"Qlanın ölümü" - Knut Hamsun

Ailə üzvləri itkin düşmüş Leytenant Qlan haqqında qəzetə istədikləri qədər elan verə bilərlər. O tapılmayacaq. O ölüb. Mən hətta onun necə öldüyünü də bilirəm.

Düzü, ailəsinin axtarışları təkidlə davam etdirməsi məni təəccübləndirmir, çünki Tomas müəyyən mənada qeyri-adi bir adam idi, ümumiyyətlə onu sevirdilər. Hərçənd ki, mən ona hələ də nifrət edirəm və onu hələ də ikrahla xatırlayıram. O, cavan idi, cazibədar görünüşündən adamın başı gicəllənirdi. İnsanı öz əsirinə çevirmək üçün qaynar, heyvani gözləri ilə bircə dəfə baxması kifayət idi. Bunu hətta mən də hiss edirdim. Hətta xanımlardan hansı birisə: “o mənə baxanda, özümü itirirəm, sanki mənə əli ilə toxunur” deyirmiş.

Amma Tomas Qlanın qüsurları da az deyildi. Bir halda ki ona nifrət edirəm, deməli nöqsanlarını ört-basdır etməyə çalışmaq üçün də səbəbim yoxdur. Bəzən Qlan uşaq kimi sadəlövh, qeyri-ciddi və eyni dərəcədə də üzüyola olurdu. Kim bilir, bəlkə də zəif cins məhz bu səbəbdən ona bu qədər meyl edirdi. Tomas Qlan qadınlarla saatlarla söhbət edir, onların müxtəlif səfehliklərinə qəhqəhə çəkib gülürdü. Ya da tutaq ki, kök bir adam haqqında deyirdi: “Elə bil şalvarını piylə doldurub”. Sonra da özü öz hazırcavablığına gülürdü. Belə bir sözü mən demiş olsaydım, xəcalətimdən yerə girərdim.

Sonralar, biz bir damın altında yaşamağa başlayanda, o nə dərəcədə axmaq olduğunu bir daha nümayiş etdirdi: ev sahibəsi otağıma keçib səhər yeməyi üçün nə istədiyimi soruşanda mən: “yumurta ilə bir dilim çörək” deyə tez-tələsik cavab verdim. Tomas da mənim otağımda idi, o, düz damın altında çardaqda yaşayırdı – qəfildən qəhqəhə çəkib gülməyə başladı. Mən ona təəccüblə baxıb səsini kəsməyə məcbur edənə qədər təəccüblə baxdıqca dayanmadan: “yumurta ilə bir dilim çörək” deyə təkrar elədi.

Onun pis xüsusiyyətlərini olsun ki, bundan sonra da xatırlamağa başladım. Xatırladıqca bu mövzuya qayıdacağam.

O mənim düşmənimdi. Ona rəhm eləmək üçün heç bir səbəbim yoxdu. Belə vəziyyətdə hansı nəciblikdən danışmaq olar? Düzdü o ancaq sərxoş olanda, şitlik eləyirdi. Amma sərxoşluq da öz-özlüyündə iyrənc bir qəbahət deyilmi?


Ardı →