Bilgəh

Bilgəh qəsəbəsi şimal və şərqdən Xəzər dənizi ilə əhatələnib, cənubdan Buzovna, qərbdən Nardaran və Maştağa qəsəbələri ilə qonşudur. Kəndin əhalisinin sayı 11 min nəfərdir. Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf edib. Kəndin indiki sakinləri isə əsasən əkinçilik və gülçülüklə məşğul olurlar. Kəndin adı bəzi mənbələrdə bataqlıq yer mənasını verən “bilgəh” kəlməsi ilə əlaqələndirilir, bir başqa mənbələrdə isə barama yeri, ipək istehsal edilən yer anlamında olan “piləgah” sözü ilə izah edilir. Üçüncü versiya kimi kəndin adının Bilgə xaqanının adından götürüldüyü bildirilir. Ehtimal olunur ki, böyük türk xaqanı Bilgə xanın nəslindən olan şəxslər bu kəndin əsasını qoyublar. Böyük tarixçi A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Bilgəhin adını çəkir. Müəllif Şirvanın qədim tarixindən (ərəblərin Qafqaza gəlməsinədək) danışarkən qeyd edir ki, Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və digər kəndlərdə qayalar üzərində təkər izləri var ki, dənizin içərisinə doğru keçir.
Davamı →