Azad Qaradərəli - Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri (romandan parça)

Mən bir kənd müəllimi idim. Hərdən hekayələr və məqalələr yazardım. Sonra məktəb direktoru oldum. Kəndimizdə ibtidai məktəb orta məktəbə çevriləndə, yeni məktəb binası tikiləndə, o məktəbdəki uşaqlar səs-səsə verib oxuyanda  özümü dünyanın ən xoşbəxti sanırdım.
Sonra ilk kitabım çıxdı. Sonra rayon qəzetində çalışdım. Sonra raykomda işlədim. Sonra 20 Yanvar faciəsi baş verdi və mən etiraz əlaməti olaraq Sov.İKP sıralarından çıxdım… Sonra… bu sonuncu “sonra” kimi ağır şey olmayıb həyatımda – onda mənim kəndim, rayonum, Qarabağım erməni və rus birləşmələri tərəfindən işğal olundu. Evim, şəxsi kitabxanam, məktəbim, ata yurdum, yaşı bilnməyən qəbiristanım dağıdıldı… Əlyazmalarım yandı...

Davamı →

"Gədə" | Azad Qaradərəli

Kəndə xəbər yayıldı ki, Vadər yenidən Rusiyaya qaçıb. Gedib yox ha, məhz qaçıb.
Getməyinə qalanda burda qəribə şey yoxdu ki...
Onsuz da kəndin əli ağac tutanlarının yarısı Rusiyada, yarısının yarısı Türkiyədə, qalan yarısı isə Bakıdaydı.
Zivər arvad yana-yana deyirdi ki, xarabada toyuq başı kəsən tapılmır.
Elə özlərini tanıyan kimi Yolaşandan aşırlar o üzə, day bir də geri qayıtmırlar...
Axırda arvad yandığından baltanı iki qıçının arasına qoyub yezidə lənət oxuya-oxuya “bissimillah” deyib bıçağı əlinə alıb özü toyuq başı kəsməyə başladı. (Elə bil kişi qısmını kənddən yezid qaçaq salmışdı)
Ardı →

"Adamı igid kimi ölməyə də qoymurlar" | Azad Qaradərəli

Məni yandıran odu ki, Eltac heç zaman uşaqlığından çıxa bilmədi.
Yəni, mənim gözümdə həmişəlik uşaq kimi qaldı.
Düzdü, kişiləşmişdi, boy-buxunda lap mənə çatmışdı, bığı da əməlli-başlı onu kişiyə oxşadırdı.
Amma bu kişi görkəminin içində, bir uşaq qiyafəsi, uşaq şəkli ürkək-ürkək boylanırdı.
Elə bil yeniyetmə oğlana atasının paltarını geyindirmisən, qalıb pencəyin uzun ətəyini, qollarını dartışdıra-dartışdıra.
Hələ üzünə bir qorxu, bir vahimə çökmüşdü ki, baxanda ödüm ağzıma gəlirdi. Kaş görəydiniz öləndə necə yalvarırdı mənə.
“Əmi, deyəsən axı mən ölürəm. Hə, əmi? Niyə dinmirsən? Boğazım get-gedə quruyur elə bil. Sözlər ağzımdan almaz kimi çıxır e...
Bu nədi belə? Dilimi doğrayır elə bil… Əmi, sən ağlayırsan?
Ardı →