Ayaqlarım üşüyürdü | Aytən Cavanşir

Ondan yalnız xoşum gəlmirdi, onu ilahiləşdirmişdim… Hər axşam evə gəlir, köhnə kitablarla dolu havasız, dar otağıma girir, divarın o tayından onun qoyduğu mahnıları eşidərək ilhamlanıb musiqilərimi bəstələməyə başlayırdım. Mən Elisanın musiqisi, milyonlar isə mənim musiqilərimin sədaları altında rahatlıq tapırdı. Bəlkə, hətta kimlərsə mənim bəstələrimdən ilham alaraq şeirlər yazır, xəyallara dalır və yaxud qətl planını hazırlayırdı...

Bir anlıq təsəvvür edəndə ki, Elisa qonşuluğumuzdan köçə bilər, dəli olurdum. Bu fikri ağlımın ucundan belə keçirə bilməzdim. Saat neçədə evə gəldiyini də öyrənmişdim. Odur ki, harda oluramsa-olum, özümü həmin vaxta çatdırırdım. Təki onunla liftə eyni vaxtda daxil ola bilim və heç olmasa, yarım dəqiqə də olsa, onunla ünsiyyətdə olub, bahalı ətrini hiss edim, qoxulayım. Hər dəfə onu görəndə qəribə həyəcan hissi yaşayırdım. Həyəcan, qorxu və… ümidsizlik. Elisa nə vaxtsa mənə məxsus ola bilərdimi? Məncə, yox...

Liftin qarşısında onu görər-görməz mənsiz minməsin deyə təngnəfəs ona sarı qaçırdım. Görəsən, Elisa anlamışdı ki, ondan xoşum gəlir? Elə səfeh görünürdüm ki… Xüsusən də, onu görərkən otuz iki dişimi ağardıb: “O siz də buradasınız?” kəlmələrini işlədərkən. Bilmirəm, məni səfeh hesab edirdi ya yox, ancaq biz artıq tanış olmuşduq. Artıq mənim yaxınlaşdığımı görüb gülümsəyirdi. İlahi, onun təbəssümü necə də gözəl idi! Mən bu təbəssümə görə bütün dünyanın altını üstünə çevirməyə hazır idim. Di gəl, o bunu istəyərdimi? Məncə, yox…


Ardı →

Səni dinlərkən Kabil yadıma düşür | Aytən Cavanşir

— Səni dinlərkən Kabil yadıma düşür.Aytən Cavanşir
— Gözəl əfqan qadınları?
— Oradakı avtomat səsləri, eynən onlar kimisən, Ester, susmursan. Sükut yaranırsa da, qəfildən elə pozulur ki, insanın bütün vücudunu cəhənnəm həyəcanı bürüyür.
Mən… mən o avtomatlara nifrət edirdim, Ester. Mən avtomatlara, əsgərlərim isə mənə nifrət edirdi.
— Daha yoxdur, Otto, nə avtomat, nə atəş səsləri...
— Var, Ester! Burada yoxdur, ancaq orada var! Həmişə haradasa var, insan var olan yerdə atəş səsləri də kəsməyəcək.
İnsanlar daim durmadan özlərini məhv edəcək, yeni-yeni silahlar icad edəcəklər. Hər yeni mərhələdə ölüm daha səssiz olacaq, daha sürətli və səssiz silah yaradacağıq. Bu insanlığın ən ali məqsədidir, almaq və görmək, daha çörək və tamaşa yox — çörək və ölüm istəyirik...
Müharibədə əsgərlər qanlı əlləri ilə çörəyi tutur və iştahla yeyirdilər. Bax sən də indi süfrəni açmısan, bir azdan xəbərlər başlayacaq — İraqda, Suriyada, daha harada partlayışlar barədə xəbərlər verəcəklər.
Ardı →

Je vais t’aimer- Mən səni sevəcəm | Aytən Cavanşir

Qutuda cəmi bir ədəd siqaret qalmışdı, onu götürüb çəkməyə başladı. İşıqsız, soyuq otağı isə Mişel Sardunun mahnısı bürümüşdü. Qadın eyni anda üç şey edirdi: – siqaretini tüstülədir, mahnıya qulaq asır və dodağının altında öz-özünə danışırdı...

«Mən səni sevəcəm, heç kimin cürət edə bilmədiyi qədər, 
Mən səni sevəcəm, xəyallarında təsəvvür edə biləcəyindən də artıq...”

— O, hamıya baxırdı, yaşından asılı olmayaraq hamıya, bütün qadınlara — ən vulqarına, ən iyrəncinə belə. Məni alçaldan da bu idi, Mişel. Yanımda dayana-dayana ən yöndəmsiz qadına da baxa bilərdi, öz acgöz gözləri ilə. O gözlərə necə də nifrət edirdim, bir bilsəydin...

»Səni elə sevəcəm ki, gözlərimiz yumulacaq, bədənlərimiz əzab çəkəcək və öləcək,
Elə sevəcəm ki, ruhumuz göyün yeddinci qatına uçacaq, düşünəcəyik ki, ölmüşük, ancaq yenə də sevəcəyik,
Mən səni sevəcəm...”
Ardı →