Bağlı qapı | Xulio Kortasar

Xulio Kortasar“Servantes” oteli başqalarının bəyənməyəcəyi yarıqaranlığı, sakitliyi, boşluğu ilə xoşuna gəlmişdi. Təsadüfi yol yoldaşı gəmidə ona bu oteli təriflədi və dedi ki, o, şəhərin mərkəzində yerləşir. Və budur, artıq Montovideoda, Petrone özünə düz ikinci mərtəbənin holluna çıxan vannalı otaq götürdü. 

Elə açarlar asılmış taxta lövhəyə baxarkən o başa düşdü ki, otel demək olar ki, boşdur. Qonaqlar onu cibinə qoymasın deyə hər bir açara böyük mis nömrə bərkidilmişdi. Lift hollda, jurnal köşkünün və telefon siyahısının yanında, onun qapısından bir neçə addımlıqda dayanırdı. İsti, az qala qaynar su gəlirdi və bu, az da olsa, boğanaqlığı və yarızülməti adama unutdururdu. Hərdən göyərçinin gəzişdiyi kiçik pəncərə qonşuluqdakı kinoteatrın damına açılırdı. Hamam otağında hava nisbətən təmiz, pəncərə daha böyük idi, lakin orada da baxışlar divara dirənirdi, otağın damı üzərindəki kiçicik göy parçası isə gərəksiz görünürdü. Mebel xoşuna gəldi – çoxlu yeşiklər, siyirmələr və xüsusən nadir olan çoxsaylı asılqan. 
Mehmanxana müdiri — hündür, arıq, keçəl – qızıl sağanaqlı eynək taxırdı və bütün uruqvaylılar kimi, bərkdən və cingiltili səslə danışırdı. O dedi ki, ikinci mərtəbədə çox sakitlikdir, yalnız bir, qonşu nömrə tutulub və otağın sakini olan qadın işdən gec qayıdır. Ertəsi gün Petrone həmin qadınla liftdə üz-üzə gəldi; o, qadını iri sikkə kimi əlində tutduğu nömrə açarından tanıdı. Portye hər ikisindən açarı alıb taxta lövhədən asdı, qadınla isə məktublar barədə danışdı. Petrone görə bildi ki, o, hələ cavandır, bütün yerli qadınlar kimi, çirkin və pis geyimdədir. 

O, təxmini hesabladı ki, mozaika təchizatçıları ilə müqavilə bağlanılması təxminən bir həftə çəkəcək. 
Ardı →