Varlı deyilsənsə, gözəl olmağının da elə bir faydası yoxdu. Eşqbazlıq məzlumlara deyil, zənginlərə yaraşır. Kasıbasa həyata dik gözlə baxmaq qalır. Bir sözlə, qəşəng oğlan taleyini bölüşməkdənsə, illik gəlirə sahiblənməyin qat-qat sərfəlidi.
Hyui Erksinin vara bilmədiyi müasir həyatın dahiyanə həqiqətləri yetərincə sadəydi. Biçarə Hyui!
Etiraf etməliyəm ki, o, mahiyyətinə görə də qabarıq fiqur deyildi. Həyatı boyu nə hazırcavablığı, nə də acıdilliyi ilə fərqlənmişdi. Əvəzində şabalıdı qıvrımları, yunan profili və qonur gözləri onu gözəl kişi siyahısında birinci edə bilərdi.
Kişilərin də, qadınların da eyni qədər sevimlisi olan Hyuinin ən axsayan cəhətisə pul qazana bilməməsiydi.
Atası ona öz süvari xəncərini və on beş cildlik “İspaniyaya yürüşlərin tarixi”ni miras qoymuşdu. Hyui birincisini güzgünün başından asmış, ikincisini isə rəfdə Raffın soraq kitabçası və “Beyliz meqezin”lə yanaşı qoymuşdu. Özüsə bu arada yaşlı xalasının ildə iki yüz funtuna möhtac qalmışdı.
Özünə bir düzən qurmaq üçün hər şeyə əl atmışdı. Altı ay birjada oynamışdı, yalnız bundan sonra vaxtını havaya uçurduğunun fərqinə varmışdı. Elə bir o qədər də çay alverinə girişmişdi, amma sonunda bu işdən də usanmışdı. Sonra quru xeres (şərab növü – red.) satmağa cəhd eləmişdi. Amma burda da bəxti gətirməmişdi: xeres həddən ziyadə quru olmuşdu. Nəhayət, sadəcə bir heç olduğuna imza atmışdı – yaraşıqlı, yunan profilli, avara-sərgərdan növcavan.
Ardı →