“Məni ən çox nəyin heyrətləndirdiyini bilirsiniz? – Napoleon Fontana (Lui de Fontan (1757-1821) – ədəbiyyatçı, İmperiya dövründə universitet rektoru) söyləyirdi. – Gücün heç nəyi yarada bilməməsi. Yer üzündə yalnız iki fateh var – qılınc və ruh. Və hər şeyə rəğmən, ruh həmişə qılınc üzərində qələbə çalır”.
Göründüyü kimi, fatehlər də bəzən ruhdan düşür. Axı necəsə səs-küylü olduğu qədər boş və anlamsız şan-şöhrətin cavabını vermək lazım gəlir. Lakin yüz il öncə qılınc üçün ədalətli sayılanların dövrümüzün tankına heç bir aidiyyatı yoxdur. Fatehlər yetərincə irəliləyib və param-parça edilmiş, ruhun yoxa çıxdığı Avropanın üzərinə uzun illər davam edəcək qaranlıq səssizlik pərdəsi çəkilib.
Flandriya uğrunda gedən rəzil müharibələr zamanı holland rəssamları hələ quşxanalarındakı xoruzların şəklini çəkə bilirdilər. Və Yüzillik müharibə çoxdan unudulsa da, Sileziya mistiklərinin duaları hələ bir çoxlarının qəlbindədir. İndi hər şey dəyişib: rəssam da, monax da səfərbər edilib, dünyamızın rifahına görə hamımız eyni qədər cavabdehik. Ruh nə vaxtsa fatehin etiraf edə biləcəyi əlahəzrət sarsılmazlığını itirib; və o, gücü lənətləyərək özünü xərcləyir, çünki artıq birincisini özünə ram edə bilmir.
Bunun xəstəlik olduğunu deyəcəksiniz. Biz eyni proqnoza iddia edə bilməyəcəyik, lakin bir şeyi dəqiq bilirik – bu, reallıqdır. Nəticə: onunla hesablaşmaq lazımdır. Deyəsən, ən əsası, nəyi istədiyimizi bilməkdir. Bizsə bir şey istəyirik: bir də heç vaxt qılınca boyun əyməmək, bir daha ruha xidmət etməyən gücü qəbul etməmək.
Açığı, qarşımıza qoyduğumuz məqsədin sonu görünmür. Lakin bizim öhdəmizə düşən onun qarşısında aciz qalmamaqdır. İdrakın gücünə sonunadək arxalanmayan birisitək tərəqqiyə və ya Tarixin hansısa fəlsəfəsinə arxayın deyiləm. Əvəzində insanların həmişə öz talelərini daha dərindən dərk etmə istəyinə inanmışam. Biz öz mövcudluğumuzun şərtlərinə sarılmışıq, lakin daha çox ondan baş çıxarırıq. Ziddiyyətlərin bizi didib-dağıtdığını bilirik, amma eyni zamanda bununla hesablaşmamağı və onun yumşalması üçün əlimizdən gələni etmək lazım olduğunu bilirik.
Ardı →