"Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət - 28 may 1953-cü il

Əziz Vətəndaşlarım!

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 ilə qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı.


Ardı →