Ateist dinşünas

Tələbə vaxtı bir dinşünaslıq müəllimimiz vardı. Bu yaşlı qadın bizə qədər, yəni, ömrünün çox hissəsini elə həmin fakültədə elmi ateizmdən dərs demişdi. Bizim gəncliyimiz belə maraqlı hadisələrlə zəngindi. Keçid dövrünün keçidlərində yuvarlan-yuvarlana bu günlərə gəlmişik. Əslində, müəlliməmiz “ayıblı ayıbını bilsə, başına palaz bürüyər” aforizminə əməl etsəydi, heç bir narazılıq yaranmayacaqdı, amma o, özünü dinşünaslıq elminin banisi hesab edirdi. Məşhur “Pir” hekayəsində yalandan pir uydurub sonra ona and içən obraz kimi özü də əməlli-başlı dinşünas olduğuna, deyəsən, inanırdı.

İslam dininin tarixi ilə bağlı problemim yox idi. Amma bu qadının sovet dövründə dinimizə duyduğu gizli rəğbət yalanlarına inanacaq qədər axmaq deyildim. Yaxşı bilirdim ki, o, uzun illər elmi ateizmdən dərs deyəndə daha səmimi olub, o vaxt da tələbələrin anasını beləcə ağladıb. Sadəcə bu qadında vəziyyətə ildırım sürətilə uyğunlaşan buqələmun xisləti vardı. Bunu pərdələmək istəyi də məni qıcıqlandırırdı.
Davamı →

Müəllim olmamaq arzusu

  • Esse
Orta məktəbimizin dəhlizində Həsən bəy Zərdabidən sitat yazılmış iri bir plakat asılmışdı. Uşaq ruhuma hopmuş, qırmızı hərflərlə yazılmış o sözlər indi də gözlərimin qabağındadır: “Əgər məndən soruşsaydılar ki, ən şərəfli sənət hansıdır, mən o zaman fikirləşmədən deyərdim: Müəllimlik!”

Evdə isə tez-tez atam bizə nəsihət verərdi: “Heç biriniz müəllim olmayın!”

Sonralar mən filologiya fakültəsini seçəndə də qarşıma belə bir şərt qoymuşdu: “Söz ver ki, müəllim işləməyəcəksən”.

O vaxt mən atama yox, Həsən bəy Zərdabiyə inandım. Mən atama inanmadım, o da məni bağışlamadı. Çünki mənə təkcə “Müəllim olma” deməmişdi, həm də demişdi ki, müti olma.

O daha heç nə demir, sadəcə, susur. Bütün ömrünü Azərbaycan ədəbiyyatının tədrisinə həsr etmiş o yorğun qocanı anlayıram. İndi bilirəm, bu xalqın ədəbiyyat tarixini beynində gəzdirmək necə ağırdır. Özün dünya ədəbiyyatını oxuyub, başqalarına Azərbaycan ədəbiyyatından dərs keçmək neçə yorucudur.
Davamı →

Mənayla mənasızlığın fərqi yoxmuş

Kimi romantikanın göylərində qanad çalmaqla məşğuldu, kimi realizmin torpaqlarında arın-arxayın gəzməklə. Bu tərəf o tərəfi anlamasa da, biri o birini bədbəxt hesab eləsə də, mən hər iki qütbü anlayıram. Bilirəm ki, romantikanın göyləri nə qədər cazibədardısa, realizmin torpaqları da o qədər güvənlidi. Kiminə cazibə, kiminə güvən lazımdı, kim qanadlarıyla, kim ayaqlarıyla “uçur”, bu artıq fərdi məsələdi, ona görə də heç bir qütbü haqlı və ya haqsız, xoşbəxt və ya bədbəxt hesab eləmək düzgün deyil.

Biri dəlicəsinə cəsarətdən zövq alır, başqa birisi axmaqcasına ağıllılıqdan. Yenə də hər ikisini anlayıram. Cəsarətin verdiyi zövq də gözəldi, ağlın yaratdığı harmoniya da. Kefin təpəsində olanlar da haqlıdı, dərdin dibində qalanlar da. Burda mənim anlamadığım yeganə hal öz durumumdu. Hamını dərk elədikcə özümdən baş açmamağım.
Davamı →

Verilişlərimizin həmsəylik günü

İndi başlayacaqlar «hoppanmağa, qışqırmağa». Müğənnilərimizi və aparıcılarımızı deyirəm. Hərəsi boynuna bir zərli lent atıb bir-biri ilə həmr(s)əy olub bizi də həmrəyliyə səsləyəcəklər. Səviyyə yox, zövq yox, söz ehtiyatı yox, vicdan yox, senzura yox, dünyadan xəbərləri yox.

Bəlkə də artıq başlayıblar. Neçə ildi, yerli telekanallarımızın ucbatından nəinki televizora baxmıram, hətta televizor olan otağa keçməyə üşənirəm, elə bilirəm bu «qutu»nun qaranlıq ekranından indicə bir Elariz, ya bir Elgiz çıxacaq.

Amma hərdən, lap hərdən stomatoloqun gözləmə zalının divarından, gözəllik salonunun küncündən, saç ustasının güzgüsündən bizim verilişlər imkan tapıb bir beyin həmləsi yapırlar. Onda ki, nəinki pultun düyməsi, heç öz ixtiyarım özümdə, başım öz əlimdə olmur.
Davamı →

Yalançılar haqqında doğrular


Tez-tez yolda övladını məktəbdən gətirən valideynlərlə  rastlaşıram. Demək olar ki, aralarındakı dialoqlar eyni olur. Məsləhətlər də. «Yalan danışma. Xəbərçilik pis şeydi. Adam elə eləməz»- janrında.
 
Hamımıza deyilib bu sözlər, hamımız da balalarımıza deyirik. Bəs onda  ölkədə bu qədər yalançı, xəbərçi, satqın, canım sizə desin, anasının əmcəyini kəsən hardandı?
Davamı →

Geni dəyişdirilmiş qadınlar

Mən onu poçtda gördüm. O qadını. Əvvəlcə kiməsə oxşatdığımı sandım, sonra ona bənzəyə biləcək bütün tanışları bir-bir fikrimdən keçirdim və konkret heç kimi tapmadım. Amma qadın dəhşətli dərəcədə kimisə xatırladırdı. O (şərti olaraq adını L. qoyaq)  mənim göndərəcəyim məktublarla məşğul olduğu vaxtda özümlə bacara bilmirdim, etirazıma rəğmən beynim çox sürətlə işləyirdi və nəhayət ki, «evrika».
 
L. fərdi olaraq kiminsə oxşarı deyildi, ümumən sovet qadınlarına bənzəyirdi. Bənzəyirdi nədi, tipik sovet qadını idi və elə bil indicə o dövrdən çıxıb gəlmişdi. Çoxdandı poçta yolum düşmədiyini nəzərə alsaq, mənim o dövrə qayıtmış olmağım da pis versiya deyildi.
Davamı →

Mən, sən, o...

Mən bu dünyaya münasibətlər, düşüncələr arasında körpü qurmaq üçün gəlmişdim.
 
Sən-bu körpüləri yandırmaq üçün.
 
O körpülər ki, onlarla bütün dünyanı dolaşmaq olardı.
 
Biz-ömür boyu bu yanmış körpülərin külüylə oynadıq, biz ola bilmədik. Siz olduq, Onlar olduq.
 
...Mənə görə həyatın-bu qarışıq məsələnin çox sadə həlli vardı. Sənə görə bu sadə məsələnin çox mürəkkəb həlli. Ona görə biz orta məxrəcə gəlib bu həyatın yeganə həllini tapa bilmədik.
 
Bu səbəbdən Sizə görə bir başqa çıxış yolu mövcuddu, Bizə görə bir başqa, Onlara görə lap ayrı.
Davamı →

Axmaq qoca

Cavanlıqda məsləhəti heç sevməzdim. Təcrübəsini yeri gəldi- gəlmədi adamın gözünə soxan yaşlılar məni qıcıqlandırardı. Düşünərdim ki, təcrübə heç nədi, “ağıl yaşda deyil, başdadı”. Özümə söz verərdim ki, qocalanda gəncliyə olan sevgimi itirməyim.

Aradan iyirmi ilə yaxın vaxt keçib. İndi də həqiqəti bir az özümə tərəf sürüşdürüb fikirləşirəm ki, təcrübə hər şey olmasa da, çox şeydi. Bu, orta yaşda belə bir ortaq məxrəcə gəlmişəm, ağıl həm yaşdadı, həm də başda.

Çox güman ki, iyirmi il sonra həqiqəti bir az da özümə tərəf çəkib təcrübənin hər şey olmasını düşünəcəm. Qərara gələcəm ki, ağıl qətiyyən başda deyil, tamamilə yaşdadı.

İnsanın hər yaşda, hər vəziyyətdə özünü haqlı sanması kimi instinkti var. Bunu bir dəfə yazmışam, uşaqkən valideynlər haqsızdı, valideynkən uşaqlar. Tələbəsənsə müəllimlər “köhnə fikirlidi”, müəllimsənsə tələbələr “zəmanə uşağı”. Sükan arxasındasansa, piyada “özünü maşının altına atır”, piyadasansa sürücü “maşını düz üstünə sürür”.
Ardı →

Namuslu olmaq azdır...

Gucu gizlətmək də sirr saxlamaq kimi cətindir.Qatil də Allah quludur, Əzrail da mələk olduğu kimi...

Gücü gizlətmək də sirr saxlamaq kimi çətindir.

Təkrar biliyin anası deyil, balasıdır.

Ümid–pul kimi bir şeydir.

Özünü cilovlama, eybi yox, qoy nadanlar səni “kobud” adlandırsın.

Xatirələrin yaşadığı yerlər köhnə tanışlara bənzər, hərdən yadına ya bir dalan düşər, ya bir kitabxana...

Yaşamaq-susamaqdır, ancaq heç ölüm də su deyil.

Əgər yaddaşın qarışıqdırsa, xatirələrin köhnəlibsə, acı dadırsa, onları heyfslənmədən at. Yoxsul və təmiz ev daha rahatdır, nəinki zəngin və səliqəsiz ev.


Ardı →

Sən mənim doğum günü hədiyyəmsən!

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş  qırmızı qızılgüllər. Doğum günü ayrılıq günü kimi qüssəli.

Pəncərədə  dibçək gülləri-monastırda yaşayan qızlartək.  Həyatı pəncərədən  görərək sevmək…

Yol kənarında toz basmış qızılgül kolları həyata küsmüş. 

Həyatın  kənarında sadəcə susmaq…

Masada-büllur güldandakı  gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki  gül  toz içində azad olmaq. Çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar – tabutu. 

Doğum günü edam günü qədər uzun. Doğum günü “Pirr qələbəsi”nə bənzər, tarixə “məğlubiyyətə bərabər qalibiyyət” adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.

Uzun ömür də ağır döyüşdü, meydanda  çoxlu yaralı və ölü, indi qələbəni


Ardı →