövrəsi hikmətlə qoyuldu, hər nə gözəl idisə, onu da yaratdı. O edə bilərdi ki, günəşsiz işıq versin, buludsuz yağış yağdırsın, tərkibsiz maddə yaratsın, ulduzlara ehtiyac olmasın. Lakin dünya qanunauyğunluq əsasında qurulduğundan O, səbəbsiz heç bir şey yaratmadı və bu səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə ortalıqdan qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular.
Davamı →

Allahı dərk etmək yolu haqqında | Qabusnamə

Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə bilər, yalnız o böyük Yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savayı nə varsa, hamısı dərk edilə bilər. Sən yalnız o zaman Haqq-Taalanı dərk edə bilərsən ki, özün dərketməz olasan.

Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddə naxışı qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Görmürsənmi, daşa nisbətən mum daha tez naxış qəbul etdiyindən ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar.

Deməli, dərk edilmiş hər şeydə bir dərkolunma xüsusiyyəti var və o, Yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, Yaradana baxma. Sən yaradılmışa diqqət et ki, Yaradanı əql ilə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olar.
Davamı →