Yozef Haydn

KLASSİSİZM DÖVRÜ
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, klassisizm cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın «musiqi paytaxtı» sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Mosart və Bethoven yaradıcılığı klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.


YOZEF HAYDN (1732 — 1809)

Haydn irsi dünya musiqi mədəniyyətinin ən nikbin, işıqlı səhifələrindəndir. Doğma Avstriyanın gözəl təbiətini, kəndlilərin məişət və əmək lövhələrini təsvir edən bəstəkar həyatın kəskin dramatik təzadlarından, faciəvi tərəflərindən sanki kənarda qalır. Hərçənd Haydnın özü heç də asan həyat keçirməmişdir. On yeddi yaşından o, evsiz-eşiksiz qalmış, sonrakı on il ərzində isə yalnız təsadüfdən-təsadüfə iş tapıb pul qazanmışdır. 1761-ci ildən etibarən təxminən otuz il o, varlı macar knyazları Esterhazilərin sarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi çalışmışdır. Haydnın işi çox çətin və məsuliyyətli idi — o həm orkestrə rəhbərlik etməli, həm də knyazın zövqünü oxşayan əsərlər yaratmalı idi. Üstəlik, musiqi alətlərinin və partituraların səliqə ilə saxlanması və hətta musiqiçilərin geyimlərinə nəzarət də ona tapşırılmışdı. Lakin bütün bu çətinliyə və işin çoxluğuna baxmayaraq, Esterhazilərin malikanəsində Haydnın bəstəkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.


Ardı →