“Lion cəlladı” - Jozef Fuşe

“Hətta Allaha belə ömür boyu sadiq qalacağı barədə and içmirsə, insanlar haqqında heç söhbət ola bilməz” – Svayq, “Jozef Fuşe”.

Onun qərarları gilyotindən daha kəskin idi. Heç zaman yanılmazdı. Nə inqilabın şöhrətinin başgicəlləndirici vaxtlarında, nə Direktoriya, nə də ki imperiya dönəmində başını qurban verdi. Əksinə, çoxlu başlar aldı. Bir göz qırpımında çoxlu insan öldürdü. İnsanları bir-birinə bağlayaraq top gülləsi ilə birdəfəlik o dünyaya yola saldı.

Kilsələri tarimar, İncili təhqir elədi, müqəddəs xaça tüpürüb, sonra süpürüb atdı. Halbuki, özü dini təhsil almışdı, moizələr oxumuşdu.

Bu adam əksəriyyətin ilk olaraq Svayqın əsərindən tanıdığı Jozef Fuşedir.

Əgər yeni dünyanın tarixi 1789-cu il fransız devrimindən başlayırsa, bu mərhələdə iştirakçı olan bütün fiqurlar tarix üçün önəmlidir. Yakobinçilər, həm jirondistlər, krala sadiq qalanlar, gələcək imperiyanın təməlini hazırlayanlar, bir sözlə, hər kəs bu mərhələnin önəmli kimsələridir. Bu kimsələrdən Robespyer şimşək tək çaxaraq hüquq tanrısı rolunu oynayır, Napoleon ordu generallığından imperator taxtına qədər yüksəlir.

Amma birdə bunların kölgəsində gizlənən, amma kölgəsi ilə onların hər ikisini yola salan şəxs var idi: Jozef Fuşe.

Ata-babası kimi səhhətinə görə dənizçi ola bilmir. Kilsədə din xadimi kimi yetişməsi üçün təhsil alır. Burada biliyi ilə seçilir, riyaziyyat, fizika üzrə mütəxəssis olur, dərs deyir. Amma Allaha və kilsəyə sonsuza qədər sədaqətli qalacağına dair monarx andını içmir. Çünki Allah daxil, kiməsə daimi bağlı qalmaq ona yad bir hiss idi. On il monastır divarları arasında həyat sürən bu şəxs yekun anddan imtina edir. Amma əvəzində bu on ildə (20-30 yaş) o, mühüm bir xarakterə yiyələnir:


Ardı →