Səməndər Rzayevin ömür yolu

Çox qədim bir əfsanə var — Səməndər adlı quş həmişə oda yanır, yanır, amma heç vaxt ölmür. Özünü odlara yaxmaq onun yaşamaq yanğısıdır, yanır və yaşayır. O vaxt ölür ki, yaxılmağa od tapmır.
Ləqəbi “Aktyor” olan Səməndər 
Atası adını Səməndər qoydu, taleyini Tanrı verdi. Tanrı yazdı ki, Səməndər aktyor olacaq, sənəti üçün əbədi odlara yaxacaq özünü.  Səhnədə, kinoda  misilsiz obrazlar yaradacaq, heç vaxt süni, ürəksiz oynamayacaq. Dublyajda da ürək qoyacaq.  Onun səsində başqasının obrazı elə canlanacaq ki, elə bil  Səməndər Rzayev özü oynayır, oynayan aktyor onun səsində əriyib itəcək. Sənəti üçün belə yandığına görə cəmi 41 il yaşayacaq.
Davamı →

Səməndər Rzayev

Səməndər RzayevNədənsə, adama elə gəlir ki, haçansa yenə teatrın pərdəsi qalxacaq və biz yenidən öz füsunkar səsi ilə insanı riqqətə gətirən Səməndər Rzayevin oyununa tamaşa edəcəyik. Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən 18 il ötsə də, hər an canlı bir insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub.

Səməndər Mənsim oğlu Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilmişdi.

Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.
Ardı →