Uşaqlar üçün evli qalmaq doğrudurmu?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Ailədə aqressiya tez-tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb.
Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.
Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.
Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir.
Ailə daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.
Hər bir ailədə mübahisələr ola bilər. Bir ailədə az, bir ailədə çox fərqi yoxdur. Ancaq tərəflər arasında «pərdə götürülmürsə» və ya qarşılıqlı təhqirlərə yol verilmirsə, bu, ailə həyatı üçün o qədər də təhlükəyə səbəb olmur. Əksinə, bəzən belə mübahisələr səhvləri görmək baxımından ailənin gələcəyinə müsbət təsir göstərir.
Mübahisələr zamanı yol verdiyimiz ən böyük səhvlərdən biri də qarşılıqlı hədələrə əl atmaqdır. Xüsusilə, bəzi qadınlar həyat yoldaşlarının onları sevdiyini bildikləri üçün boşanma sözünü tez-tez ortaya atır və bununla da qarşı tərəfə təsir göstərməyə çalışırlar.
Bu söz ilk vaxtlar istənilən nəticəni versə də, zaman keçdikcə «qüvvədən düşməyə» və qarşı tərəf üçün «mənasını itirməyə» başlayır. Bu vəziyyətdə ən böyük zərbəyə məruz qalan isə boşanma sözünü ortaya atan tərəf olur. Beləliklə, mübahisələr get-gedə kəskinləşir və hər mübahisə ailənin bir az da parçalanmasına gətirib çıxarır. Digər tərəfdən, bu sözü ifadə edən tərəf əvvəllər ona adi bir şey kimi baxsa da, sonralar dediklərinə özü də inanmağa başlayır. Beləliklə, istər özünüzün, istərsə də həyat yoldaşınızın bu sözün təsiri altında qalmasını istəmirsinizsə, zarafatla da olsa boşanma sözünü dilinizə gətirməyin. Və ən başlıcası, boşanmanın bir ailənin dağılması demək olduğunu unutmayın.
Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün «daşdan keçən» bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı.