Zarafat, nərd, şahmat və onların şərtləri haqqında | Qabusnamə

Bil, ey oğul, deyiblər: “zarafat şərin müqəddiməsidir”, yəni zarafat bütün bəlaların bələdçisidir. Bacardıqca şit zarafatdan qaç, əgər zarafat etsən, heç olmazsa, məst vaxtı etmə, belə halda şər və bəla daha çox olar. İstər ayıq ol, istərsə məst, nalayiq zarafatlardan və söyüş söyməkdən utan, xüsusilə nərd və şahmat oynadıqda, çünki bu iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam gətirirlər.

Çox nərd və şahmat oynamağı özünə adət etmə, oynamalı olsan, hərdənbir oyna, quşdan, qoyundan, qonaqlıqdan və ya bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad çıxarmışla oynama ki, sən də qumarbaz kimi tanınarsan. Oynayırsansa, özündən daha adlı-sanlı və şöhrətlisi ilə oyna.
Davamı →

«Qabusnamə» kəlamları

QabusnaməHəya-abırla yaşayıb dolanmaq istəyirsənsə, başqalarını rüsvay etmə.

Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə.

Nadana hər şeyi qorumaq özünü nadanlıqdan qorumaqdan daha asandır.

Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!

Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma.

İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə.

İstəyirsən ki, sirrinin üstü açılmasın, başqalarının sirrini açma.

Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör.
Ləyaqətsiz adamları diri hesab etmə.

Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə.

Nə qədər ki, gecə-gündüz gəlib gedir, illərin dəyişməsinə təəccüb etməyin.

İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?

Ən aldadılmış ona deyərlər ki, nağdı nisyəyə dəyişə.

Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla!
Ardı →