Gecə bənövşəsi | Hüseynbala Mirələmov

Həyatım mənim!
Tale bizi bu şəhərdə birləşdirmişdi, elə bu şəhərdə də ayırdı. Səninlə gəzib-dolaşdığım, bir-birimizə qısıldığımız, şirin-şirin dərdləşdiyimiz küçələrdən indi tək-tənha, yalqız ötüb keçirəm. Yeddi ildir ki, qəlbimi yandırıb-yaxan o amansız, əbədi ayrılığın sirrini anlamağa çalışıram. Qara bəxtimizi qınayımmı, dönük taleyimizə lənət yağdırımmı, fələyə qarğıyımmı, bilmirəm...
Rəhmətlik nənəm nə vaxtsa Məkkədən gətirilmiş sapsarı sünbül rəngində kəhrəba təsbehini çevirə-çevirə deyərdi: «Eh, ay bala, qəzavü-qədərdən qaçmaq olmaz. Qismət nədirsə, odur, özünü ha oda-közə vur, ha çalış-vuruş, xeyri yoxdu...»
Mən bu sözlərə etiraz edərdim, dünyanın hər üzünü görmüş, dişinə vurmuş qarını avam sayardım. Deyərdim, yox, ay nənə, elə deyil, hər şey insanın özündən asılıdır. Bax, mən oxuyuram, «beş» alıram, başqası oxumur, «iki» alır. Əlbəttə, qiymətlərimiz kimi bizim gələcək taleyimiz də fərqli olacaq!..
Nənəm başını bulayardı: «Yox, ay bala, mən gördüyümü görmüşəm; nə qədər əlləşirsən, əlləş, nə qədər vuruşursan, vuruş, yenə nəsibi-qismət var, alın yazısı var. Yazılana pozu yoxdur...»
Ardı →

Məhəbbət və P.S. | Hüseynbala Mirələmov

Gecənin bir aləmi Günayın yan otaqdan eşidilən qəfil qışqırığı ananı yatağından dik qaldırdı. O, təlaş və hövl içində qızı yatan otağa qaçdı. Dərhal divar lampasının işığını yandırdı. Öz qışqırtısından səksənib oyanan qız yatağında oturub içini çəkə-çəkə ağlayırdı. Elə bil onu əqrəb sancmışdı, bənizi kağız kimi ağarıb solmuşdu. Alnında, boyun-boğazında tər puçurlamışdı. Hətta anasının gəlişi, otağın işıqlanması da qızın halına təsir göstərə bilməmişdi, hələ də onun əlləri titrəyir, uçunan ayaqları yorğanı tərpədirdi. Ana qızını qucaqlayıb soruşdu:
— Qızım, nə olub, yuxu görürdün?
Günay körpə uşaq kimi başını anasının sinəsinə sıxdı:
— Yuxu yox, ana, dəhşət görürdüm… — deyə hıçqırdı, — hər yan qatı zülmət idi. Uzaqdan Xəyalın bağırtısı gəlirdi, elə bil dara düşmüşdü, deyəsən ağır yaralanmışdı. Zarıya-zarıya köməyə çağırırdı. Səsi qorxunc əks-səda verirdi, qaranlıqda hansı səmtə gedəcəyimi kəsdirə bilmirdim. Xəyal, Xəyal, haradasan? — çığıra-çığıra dəli kimi onu axtarırdım…


Ardı →