Meqapolis hüznləri | Qismət

“Sovetski”nin pişiklərinə ithaf olunur...Qismət
Babamgilin şəhərin mərkəzində evləri vardı. Mustafa Sübhi küçəsi, 31-də. Məşhur adıyla “Sovetski”də. “Seqa”nın təzə məşhurlaşan vaxtlarıydı. Evə gələn qonağa gedəndə pay qoymaq adəti ( bunlar adətən kənd yumurtası, pendir, yağ və mürəbbə, kampot olurdu) təzə-təzə səngiyirdi. 150 nömrəli məktəbin ətrafındakı dar küçələrdə saqqızdan yox, saqqızdan çıxan şəkillərdən ötrü futbol oynayırdıq. O vaxtlar məhlələrarası oyunlarda “turbo” saqqızından çıxan bu şəkilləri qazanmaq, bizim üçün dünya kubokundan üstün idi. Dönəmin Braziliya futbol yığmasında ən ünlü oyunçular Romario və Bebetoydu, amma “Tom və Cerri” cizgi filmi hələ köhnəlməmişdi. 90-cı illərin ortasıydı, əbədi keçmişə çevrilmiş uşaqlığımın ən dəcəl, ən qaynar, ən kədərli günləri...

“Uçan boşqablar” barədə məhəlli söhbətlər, başqaplanetlilər haqqında sənədli filmlər artmağa başlamışdı. “Terminator” filmində, böyük bir hərbi hissəni yenidən qurmağa yarayacaq qədər arsenalı tum kimi çırtlayan Arnold Şvartzeneggerin, həyatda da o cür olduğuna inanan adamlar Marsdan məhəlləmizə təzə-təzə təşrif buyurmuşdular.
Ardı →