İradəsizlik

İRADƏSİZLİK

Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini
                 unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşından
siləcəyəm saçlarının yumşağlığını.

Gəlməyəcəm sizə tərəf
Bəhanə edəcəyəm yolların uzaqlığını...
Qovacağam yaddaşımdan
               xırmandan sərçə qovan kimi
               sarıdimdik xatirələrini.
Qərəzli arzulartək
ürəyimdə boş qoyacağam yerini.

Zəng etməyəcəm sənə
Əli qoynunda qalacaq
              lal telefonun.
Şüşə gözlərdən
              kədərli rəqəmlər boylanacaq sənə.
Kədərlə baxacaqsan
              sükutun hədəsinə.
Hər gecə yuxulu gözlərində
              bir günlük ümid öləcək;
Yuxuna qorxulu
              şübhələr töküləcək,
Balıncın yarısı üşüyəcək....
Zəng etməyəcəm sənə,
Boşaldı cibimin iki qəpiklik yükü,
Avtomat telefonların
             azalacaq bir sakini.
İki yeri boş qalacaq arxa sırasında kinoteatrların,

Adını tapmayacaqsan arasında yeni yazdığım sətirlərin.

...Bu günün də
             sənsiz axşamı gəldi,
Evdəsənmi,görəsən
Telefonun yanındamı dayanmısan yenə sən?

Səsin isidərmi otağınızı
Məndən yenə qeybətlər
             edibmi qonşu qızı?!
Boylanırsanmı yenə
             mənim gəldiyim yola?...
Yordu «bəlkə»lər məni,
-Xaloğlu,
bəlkə,2 qəpiyin ola?...

                                        N.Kəsəmənli


Davamı →