Tacir | Frans Kafka

Bəlkə də, elə adamlar var ki, mənə yazığı gəlir, ancaq özüm bunu hiss eləmirəm. Balaca mağazam mənim üçün o qədər qayğılar yaradır ki, izləri alnımda və gicgahlarımda görünür, ancaq gələcəyi də heç nə vəd etmir, çünki çox balacadır.Gərək bir neçə saat əvvəl hər şeyi dəqiqləşdirəm, səhv eləməmək üçün xidmətçiyə hamısını dönə-dönə təkrar elətdirəm, bu fəsildə gələn fəslin dəbini nəzərə alam, özü də tanış-bilişlərimin deyil, lap ucqar kəndlərdə yaşayanların zövqünü əsas götürəm.

Bütün pullarım tanımadığım adamlardadır, nə işlə məşğul olduqlarını, eləcə də sabah hansı təhlükələrlə üzləşəcəklərini bilmirəm ki, lazım gələndə kömək edim. Bəlkə də, bədxərc olublar, meyxanada qonaqlıq verməyə başlayıblar, bəziləri də qonaqlığın qurtarmasını gözləyirlər ki, Amerikaya qaçsınlar.

Nəhayət, iş gününün sonunda mağazanı bağlayıram, bir anlığa sevinirəm ki, mağazanın sonu-sonucu görünməyən qayğılarından canım qurtardı, ancaq elə həmin anda da səhər-səhər keçirmiş olduğum həyəcan hissi məni geriyə qayıdan dalğa kimi təzədən öz qoynuna  alır, səngimədən özü ilə harasa aparır.

Lakin  bu ovqatımdan istifadə edə bilmirəm, evə tələsirəm, çünki əllərim də, üz-gözüm də çirklənib, tərləyib, pencəyimi toz basıb, ləkə-ləkə olub, mağazada qoyduğum papaq da hələ başımdadır, taxta qutuların üstündəki mismarların deşik-deşik elədiyi başmaqlar da ayağımda… Sanki dalğaların qoynunda irəliləyirəm, əllərimi bir-birinə sürtə-sürtə ovuşdururam, qarşıma çıxan uşaqların başlarını sığallayıram.


Ardı →