Karlson kimin prototipidir?

Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – “Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib. 

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir. 
Davamı →

Astrid Lindqrenin uşaqlar haqqında çıxışı

Dünyada nə qədər insan mövcud olacaq, o qədər də mübarizə və çarpışma olacaq. Kövrək dünyamız həmişə təhdid altındadır. Bəs zamanı deyilmi, özümüz-özümüzə sual verək. Sual verək ki, niyə bu münaqişələr var, niyə münasibətlərimiz münaqişələrlə başa çatır? Necə yaxşı insana çevrilək, aqressiyalarımızı necə unudaq?

Düşünürəm ki, bunu üçün lap əvvəldən — uşaqlardan başlamalıyıq. Tezliklə planeti idarə etməyə başlayacaq, artıq özləri sevgi və ya zorakılıqla yaşayacaqlarına qərar verməli olacaqlar.
İndi xatırlayıram ki, bizi idarə edənlərin hər hansı müdriklikdən, Tanrı verən istedaddan məhrum olduğunu anlayanda necə şoka düşmüşdüm. Eynən bizim kimi zəifliklərə və ehtiraslara malikdirlər, lakin bir fərqimiz var: Əllərində hakimiyyət var. Niyə bu insanlar belə pis qərarlar qəbul edirlər? Ola bilməz ki, təbiətən bu qədər zalım olsunlar.
Davamı →

Azad ruhlu uşaqların yazarı - Astrid Lindgren

XX əsrin əvvəllərində İsveç uşaq ədəbiyyatı
Astrid Lindgren 1907-ci ildə anadan olmuşdu. İsveçdə uşaq ədəbiyyatının onun adı ilə başlandığı hesab olunur. Ancaq bu doğru deyil: Lindgren anadan olanda İsveçdə artıq görkəmli uşaq yazıçıları və gözəl uşaq ədəbiyyatı var idi. Məsələn, Selma Lagerlöf-un “Nilsin vəhşi qazlarla möhtəşəm səyahəti” əsərini göstərmək olar. Bu pedaqoji roman uşaq ədəbiyyatının klassikasıdı: O, yazıçıların niyə uşaqlar üçün xüsusi əsərlər yaratmağa başladıqlarını parlaq şəkildə əks etdirir. Bu, ilk növbədə böyüklərə lazım idi – uşağa çox vacib məsələləri anlatmaqdan ötrü vəsait qismində.

Selma Lagerlöf müəllimə idi və məhz, öz işi gərəyi maraqlı mətnlər uydururdu. Yuxarıda adı çəkilən nağılı da sadəcə ölkə coğrafiyasını uşaqlara əyləncəli şəkildə izah eləməkdən ötrü yazmışdı. Qazlar bir məkandan digərinə uçduqca həmin məkanda hansı şəhərlərin yerləşdiyindən, flora və faunasından danışmaq mümkün idi. Tədris ideyası ilə yanaşı bu kitab həm də tərbiyəvi əhəmiyyət daşıyırdı. Əsərin əvvəlindəki və sonundakı Nils – iki fərqli oğlandı. Selma Lagerlöf deyir ki, insanın elə-belə, durduğu yerdə dəyişməsi mümkün deyil. Yalnız nə isə yaşayandan, müəyyən sınaqlardan keçəndən sonra dəyişmək olar. Yalnız şəxsi təcrübə insana dəyişmək imkanı verir.
Davamı →

Astrid Lindqren

Nağıllar kraliçası Astrid Lindqrenin nağıla bənzəməyən həyatı...Astrid Lindgren

Onun həyatındakı sınaqlara yalnız nikbin, daxilində sonsuz həyat eşqi olan insan dözə bilərdi...
Astrid Anna Emiliya Erikson 1907-ci ilin 14 noyabrında anadan olub, uşaqlığı İsveç şəhəri Vimmerbyuda keçib.

Ən adi ata Samuel Avqust və ən adi ana Hannanın dörd övladı vardı: oğulları Qunnar və üç qız övladı – Astrid, Stina və İnqeqerd. İsveçin ən adi ailəsində sevgi hökm sürürdü, şən uşaqlıq və ildə bir dəfə — Milad bayramında aldıqları kitab hədiyyəsi. Bu hədiyyə uşaqları xoşbəxt etməyə kifayət edirdi...

Valideynləri Astridin gələcəyi üçün narahat deyildilər. Qızcığazın attestatında onun malik olduğu istedadlar və əl qabiliyyəti ətraflı qeyd olunmuşdu. Astridin gözəl həyat yoldaşı olacağı barədə pedaqoji nəticə çıxarılmışdı.
Potensial həyat yoldaşı həm də ağıllı idi və təbiətin ona bəxş etdiyi xarici görünüşün onun gələcək ərini xoşbəxt etməyəcəyini anlayırdı.

Astrid anasının evdarlığın sirlərini öyrənmək və səbrlə gələcək ərini gözləməsi məsləhətini dinləmir.
Anası Astridə evdə oturub evdarlıq işləri ilə məşğul olmağı və səbrlə ər gözləməyi məsləhət görür. Ancaq qızcığaz bu məsləhətə baxmır, əvəzində yerli qəzetlərdən birində müxbir işinə düzəlir, kino, caz və rəqslə maraqlanmağa başlayır.

Saçlarını qısa kəsməklə də valideynlərinin qəzəbinə tuş gəlir. Hətta azad düşüncə tərzi və yumor hissi ilə fərqlənən ata belə qızının onları biabır etməməsini və şlyapa geyinməsini söyləyir. Ancaq bu cəsarətli saç düzümü hələ qiyamın başlanğıcı idi. Tezliklə 18 yaşlı Astrid hamilə olduğunu öyrənir.

Gənc tüfeyli Eriksonların böyük qızı ilə evlənməyi isə ağlına belə gətirmirdi. Astrid də təsadüfi məşuqunun kimliyini elan etməyə tələsmirdi. Nə valideynləri, nə qonşuları, nə dostları — sonralar isə bütün dünya bu gəncin, əslində, kim olduğunu öyrənmir...

“Qiyamçı” bütün həyatı boyu onun adını bir dəfə də olsun, çəkmir. O, həqiqətən, cəsarətli idi. Stokholmda tənha və hamilə qız sakinlərin və turistlərin arasında asanlıqla gözdən itə bilərdi. Astrid elə məhz bu səbəbdən bura gəlmişdi – qınaqlardan, şayiələrdən və dedi-qodulardan uzaq bir yerdə yeni həyata başlamaq üçün… Bir müddət o, hətta hamilə olduğunu da gizlətməyə müvəffəq olmuşdu. Astrid stenoqrafçılar kursunu bitirir. Ancaq təbiətə çox müqavimət göstərmək mümkün deyildi, Astrid artıq hamiləliyin doqquzuncu ayına doğru addımlayırdı, pul da bitmək üzrə idi...

 “Mən tənha və kasıbam. Bütün var-dövlətim üstümdə olan bir Danimarka eresindən ibarətdir. Üzümüzə gələn qışdan çox qorxuram...” – Astrid həyatının bu çətin məqamında qardaşı Qunnara yazırdı. Ailə üzvlərindən yeganə qardaşı ona dəstək göstərirdi.

Astrid Eriksonun həyatının bu dönəmi ilə bağlı çoxsaylı hekayələr mövcuddur. Onlardan biri budur: Astrid qəzetlərdən birində Eva Anden barədə oxuyur. Bu cəsur qadın tənha anaların hüquq müdafiəçisi idi. Bütün ümidləri üzülən Astrid ona müraciət edir. Eva yardım edir, onu uzaq qohumları Stevanslar ailəsinə göndərir. Burada gənc Erikson doğuşa qədər qalır. Frau Stevans gözəl və mehriban insan idi. Astrid özünə İsveçdə layiqli iş tapana qədər qadın onun yenicə doğulmuş oğlu Larsın qayğısına qalmağa razılaşır.

Böyük tərəddüd içində qızcığaz oğlunu qoyub, vətəni İsveçə qayıdır. Burada az əhəmiyyətli iş tapır və əlinə fürsət düşdükcə oğlunu ziyarət etməyə gəlir.

Nəyahət, uğur Astridin üzünə gülür. 1928-ci ildə o, işlə bağlı Kral avtomobil klubunun direktoru ilə görüşür və katibə vəzifəsinə düzəlir. Lindqren pul tapır, ancaq əvvəlki tək işi və oğlu arasında qalmışdı. Bu hal dözülməz idi.

Astridin valideynlərinin işə qarışması ilə gərginlik aradan qalxır. Onlar evdən getmiş qızlarını bağışlayır və balaca Lars, nəhayət, nənə və babasını görür. Təəssüf ki, bu xoşbəxtlik uzun çəkmir. Astridin oğlu xəstələnir, bahalı müalicənin xərclərini çəkməyə isə imkan yox idi...

Bu neçə ildə ilk dəfə idi ki, Astrid nə edəcəyini bilmirdi. Axı o, heç vaxt heç kimdən kömək istəməmişdi, ələlxüsus, patronundan. Məgər başqa yolu var idi? Müdirin adı Sture Lindqren idi...

Bir müddət sonra Astrid Erikson, demək olar ki, hər kəsə tanış soyadı daşımağa başlayır. Ancaq ədəbiyyata gəlişə hələ çox var idi…

Cütlük tezliklə evlənir. Bir müddət sonra Karin adlı qızları dünyaya gəlir. Məktəb müəllimlərinin Astrid haqda söylədikləri həyata keçir: Qadın özünü ərinə və uşaqlarına həsr edir.

Sture və Astrid xasiyyətcə ayrı-ayrı insanlar idi, lakin Astridin dediyinə görə, onlar bir-birilərini sevirdilər.

1941-ci il idi. Lindqrenlər Vasa-parkla üzbəüz yeni mənzilə köçmüşdülər. Ancaq, görünür, yeni mənzil bir o qədər düşərli olmur, (bəlkə, əksinə?...) qızları Karinin ciyərlərinə soyuq dəyir. Heç bir dərman, heç nə kömək etmir.

Ancaq möcüzə yardım edə bilər! — missis Lindqrenə belə söyləyirlər. Ananın bu an nə hisslər yaşadığını təsəvvür etmək çətin deyildi. O, gecə-gündüz qızının çarpası yanında keşiş çəkir. Günlərin bir günü o, qızına nağıl danışmaq qərarına gəlir. Karin zəif olsa da, maraqla anasının nağılını dinləyir. Nağılın əsas qəhrəmanının adını da elə o fikirləşir – Pippi. (Əslində, qəhrəmanın adı orijinalda belə idi. Sadəcə, SSRİ dövründə yarana biləcək ironik yanaşmadan qaçmaq naminə tərcüməçilər “Pippi”ni – “Peppi”yə dəyişirlər.) Nağılı danışa-danışa Astrid Peppi və dostları haqda hekayə uydurmağa başlayır. Həmin gün xəstə məmnuniyyətlə həm nahar, həm şam edir. Balaca yavaş-yavaş çarpayıdan da qalxmağa başlayır. Astrid ananın möcüzəli dərmanı öz təsirini göstərir. Karinin vəziyyəti yaxşılaşmağa doğru gedir və Astrid də daha Peppisiz yaşaya bilməyəcəyini anlayır… O, kağız və qələm götürüb yazmağa başlayır...

Nəşriyyatlar əlyazma ilə tanış olduqdan sonra ağız büzürlər: “Belə tərbiyəsiz qız haqqında hekayələri dərc etmək?! Dəhşət!...”

Çox-çox sonralar Astrid söyləyir: “Uşaq kitabı, sadəcə, yaxşı olmalıdır. Vəssalam. Mən başqa resept tanımıram”.
Karlson və Peppinin macəralarını həvəslə oxuyan milyonlarla uşaq da bu fikirlə razılaşır.

Astridin oğlu Lars Lindqren anası barədə danışarkən söyləyir: “Uşaqlar oynadığı müddətdə anam heç vaxt digər analar kimi bir kənarda əyləşmirdi. Anam bütün uşaq oyunlarında iştirak edir, hətta ağaca da dırmanırdı...”.

Peppi və dostları haqda kitabı çıxdığı günün sabahısı müəllif məşhurlaşır. Əgər siz Stokholma gəlsəniz, Vulkanus Qatana, 12 N-li mənzilə yollanın...

80-ci illərdən etibarən Astrid daha yazmır, ancaq təqaüdçüyə də çevrilməmişdi. O, gündə gələn yüzlərlə məktuba cavab yazırdı.
Son günlərinə qədər yazıçı xudmani mənzildə yaşayır və yorulmadan, bacardığı qədər insanlara yardım edir.

Astrid sağlığında heykəli qoyulan nadir yazıçılardandır. Hətta kiçik planetlərdən birini də onun şərəfinə adlandırmışdılar… Bunu eşidən yazıçı zarafatla söyləmişdi: “İndi məni əminliklə Asteroid Linqren də çağıra bilərsiniz”...Astrid Lindqrenin heykəli

Yazıçı 2002-ci ildə 95 yaşında ikən vəfat edir.
 Astrid Lindqrenin ömrü uzun olur, ancaq uzunömürlülüyün də pis cəhəti varmış. Belə ki, Astrid həyat yoldaşını, dostlarını, hətta oğlunu itirir. Vasa-parkın qarşısındakı mənzil də boşalmışdı. Hər gün məktub qəbul edən poçt qutusu da, həmçinin.

Ancaq Astrid Lindqren hamını Karlsonun gələcəyinə inandırmışdı. Axı o, qayıtmağa söz vermişdi...


Tərcümə: Aytən Cavanşir
Davamı →

Astrid Lindqren fəlsəfəsi

Bir neçə il öncə uşaqlara azərbaycan dilinin incəliklərini öyrətmək məqəsədilə Bakıdan bir neçə kitab gətirdik. “Vətən dili, “Riyaziyyat” və digər milli nağıllardan ibarət büroşuralarla bərabər “Azərbycan xalq nağılları” kitabı da Frayberqə gəlib çıxmışdı. 

Həmin dövrdə uşağa axşamlar, yatmamışdan öncə kiçik nağıllar oxuyardıq. Düşündüm ki, arada bir bizim nağıllardan da oxumaq yerinə düşərdi, həm uşaq valideynlərinin uşaqlıqda oxuduqları nağıllarla tanış olar, həm də dilləri zənginləşər. Görünür illər ötdükcə elə mənim özüm uşaqlıqda oxuduğum milli nağılların fəlsəfəsini tam unutmuş imişəm. Artıq ikinci nağılda uşaq darıxmağa başladı, nağılın mənasını anlamağa çalışsa da kiçik qafası buna imkan vermədi.

Mən ona divin nə üçün qızı oğurlayıb yerin altındakı mağarasında saçından asdığını, Məlikməmmədin qardaşlarının onu nuyə quyuda qoyub aradan çıxmalarını izah edə bilmədim. Keçəlin isə niyə saçlarının töküldüyünü uşaq dili ilə aydınlatmaq elə də asan olmadı.

Sonradan mənə agah oldu ki, gecələr uşağa oxuduğumuz Astrid Lindqrenin hekayə-nağılları öz təsrini göstərib. Astrid Lindqren nağıllar dünyası elə füsunkardır ki, istər uşaq, istərsə də böyük oraya girdikdə çıxa bilmirlər. Bu hekayələrə qulaq asmış, onu oxumuş uşağı qədim dövrlərə aid “Yaxşı padşahın nağıl”ları ilə maraqlandırmaq çox çətindir.
Ardı →