Roma imperiyasının yaranması və süqutu

Yuli Sezar və onun Romada hakimiyyəti zəbt etməsi. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə gücləndi. Mübarizə, əsasən, sərkərdələr Krass, Pompey və Yuli Sezar arasında gedirdi. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya əyalətinə canişin təyin edildi. Qalların müqavimətini qıran Sezar bütün Qalliyanı tabe etdi. Bundan sonra o, həm də Romada hakimiyyəti ələ keçirmək fikrinə düşdü. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Sezarı ya Roma üzərində hakimiyyət, ya da rüsvayçı qətl gözləyirdi. O, «Püşk atılmışdır!» deyib, irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Sezar o qədər cəld hərəkət etdi ki, Pompey müdafiəni təşkil edə bilmədi. Sezarın qoşunları müqavimətə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu.
Davamı →

Qədim Roma mədəniyyəti

Roma şəhəri eramızın ilk əsrlərində. Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Onu «əbədi qızıl şəhər», ya da sadəcə, «şəhər» adlandırırdılar. Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma imperatorlarının heykəli qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 metr hündürlüyündə sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.

Romanın ən əzəmətli və gözəl binalarından biri I əsrdə tikilmiş Kolizey (latınca «kolosseus» «böyük», «iri» demək idi) 50 min tamaşaçı tutur, burada qladiator döyüşləri keçirilir və tamaşalar göstərilirdi. Roma şəhərinin ən gözəl memarlıq abidələrindən biri Panteon (bütün allahların məbədi) indiyə kimi qalır. Məbəd kümbəz formasında tikilmişdi. Romada zəfər tağları (triumf) geniş yayılmışdı. Triumf zamanı imperatorlar bu tağların altından keçirdilər. Əvvəllər adi bazar olmuş Forum paytaxtın ən gözəl yerinə çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada imperatorların mərmərdən gözəl sarayları yerləşirdi. İmperatorların saraylarının yaxınlığında quldarların evləri var idi. Onların evlərinin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. Otaqlarda bəzəkli mebellər, həyət və bağlarda gözəl heykəllər qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların alaqapısında it yerinə qul zəncirlənirdi.


Ardı →

Romada dövlətin yaranması

Qədim İtaliyanın təbiəti və əhalisi. Avropanın cənubunda, Balkan yarımadasının qərbində Apennin yarımadası yerləşir. Apenin yarımadasını şimalda Avropanın qalan hissəsindən Alp dağları ayırır. Alp dağlarından başlayaraq Siciliya adasına qədər uzanan sıra dağlar yarımadanı iki yerə ayırır. Alp dağları Apennin yarımadasını soyuq şimal küləyindən qoruyur. Burada iqlim mülayimdir, yağış Yunanıstana nisbətən daha çox yağır, zəngin bitki və heyvanat aləmi var. Yunanlar bu zənginliyə heyran olmuş və yarımadanın cənub hissəsini İtaliya, yəni «buzovlar ölkəsi» adlandırmışlar. Sonralar bu ad bütün yarımadaya verilmişdir. Apennin yarımadasından cənubda iqlimi isti, bitki örtüyü daha zəngin olan Siciliya adası yerləşir. Qədim zamanlarda İtaliya əhalisi maldarlıq, üzümçülük, əkinçiliklə məşğul olurdu.
E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında müxtəlif 58 tayfa və xalqlar yaşayırdılar. Onların arasında ən çox inkişaf etmiş xalqetrusklar idi. Onlar keyfiyyətli sənətkarlıq məhsulları istehsal edir, gəmiqayırma və s. ilə məşğul olur, 10 minə qədər yazı işarəsindən istifadə edirdilər. E.ə. IV əsrə aid öküz başlıqlı riton onlarda incəsənətin inkişafını göstərir. Apenin yarımadasının mərkəzində kiçik Latsiya vilayətində latın tayfaları yaşayırdı. Tədricən latın dili italiyalıların ümumi dilinə çevrildi.


Ardı →