Azərbaycanda toy adət-ənənələri

Bir xalqın tarixi kökünü, milli mənəviyyatını öyrənmək istəyiriksə, mütləq həmin xalqın milli adət-ənənələrinə nəzər salmalıyıq. Çünki milli adət-ənənələr hər bir xalqın milli mənəviyyatının zənginliyindən, irsindən, inkişafından və dəyərlərindən xəbər verir.

Milli dəyərlərə bağlılıq, milli irsə sahib çıxmaq o qədər vacib nüansdır ki, hər birimiz bu missiyanın öhdəsindən layiqincə gəlməliyik. Adət-ənənələrin yaşadılması çox vacibdir. Onu yaşatmalı olan isə biz vətəndaşlarıq. 

Azərbaycan xalqının da özünə məxsus bir-birindən gözəl dəyərləri mövcuddur. Milli musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, milli geyim tərzimiz və.s.
Davamı →

Klassik toy ənənələri unudulur...?

Hər birimiz doğmalarımıza, övladlarımıza "şahlara" layiq təmtəraqlı toy etməyi arzulayırıq. Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, gözəl libaslar, bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər, həm də daha yaddaqalan edir. Yeni ailə quran cavanların toyu qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir.
   Gəzib gördüyümüz, televiziya ekranlarından seyr etdiyimiz Avropa toylarına xas olan bir çox təmtəraqlı toy elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq, onun təkrarsızlığını, bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. Müasirlik, inkişaf gözəldir. Ancaq hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Çalışmaq lazımdır ki, bu adət-ənənələr unudulmasın. Düzdür, bəzi adətlər ola bilər ki, bu gün köhnəlik, geridəqalmışlıq kimi görünsün, ancaq bizim çox gözəl, mənalı, lazımi toy adətlərimiz var ki, onları unutmaq olmaz. Onları unutmaq milli mənsubiyyətimizi unutmağa, keçmişimizdən imtina etməyə gətirib çıxara bilər. Biz nə qədər müasirləşsək də, şərqin özünə aid müəyyən milli adət-ənənələri var. Biz mərasimlərimizdə həmin ritualları, adətlərimizi yaşatmağa borcluyuq. Bizi bəlkə də qərbdən, digər millətlərdən fərqləndirən məhz elə milli adətlərimiz, rituallarımız, milli irsimizdir. Bunu qorumaq isə əslində hər birimizin üzərinə düşən məsuliyyətdir.
Ardı →

Toy adətləri

Azərbaycanın milli toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr ( qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Milli toy adət-ənənələrimiz həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir.
Davamı →

Azərbaycan toy adətləri

Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə «adət-ənənələrimiz itir» deyəndə, «müasirləşirik də!» cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur.
Davamı →

Yaxşı toy tamadası ilə tanınar

Keçmiş zamanlardan toyların idarə edilməsi ağsaqqalların məsləhətilə qabiliyyətli, dilli-dilavər, el-obanı yaxşı tanıyan adamlara tapşırılarmış. Sonralar toyları idarə etmək bir sənət çevrilib. İndi məclisi idarə edənlər ya tamada, ya da masabəyi adlandırılır. Təsadüfi deyil ki, tamada sözünün mənasını «məclisin atası» kimi yozurlar. Yəni həmin şəxslər məclisə tam verən, dad qatan, onu maraqlı edə bilənlərdir.

Tamadalığı incəsənət aləminin bir qolu da hesab edirlər. Müasir Azərbaycan toylarını, şənliklərini  tamadalarsız təsəvvür etmək mümkün deyil. Hər toyu ovqatına uyğun olaraq idarə edən tamadalar məclisə həm də rəng qatan, şənləndirən şəxslərdir.
Ardı →

Evlənmək istəyirəm! Nə lazımdır?

Toy insan həyatının ən vacib məqamlarındandır. Bu gündə hamı, xüsusilə toyun səbəkarları olan gəlin və bəy ömüründə heç olmazsa bir dəfə hamıdan fərqli, hamıdan gözəl görünməyə layiqdir. Gəlinlər üçün həmin günü anlamlı edən əsas atributlardan biri ağ gəlinlikdir ki, bu paltarı geyinmək hər bir qızın ən böyük arzusudur. Gəlinliklərə gəlincə, hazırda onları şəhərimizin müxtəlif salonlardan əldə etmək olar.
Əsasən, İtaliya, Türkiyə və Dubay istehsalı olan geyimlər bir günlük kirayəyə verilir. Onların qiymətləri isə çeşidləri kimi bir-birindən fərqlənir. Belə ki, salondan adi gəlinlik paltarını 250-300 manata kirayəyə götürmək olur. Dəbdəbəni xoşlayan xanımlara isə 2500-3000 manatlıq və daha baha geyimlər məsləhət görülür. Onu da qeyd edək ki, ilk dəfə kirayəyə verilən geyimlər gələcək gəlinlərə 800-900 manata başa gəlir.


Gəlinlik paltarı ilə yanaşı gəlinlik ayaqqabısı da toya hazırlıq üçün vacib aksesuardır. Qiymətlərə gəlincə, bu, 20 manatdan 1200 manata kimi dəyişir. Bu günün əsas qəhrəmanı olan gəlinin gözəl və fərqli görünməsini təmin edən digər bir məqam isə onun saç düzümü və makiyajıdır. Hazırda gözəllik salonunda göstərilən bu xidmətin qiyməti isə müxtəlifdir. 120 manatdan başlayan bu məbləğ 550-600 manata kimi qalxa bilir. Beləliklə, bir qızın toya tam hazır olması üçün orta hesabla 750-800 manat xərc çəkilməlidir.


Bu gün qadınlarla yanaşı, kişilər üçün də böyük anlam kəsb edir. Kişilər öz toy günlərində qeyri-adi görünməyə çalışır. Bunun üçün onlar adi kostyumla yanaşı, smokinq də geyinir. Kişi kostyumlarının alış qiyməti 70 manatdan 900 manata qədər dəyişir. Smokinqlərin qiyməti isə 1000 manat və daha bahadır. Toyqabağı bəyin yalnız bərbər xidmətlərindən istifadə etməsi ona ən azı 10, ən çoxu isə 50 manata, bəylik hamamından istifadə etməsi isə 500-1000 manat, bəzən də daha baha başa gəlir. Beləliklə də bir bəyə çəkilən xərc orta hesabla 1000 manata bərabərdir.
Kənan Məcidov toy fotosu
Geyim qədər diqqət yetiriləcək digər vacib məqam toyun keçiriləcəyi məkanla bağlıdır. Hazırda Bakıda 200-ə qədər şadlıq sarayı var ki, onlar təxminən eyni xidməti göstərsə də fərqli qiymətlər təklif edir. Belə ki, bir yerin qiyməti şadlıq saraylarından asılı olaraq 18 manatdan 350-400 manata qədər dəyişir.
Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda il ərzində təxminən 90 min toy mərasimi keçirilir. Toyların təsnifatını apardıqda isə insanları ən çox narazı salan toylardakı həddindən artıq olan səs-küydür.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yaranan səs-küyü mədəniyyətsizliyin bir forması adlandıraraq, bunun sağlamlığa da mənfi təsir göstərdiyini deyir: “İnsanlar bir-biri ilə qışqıra-qışqıra danışması mədəniyyətsizliyin elementi hesab olunur. İnsanlar bir-biri ilə çalışırlar daha sakit, etik qaydalara uyğun danışsınlar. İkinci, tibbi baxımdan 5 saat normadan qat-qat artıq olan səsi dinləyən vətəndaşda mütləq kantuziya əlamətləri yaranır”.


H. Rəcəbli Tacikistanı nümunə gətirərək, bu ölkədə mərasimlərin keçirilməsi ilə bağlı xüsusi qanunun işlənib hazırlandığını deyir. Həmin qanunda toya dəvətlilərin sayı, menyu, hətta maşın karvanında neçə avtomobilin iştirakı belə öz əksini tapıb. Bu modelin Azərbaycana tətbiqini gülünc hal sayan millət vəkili, çıxış yolunu yalnız ictimai qınaqda görür:
Müasir toylarda milli mənəvi dəyərlərin get-gedə yox olması, əvəzində isə Avropa adətlərinin üstünlük təşkil etməsini millət vəkili Azərbaycanın bir ictimai-sosial qurumdan digərinə transformasiyası ilə əlaqələndirir. O, hər iki dəyərin çulğalaşdığı toy mərasimlərinin tərəfdarıdır. Müasir toylarda israfçılığa da münasibət bildirən komitə sədri, bütün bu çatışmazlıqların qarşısını almaq üçün cəmiyyətdə tanınmış şəxslərin, ziyalıların tədbir görməsini, onların müasir, mədəni bir toy nümunəsi göstərməsini məsləhət görür: “Mənim bir subay oğlum var. Onun toyunda mən bir toy nümunəsi göstərəcəyəm. Azərbaycanın milli adət-ənənələri ilə sivil dünyanın adət-ənənələri qovuşacaq. Camaata göstərəcəyəm ki, belə də toy etmək olar”.
Hadı Rəcəbli Avropa toylarının müsbət xüsusiyyətlərini Azərbaycan toylarına tətbiq etməyi təqdirəlayiq hal sayır. Bura mərasimlərin qabaqcadan proqramlaşdırılması da daxildir. Millət vəkili hətta toyun proqramını çap etdirərək dəvətnamə ilə birlikdə qonaqlara paylamağı da məsləhət görür.

Həmçinin bax: Azərbaycan toy və pis adətlər
Mənbə: Anspress.com
Davamı →