Şəhər Bələdiyyə İdarəsi və Duma

Rusiyada təhkimçilik sisteminin ləğv edilməsindən sonra şəhərlər inkişiaf etməyə başlayır. Əhalinin sayı çoxalır. Bununla əlaqədar şəhərlərin büdcələri də artırdı. Buna görə keçmiş şəhərlərin idarə edilməsi sistemi daha yaramırdı. Şəhərləri idarə etmək sistemində mütləq reforma yaradılmalı idi. Bu reformanın yaradılması hazırlığı 8 il çəkdi. Nəhayət 1870-ci ilin 16 iyununda təsdiq edildi. O əvvəlcə Rusiyanın daxili quberniyalarında həyata keçirildi. Zaqafqaziyada isə onun həyata keçirilməsi ləngiyirdi. Buna da bəhanə o idi ki, guya yerlilərin şəhər özünü idarə işində səriştələri yoxdur. Qafqaz canişini və qubernatorlar da bu fikirdə idilər. Bakı qubernatoru Kolyubakin də isbat etməyə çalışırdı ki, bu məsələ nə qədər uzansa yaxşıdır.
Davamı →

Nobel qardaşlarının şirkəti

Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Davamı →

Bakı neft səltənətidir

Bakını bütün Şərq ölkələrində, habelə Avropada, bir sözlə, bütün dünyada tanıtdıran onun nefti və yanar torpaqları olmuşdur. Bakıda neft hələ qədim zamanlardan çıxarılırdı. Çox dayaz quyulardan əllə çıxarılan neft həm şəhərin özündə yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edilir və həm də tuluqlara doldurularaq, karvan-karvan uzaq ölkələrə aparılırdı. Sonrakı əsrlərdə, xüsusilə xanlıqlar dövründə neft şəhərin iqtisadiyyatında böyük rol oynamağa başlamışdı. Bakı xanlarının iki əsas gəlir mənbələri vardı: neft və duz yataqları. Neft, əlbəttə, çox ibtidai üsulla çıxarılırdı: əllə və dolamaçarxla. Quyular çox dayaz idilər. Balaxana neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olmuşdur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılmışdır. Şəhərdə evlər içərisinə neft doldurulmuş qara çıraqlarla işıqlandırılırdı. 1733-cü ildə Bakıda olmuş rus akademiki İ. J. Lerx Bakıda 52 neft quyusu olduğunu gözləri ilə görmüşdu. 1771-ci ildə Bakıda olmuş akademik S. Q. Qmelin isə neft quyularının necə qazılmasını təsvir etmişdir.
Davamı →

Bakı Arxipelaqı və Bakı Körfəzi

Bir-birinə yaxın adalar qruppasına arxipelaq deyilir. Bakı arxipelaqına daxil olan adalar və bankələr bunlardır: Adalar — Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və yaxud Qum adası), Zənbil, Səngi Muğan, Çikil, Qara Su, Xərə Zirə, Çilov, Pirallahı, İqnat Daşı və sairələri. Bankələr — Savenko, Bezimyannı, Kornilov- Pavlov, Makarov, Borisov və başqaları.
Bankə — dənizin nisbətən dayaz yerlərinə deyilir. Bunlar dənizdə gəmiçilik üçün çox təhlükəlidir.
Bu ada və bankələrdən əksəriyyətinin adları rus işğalından sonra dəyişilmişdir. Məsələn, Böyük Zirə — Nargin, Daş Zirə — Vulf (bu adaya kiçik Zirə və ya da Qum adası deyilir), Zənbil — Duvannı, Səngi Muğan — Svinoy, Çikil — Oblivnoy, Qara Su — Los, Gil — Qlinyanı, Xərə Zirə —  Bulla,  Çilov,  Pirallahı  - Artyom adlandırılmışdır.
Davamı →

BAKI - quberniyanın paytaxtıdır

1859-cu ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələ şəhəri viran qoymuşdu. Bütün daş binalar və o cümlədən qubernatorluğun inzibati binaları da uçub dağılmışdı. Belə bir hadisədən sonra quberniya paytaxtının Şamaxıda qalıb-qala bilməməsi məsələsi Qafqaz canişinliyini düşündürməyə başladı. Canişin imperator Aleksandr qarşısında məsələ qaldıraraq, bildirdi ki, belə dəhşətli təbii fəlakətdən sonra quberniya mərkəzinin Şamaxıda qalması məqsədəuyğun deyil. 1859-cu il dekabrın 6-da imperator Aleksandrın fərmanı əsasında Şamaxı quberniyası ləğv olunub, əvəzində Bakı quberniyası yaranır ki, bunun da mərkəzi Bakı şəhəri elan edilir. Həmin fərmandan sonra keçmiş quberniyanın bütün əmlakı Bakıya daşınır. Şamaxı isə qəza mərkəzi olaraq qalır.
Davamı →

İçəri Şəhərdən Bayır Şəhərə

Əhalinin artımı nəticəsində şəhər böyüməyə və qala divarlarından xaricə çıxmağa başlamışdı. Hökümət şəhərdən kənara, qala divarları ətrafındakı forştatda torpaqları satmağa başladı. Torpaq ucuz satıldığı üçün çoxları çalışırdı ki, bir parça torpaq sahəsi alıb, özünə ev-eşik tiksin. Əgər əvvəllər qala divarlarından xaricdə cəmi bir neçə tikili vardısa, indi bir-birinin böyründə tikilmiş palçıq binaların sayı gündən-günə artırdı. Əhalinin bəzi qismi isə qala divarlarından xaricdə yaşamağa çəkinirdi. Çünki kənardan hücum və basqın edilərsə, qorunmağa və daldalanmağa heç bir istehkam yoxdu. Buna görə çoxları İçərişəhərin darısqal, rütubətli daxmalarında yaşamağı daha üstün tuturdular. Xüsusilə varlı təbəqələr qala divarları ilə qorunan həyət-bacasını tərk edib, sərvətlərini təhlükə altında buraxmaq istəmirdilər. Bütün qala divarları boyu qoyulmuş çuqun toplar və əsgərlər tərəfindən qorunan möhkəm darvazalar onların dinc həyatı və sərbəst ticarətləri üçün möhkəm təminat verirdi. Hava qaralanda isə darvazalardakı taxta körpülər qaldırılır və dəmir üzlü qapılar möhkəm bağlanır və şəhər şirin yuxuya gedirdi.
Davamı →

Bakı Komendantlıq dövründə

Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra xanlıqların əvəzinə əyalət və dairələr təşkil olundu və bu əyalətlərdə çarizmin hərbi-inzibati sistemi yaradıldı. Bu sistem komendant və idarə sistemi adlanırdı. Azərbaycanda altı əyalət: Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, bunlardan başqa Qazax və Şəmşəddin distansiyaları təşkil olunmuşdu. Hər əyalətin başında komendant dururdu. Komendantlar Qafqazın baş komandanı tərəfindən etibarlı zabitlərdən təyin olunurdu. Komendant əyalətdə külli-ixtiyar sahibi idi. Onlar vəzifələrə məmurlar təyin edir, bəylərə torpaq sahəsi ayırır, lazım bildikləri zaman torpağı geri alır, vergilərin toplanması barədə sərəncamlar verirdi. Bakı komendantı neft və duz yataqlarını, balıq ovunu və s. iltizama (icarəyə) vermək hüququna da malik idi.
Davamı →

Bakı Rusiyanın tərkibində

Sisianovun öldürülməsini Dağıstan feodalları sanki çoxdan gözləyirdilər. Yaranmış şəraitdən istifadə edərək, Qazıkumux və Avar xanları Azərbaycanın içərilərinə soxuldular. Surxay xan Kür sahillərinədək gəlib çıxdı. Lakin daha irəli gedə bilmədi. Rus qoşunlarının arxadan özlərini yetirə biləcəklərini düşünüb, geri dönməyə məcbur oldu. Başqa xanlar isə ehtiyat edib, Surxay xana qoşulmadılar. Onlar Şimali Qafqazdan çar qoşunlarının gec-tez yürüşə başlayacaqlarını bilirdilər. Baharın axırlarında İran şahı da Azərbaycana qoşun yeritdi.
Davamı →

Sisianovun öldürülməsi

1806-cı ilin fevral ayı idi. Qış bərk keçsə də, qar artıq tamam ərimişdi. Ancaq havada hələ şaxta vardı. 200 nəfər süvari atlarından düşüb gözləyirdi. Hamının nəzərləri irəlidəki qədim qalanın darvazasına zillənmişdi. Hamıdan qabaqda durmuş adamın çiynindəki zər baftalı paqonlar tutqun havada uzaqdan diqqəti cəlb edirdi. Onun solğun sifəti, gözlərinin altına çökmüş dərin kölgələrdən bilmək olurdu ki, gecəni yatmayıb. Azca uzunsov sifəti qaramtıl bir rəng almışdı. O, Şamaxıdan çıxandan özünü pis hiss edirdi. Hətta elə vəziyyətdə idi ki, atın üstünə yaxın adamlarının köməyi ilə qalxa bilmişdi. Sonra da Şamaxı dağlarını keçərkən qar və yağış onu tamam taqətdən salmışdı.
Davamı →

Bakı xanlığı

Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.
Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar.
Davamı →