Gülüstan müqaviləsi

1813-cü ilin 12 oktyabr tarixində imzalanan birinci müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. 

Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napoleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.


Davamı →

Gülüstan və Türkmənçay müqavilələrinin acı nəticələri

1801-ci il martın12-də rus imperatoru I Pavel vəfat etdikdən sonra imperiyanın taxt-tacına oğlu I Aleksandr çıxdı. I Aleksandr Gürcüstan ərazilərinin Rusiyaya birləşdirilməsi haqqında 1801-ci ilin sentyabrın 12-də Gürcüstanda daxili idarəetmə orqanlarının təşkili haqda senata göstəriş verildi və general-leytenant Knorrinq Gürcüstana qubernator təyin edildi. Karteliniyada Qori, Lori, Duşeti qəzaları, Kaxetiyada isə Telav və Siqnax qəzaları olmaq şərtilə Gürcüstanda qəza bölgüsü aparıldı. Yüksək məmur vəzifələri – dövlət və iqtisadiyyat, cinayət və mülki işlər üzrə ekspedisiyalardan ibarət Ali Gürcüstan hökuməti yaradıldı.

Davamı →

Tarixdə yeganə Qacar-Osmanlı müharibəsi

Türk-İslam aləminin son 6 əsrlik tarixinə nəzər saldıqda, bu zaman aralığında qeyd olunan coğrafiyada ən mühüm proseslərin mərkəzində Osmanlı İmeperiyası ilə indiki Azərbaycan, Gürcüstan, Ermənistan, Şimali Qafqaz, İran, İraq, Əfqanıstan və Pakistan ərazilərində mövcud olmuş Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar dövlətlərinin dayandığını görərik.
Lakin çox təəssüf ki, adları çəkilən imperiyalar dövrün əsas hadisələrində həlledici amil kimi iştirak etsələr də, onların hegemonluq uğrunda amansız rəqabətləri üzündən qarşılıqlı münasibtlərində yaranan gərginlik uzunmüddətli və dağıdıcı müharibələrlə nəticələnib. Həmin müharibələr qalib tərəfin öz şərtlərini diqtə etməsinə imkan yaratsa da, bu üstünlük çox davam etməyib.

Davamı →

Azərbaycanın bölüşdürülməsi

Ağaməhəmməd Xan Qacar 1781-ci ildə İranda mərkəzi hakimiyyəti ələ alaraq 1785-ci ildə Tehranı paytaxt elan etdi. Onun Azərbaycana ilk yürüşü 1795- ci ildə oldu. II yürüş isə Ağaməhəmməd Xan Qacar Şah elan edildikdən sonra 1797-ci ildə baş verdi. Şuşanı ələ keçirən Qacar həmin il iyulun 4-də sui-qəsd nəticəsində öldürüldü və onun yerinə Fətəli şah Qacar hakimiyyətə gəldi.
1801-ci ildə Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Bu zaman Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da Rusiyaya qatıldı. Bununla da, Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu.
1803-cü ildə Balakən, 1804-cü ildə Car və Gəncə Rusiya tərəfindən işğal olundu. Gəncə xanı Cavad xan və oğlu Hüseyinqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. 1805-ci ildə Şamaxı, Qarabağ, 1806-ci ildə Bakı, Quba, Şəki və Dərbənd Rusiyanın hakimiyyəti altına düşdü. 1806-07-ci illərdə Osmanlı və rus ordusu arasındakı müharibə rusların qələbəsi ilə başa çatdı. 1812-ci ildə Rusiya ilə İran arasında həlledici döyüş oldu. Bu müharibədə ruslar qələbə çaldı və bundan qorxuya düşən şah sülh bağlamağa razı oldu. 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandı. Müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal xanlıqları, Şərqi Gürcüstan və Dağıstan Rusiyanın ərazisinə keçdi. Azərbaycanın bölüşdürülməsinin I mərhələsi sona çatdı.
 
Rusiyada 1825-ci ildə dekabristlər üsyanı baş verdi və bununla əlaqədar olaraq 1826-ci ildə II Rusiya-İran müharibəsi başladı. Bu müharibədə Ruslar Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi tutdular.1828-ci ilin fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı. Müqaviləyə görə İrəvan və Naxçıvan Rusiyaya verildi. İranda yaşayan ermənilər İrəvana, Naxçıvana və Qarabağa köçürüldü. Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi.
Bundan sonra ermənilərin kütləvi sürətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı. Xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü.
 
Müəllif R.F.Sadıqov
Mənbə Bunu hər bir Azəri Türkü bilməlidirkitabı
Davamı →