Atasıyla yaşıd qız

Atam orta yaşda olanda mən uşaq idim. O məni indi düşündürən mövzulardan danışardı, mən də boş-boş suallar verərdim. Atam bilirdi ki, gün gələcək, mən böyüyüb onu anlayacağam. Mən tələsirdim ki, tez böyüyüm. Özümə söz verirdim ki, böyüyəndə yazıçı olacağam və atamın mənə danışdıqları, ən çox da  müharibə illərinə düşmüş kədərli uşaqlığı haqda roman yazacağam.

Mənim böyüməyim uzun çəkdi. Uşaqlıqda atamı anlamadım, gənclikdə qəbul etmədim; gah radikallıqda, gah pessimizmdə qınadım. Orta yaşa çatıb onu anlamağa başlayanda isə artıq gec idi.


Ardı →

Ömür bitmiş fikir deyil | Səhər Əhməd

Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…


Ardı →

106 manatlıq maaş kartı

Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.

Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü;  elə bil önümdəki elektron lövhəcik indicə  bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.

Məbləğ məni  elə də  narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta  daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.

Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində  gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli  gödəkcə məni mağazaya girməyə vadar etdi.


Ardı →

Tənqidçilərin nakam sevgisi

Səhər ƏhmədYazmağa tənbəllik elədiyim mövzuların beynimdə arı kimi vızıldadığı bir vaxtda bu yazının növbədənkənar irəli soxulması özümə də təəccüblü gəlir.

Müasir Azərbaycan ədəbi tənqidindən bəhs edəcəyəm, mövzu ürəyinizcə deyilsə, bəri başdan qayıdıb gedə bilərsiz.

Məndən ədəbi tənqidimizə layiq baxımlı, ütülü, kostyum-qalstuklu, ətli-canlı cümlələr gözləməyin. Ədəbi terminlərlə bəzənmiş, parıltılı, gurultulu, ali savadlı, filoloji- kultroloji üslub ummayın. Bu şərtlər altında bəndənizin pərakəndə fikirlərindən ibarət kasıb bir yazı oxumaq istəyirsizsə, getdik.

Deməli, birinci və ən əsas fikrim odu ki, bizim tənqidçilərlə yazarların bir- birini görməyə gözü yoxdu. Düşünməyin ki, bu həmişə və hər yerdə belədi. Söhbət sağlam rəqabətdən, peşəkar qarşıdurmadan getmir. Bizimkilər bir-birlərini, sadəcə olaraq, sevmirlər. Bu qarşılıqlı sevgisizliyin sirli bir səbəbi yoxdur, eləcə vəziyyət “azərbaycanca”dır.


Ardı →

Salam almayanlar arasında yaşamaq

İnsanın ən boyuk rəqibi zaman, onun ucunsə  ən dəyərsiz olan insan duşuncələri.Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun, üzücü bir nəqarət. Bu gün bayram, sabah matəm.

Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir. Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?!
Uzun, üzücü bir nəqarət...

Sən yenə solo oxumaq istərdin,  lakin imkansız,  “Bir çayda yalnız bir dəfə çimmək mümkündür”.

Sən özündən ən azı yaşca nə qədər böyük olan fikri  dəyişə  bilməzsən, onunla döyüşə  bilməzsən, ancaq  barışa bilərsən.

Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dırnağa (hasara) alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan  zəbt edilmiş, “yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış.

Körpülər dilənçilərin, parklar, küçələr səfillərin.


Ardı →