Əllərə qulluq

Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz. Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qoruyun! Soyuq havada mütləq əlcək geyin. Həmçinin, istənilən ev işlərini görərkən isti su və yuyucu vasitələrdən istifadə edirsinizsə, mütləq rezin əlcək geyinmək lazımdır. Əlcəklər yüksək keyfiyyətli və ölçüsü isə sizə tam şəkildə uyğun olmalıdır.

Əlcəkləri geyməzdən əvvəl əllərinizi yaxşıca yuyun, qurudun və üzərinə talk (“prisıpka”) səpin. İşinizi bitirdikdən sonra əlcəklərin içəri və bayır tərəflərini yaxşıca yuyun və qurudun. Əllərinizi ilıq su ilə yuyun, qurudun və onlara qidalandırıcı krem vurun. Əlcəklərdən çox istifadə etmək də olmaz, əllər uzun müddət əlcəkdə qaldıqda onların dərisi korlanır.

Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək — təmizləmək, qidalandırmaq və nəmləndirmək — lazımdır. Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır.


Ardı →