Türkiyənin iqtisadi siyasəti (1980-2005)

Türkiyə dövrün əvvəlindən etibarən yeni bir iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Hələ bir neçə on illər boyunca davam edəcək bu inkişafın təməlində aşağıdakı proqram məqsədləri dayanır: 1) iqtisadiyyatın dövlət tənzimlənməsinə yenidən baxılması və iqtisadi həyatda dövlətin birbaşa iştirakından tədricən imtina edilməsi; 2) iqtisadiyyatın bütünlüklə bazar və rəqabət prinsiplərinə uyğunlaşdırılması; 3) iqtisadi yüksəlişin sürətləndirilməsi və modernləşdirilməsi üçün xarici amillərdən və ehtiyatlardan hərtərəfli istifadə olunması xarici malların və kapitalın ölkədə azad fəaliyyətinə lazımi şərait yaradılması; 4) sənayeləşdirmənin idxal yönümlü modelindən ixrac yönümlü modelinə keçilməsi. Qeyd edək ki, bu məqsədlər 24 yanvar 1980-ci ildə S.Dəmirəl hökumətinin qəbul etdiyi iqtisadi stabilləşdirmə proqramında da öz əksini tapmışdı. Həmin proqramın əsas müəlliflərindən biri baş nazirin yanında və Dövlət Planlaşdırma Təşkilatında müşavir vəzifələrində çalışan T.Özal olmuşdur. Elə o da 12 sentyabr hərbi çevrilişindən sonra ölkədə həyata keçirilən iqtisadi kursun başında durdu və B.Ulusu hökumətində iqtisadi məsələlər üzrə dövlət naziri və baş nazirin müavini, sonralar isə baş nazir kimi iqtisadiyyatın liberallaşdırılması və bazar münasibətlərinin bərqərar olması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə rəhbərlik etdi. Türkiyənin Avropa Birliyində tam hüquqlu üzv kimi təmsil olunması həmin tədbirlərin başlıca qayəsini təşkil edirdi. Belə hesab edilirdi ki, "ümumi bazar«a girməklə ölkə ixrac yönümlü və yüksək keyfiyyətli məhsullar buraxan iri istehsal sahələrini genişləndirmək və dəstəkləmək, müasir texnologiyadan və elektrik hesablama maşınlarından istifadə etmək imkanları qazanar.
Ardı →