Kinomuzun Ceyhun Mirzəyev məqamı

Bir çox kino adamları «kino mənim həyatımdır» deyə bilərlər: bu sənəti həyatı qədər sevdiyindən, yaxud kino aləminə ömrünün ən yaxşı illərini bağışladığından. Ceyhun Mirzəyev də belə deyirdi. Amma onun bizim gördüyümüz, bildiyimiz həyatının bütün məqamlarının başlıca özgünlüyü olan səmimiliyinin nagahani təsirliliyi bu deyimə ayrı bir ahəng verirdi; onun çəkiliş meydançasında ilk iştirakı 1 yaşında ikən baş tutmuşdu.

1 yaşlı oğlan uşağının dil açar-açmaz poetik parçalar söyləmək bacarığını görən kino işçiləri Ceyhunu İ. Piryevin «Sibir torpağı haqqında dastan» filminin çəkilişlərinə aparıblar. Bundan sonra biz kinosevərlər onu tez-tez görməyə başladıq — «Koroğlu», "Əsl dost", «Bir məhəlləli iki oğlan», «Cazibə qüvvəsi», «Görüş», "Ögey ana", «Yenilməz batalyon», «Lətifə», «Yol əhvalatı» və s. Tez də itirdik. İlk rejissor işi həm də sonuncu oldu — «Fəryad» filminin sarsıntısı iliyə elə işlədi ki, çox keçmədən o fəryad Ceyhun Mirzəyevin bu dünyanı qəfil tərk etməsinin onu sevənlərin qəlbində qopardığı fəryada qarışdı.
Davamı →

Ceyhun Mirzəyev

Ogey anaHəyat yenə öz sərt üzünü göstərmişdi. Bir uşağın yaşaya biləcəyi ən böyük dərdi yaşatmışdı. Yetim qalmışdı İsmayıl. İsti ana qucağına, ana nəvazişinə ehtiyac duyduğu yaşda...
Amma bu balaca oğlan həyatın bu sərtliyinə yenilmir. Ögey ananın doğmalığını qəbul etməklə, qalib gəlir. Bu, İsmayılın yetimliyə qarşı bir fəryadı olur.
İllər ötür. Balaca İsmayıl böyüyür. Bölük komandiri İsmayıl Hüseynova çevrilir. Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür. Bu isə İsmayılın düşmənlərə, haqsızlıqlara qarşı bir fəryadı olur...

Əslində onun bütün həyatı mübarizələrlə keçir. Hələ uşaq yaşlarından başlayaraq. Əvvəl həyat mübarizəsi, sonra sənət, ən sonda isə yaşam… O, bircə sonuncu mübarizəsindən qalib çıxa bilmir. Vaxtsız ölümə uduzur. 
Elə onu Azərbaycan xalqına Ceyhun Mirzəyev olaraq tanıdıb sevdirən də məhz bu mübarizələr olur. Əvvəl balaca İsmayılın həyatın sərt üzünə-yetimliyə qarşı mübarizəsi, illər sonra isə doğma torpaqlarını viran qoya düşmənlərinə qarşı fəryadı.
Hər iki obraz əslində Ceyhun Mirzəyevin özü idi. Yaşantıları, həyatı idi… Ceyhun da balaca İsmayılın taleyinə bənzər bir tale yaşamışdı. Hər iki uşağın həyatında xeyli oxşar cəhətlər vardı. Birinci növbədə elə yetimlik...

Ardı →