Sizif haqqında mif | Albert Kamyu

Heç nə yox, təpəyə, ucaya qalxmaq uğrunda mübarizə insan qəlbini doldurmaq üçün kifayətdir. Odur ki, Sizifi gərək bəxtiyar sanasan. Allahlar Sizifə cəza kəsdilər ki, o, azman bir daşı dağın kəlləsinə qaldırsın, daşsa ora çatar-çatmaz təzədən üzüaşağı yuvarlanmış olsun. Allahlar ona da əmin idilər ki, yer üzündə xeyirsiz və hədər zəhmət qədərincə ağır cəza yoxdur.

Homerə inanmış olsaq, Sizif bəndələrin ən ağıllısı, ən tədbirlisiymiş. Ancaq başqa bir mənbəyə görə, onun əlindən qarət də gəlirmiş. Burada bir ziddiyyət görmürəm. Sizifin cəhənnəmin əbədi zəhmətkeşi olması barədə çatan bir söz deyir. Hər şeydən əvvəl onu allahları saya almadığına görə qınayıblar. Sizif onların sirlərini aləmə bəyan eləyirmiş. Asopun qızı Eginanı Yupiter qaçırıbmış. Atası qızın birdən-birə yoxa çıxdığına mat qalıb öz dərdini Sizifə danışır. Sizif də qızın başına gələni bilirmiş, şərt qoyur ki, əgər Asop Korinf qalaçasına su versə, onun işinə yarımağa hazırdır. Sizif göylərin qəzəbli ildırımından yer üzündəki suyun bərəkətini üstün saydı. Bunun cəzası cəhənnəm əzabı oldu. Homer orasını da deyir ki, Sizif, sən demə, Ölümün özünü qandallayıbmış. Pluton öz səltənətinə çökən kimsəsizliyə və sükuta göz qaldırıb baxmağa dözmürmüş. Onda müharibə allahını göndərir ki, Ölümü onun qəniminin çəngindən xilas eləsin.
Ardı →