BOŞANMA VƏ SOYUMA HALLARININ SƏBƏBLƏRİ NƏDİR?




Bu kimi hallar yəni tərəflərin bir-birindən soyuması və boşanması durumlarının bir çox səbəbləri ola bilər. Bütövlükdə götürdükdə isə əsas amillər bunlardır:
1)Ümumiyyətlə bu, bir az da təbii bir şeydir ki evlənəndən sonra, yəni arzuya çatdıqdan sonra, məqsədə yetdikdən sonra, hər iki tərəf bir-birini artıq əldə etdiyini düşünüb bir mənada mübarizədən soyuyurlar. Yəni əlçatmaz olan bir şey, insan üçün hər zaman maraqlıdır; əlçatmaz olan, əlçatan olduqdan sonra bir az maraqsızlaşır.
2)Başqa bir mühüm səbəb, sevgi anlayışına olan baxış və yanaşma ilə əlaqədardır. Bəzi insanlarda belə bir yanlış inanc var ki sevgi elə ancaq evliliyə qədərki proseslərdən ibarətdir; evləndinsə vəssəlam artıq sevgi bitmiş olub başqa bir proses başlayır. Əslində isə sevgi, eynilə günəşin hər gün doğması kimi, hər zaman olmalı olan, hər an yenilənməli olan bir duyğu və prosesdir.
3)Digər bir faktor da evliliyə, adi bir şey kimi baxmaqdır. Yəni bir çox insanlar üçün (xüsusən də bəzi kişilər üçün) evlilik, sadəcə formal və adi bir şeydir, yəni hansısa sənədə qol çəkmək kimi bəsit bir davranışdır; beləliklə də onlar zatən önəm vermədiyi bir şeyə də ciddi yanaşmırlar və bu da labüd olaraq qarşı tərəfdə əks-təsir yaradır. Nəticədə də normal bir münasibət və ailə mümkün olmur.




4)Aradakı münasibətlərin qırılmasının ya da zatən olmamasının digər bir önəmli səbəbi də elə bu laqeydliklə bağlı olan bir durumdur-xəyanət. Xəyanətə uğradığını düşünən tərəf, əksər hallarda bunu özünə təhqir bilir və hisslərinin və zəhmətinin boşa getdiyini düşünür. Beləliklə də bəzi hallarda xəyanətdən sonra ya münasibətlər əvvəlki kimi olmur ya da tamamilə qırılır. Digər tərəfdən də, xəyanət edənin suçluluq duyğusu da önəmli məqamdır. Yəni qarşı tərəf, xəyanətdən xəbərdar olmasa belə, xəyanəti edən tərəf, yanlış və pis bir şey etdiyini bildiyi üçün suçluluq hissinə qapıla bilir və nəticədə də bu hissin təsiri ilə qarşı tərəfə özü soyuq yanaşa bilir. Yəni bir kəsə qarşı yanlış bir şey etdiyin zaman, həmin kəs, səninçün, günahını sənə xatırladan bir varlığa çevrilə bilir.
5)Digər bir səbəb isə ideal insan axtarışıdır; yəni tərəflərdən biri ya da hər ikisi əslində ideal bir insan axtarmış olub lakin hansısa səbəbdən (və ya məcbur qaldığı üçün) ideal hesab etmədiyi birisinə razı olur; və evləndikdən sonra da ideal axtarışı, şüuraltı olaraq davam edə bilir. İdeal hesab etmədiyi ya da qüsurlu hesab etdiyi birisini tam olaraq sevgi tərəfdaşı kimi qəbul edə bilmir və hətta bəzən ona ümumiyyətlə bir təhqir obyekti kimi baxa bilir; "öz səhvinin bədəli" ya da «fələyin gərdişinin bir sonucu» olaraq görə bilir.
6)Başqa bir səbəb isə boşanma ehtimalını hər zaman açıq tutmaqdır. Yəni xüsusən də boşanmanın az qala normal və adi bir hal olaraq görüldüyü bir dövr və şəraitdə, bu fikirdən təsirlənən insanlar, bəribaşdan yəni hələ əvvəlcədən ya da elə sonradan, «bir problem olsa uzaqbaşı boşanaram» deyə bir ehtimalı hər zaman aktual görürlər. Beləliklə də, əslində çox da böyük olmayan hansısa bir problem zamanı bu fikir dərhal araya girib vəziyyət boşanma ilə nəticələnə bilir ya da hətta birbaşa və təkbaşına, problem yaradan səbəb rolunu oynaya bilir.
7)Digər bir amil də başqalarının-yaxın qohum və ya tanışların təsiri və müdaxiləsi faktorudur. Xüsusən də qaynana, bəzən birbaşa olaraq ailəyə müdaxilə edir və beləliklə də öz fikir və ya meyillərini ailəyə diqtə etdirir. Təbii ki iradəsi güclü olan və ya ata-anadan birbaşa asılığı olmayan bir durumda, heç bir kənar təsir söz konusu ola bilməz. Amma əgər tutaq ki kişinin iradəsi zəifdirsə ya da yetkin bir insan deyilsə və ya ailənin kənardan asılılığı varsa bu ehtimal, hər zaman açıqdır.
8)Başqa bir səbəb isə iqtisadi, maddi amildir. Yəni, ailəni maddi olaraq təmin etməyə cavabdeh olan kişi, əgər bu baxımdan problemlərlə qarşılaşırsa və ailənin normal keçim ehtiyacı təmin olunmursa, bu, xüsusilə, artıq müəyyən çatlar vermiş ailələrdə ciddi sarsıntılara səbəb ola bilir. Çünki, kişinin ailənin maddi ehtiyacını normal qarşılaya bilməməsi həm qadının ona münasibətinin, bir çox hallarda hətta ciddi şəkildə mənfiyə doğru dəyişməsinə gətirib çıxarır, digər tərəfdən də, bu, kişidə özünə inam məsələsində əlavə problemlərə səbəb olur.
9)Digər bir səbəb də cinsi problemlər ola bilir. Tərəflərdən birində, cinsi zəiflik və sair cinsi sorunlar varsa bu, həm onun daxilində özgüvən problemi yaradır həm də qarşı tərəfin ona olan münasibətinin soyumasına səbəb ola bilir.
Boşanma və ya soyuma hallarında bu sadalanan faktorların biri və ya bir neçəsi birlikdə rol oynaya bilər.
Psixoloq Yunis Dürüst
 
Davamı →

Üzr istəməkdən çəkinməyin!

Ən yaxşı tərbiyə örnək ola bilməkdir. Bir şeyi yüz dəfə deməkdənsə, bir dəfə yaşayaraq göstərmək daha təsirli və inandırıcı olur.

Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər. “Gözəl tərbiyə” dedikdə, əlbəttə, ilk növbədə adamın ağlına ədalətli olmaq, haqqın tərəfində durmaq, başqalarına qarşı səmimi, təvazökar davranmaq, insanlara xeyir verməyə çalışmaq, zülmə boyun əyməmək… kimi keyfiyyətlər gəlir.

Bu saydıqlarımın içərisində ədalət və təvazökarlıq, heç şübhəsiz, çox mühüm yer tutur. Əslinə qalanda əksər müsbət keyfiyyətlər eyni ağacın budaqları kimi bir-birinə bağlıdır.

Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.


Ardı →

Evliliyə zərər verən davranışlar

Xoşbəxt evliliyə sahib olmaq hər kəsin arzusudur. Bu da bir reallıqdır ki, evində xoşbəxt ola bilməyən insan işində, cəmiyyət arasında da xoşbəxt ola bilməz. Əgər evində bir nigarançılıq varsa, insan mütləq özünü işdə, cəmiyyətdə də narahat hiss edəcək. Amma evində xoşbəxt olan adam istər işdə, istərsə də cəmiyyətdə üzləşdiyi çətinlikləri dəf etməyi bacarır.

Bir atalar misalında deyildiyi kimi, “əvvəl evin içi, sonra çölü”. Amma elə insanlar da var ki, el arasında deyildiyi kimi, evə getmək onlar üçün sözün həqiqi mənasında, əzab-əziyyətdir. Bu vəziyyətin yaranmasında onları qınamaq da olar, qınamamaq da. Bəs insanları ailələrindən uzaqlaşdıran səbəblər nələrdir?

Araşdırmalar göstərir ki, bu problemlərin sırasında diqqətsizlik xüsusi rol oynayır. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir. 


Ardı →

Nə üçün bir insan ona məhrəm sayılan birisi ilə evlənə bilməz?

   
   Nə üçün bir insan ona məhrəm sayılan birisi ilə evlənə bilməz?

Sual oluna bilər ki, nə üçün bir kişi və ya qadın ona məhrəm sayılacaq (ana, ata, bacı, qardaş, nənə və s.) kəslərlə evlənə bilməz? Bunun bir dəlil-sübutu varmı?

Sözsüz ki, hikmət sahibi olan Allahın bu iş üçün göstərişi vardır. Belə bir evlilik İslam dininə görə qəti qadağan edilmişdir. Bu hökmün dəlili isə «Nisa» surəsinin 23-cü ayəsidir. Belə ki, bu ayədə buyurulur:
«Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!»
Bu ayəyə əsasən Allah-Taala kişilərə ana, bacı, bibi, xala, bacı qızı, qardaş qızı və s. ilə evliliyi əbədi haram etmişdir. Düzdür, bu hökmün həqiqəti, fəlsəfəsi bizim üçün aydın deyil. Lakin Quran təfsirçiləri bu ayə barədə bəzi fikirlər söyləmişlər:
1. Bütün insanlar təbii olaraq bu cür insest yaxınlığa nifrət edirlər. Buna görə də az bir dəstə istisna olmaqla bütün qövm və millətlər məharim ilə evliliyi qadağan etmişlər.
2. Məharim arasında ümumi qayda olaraq, cazibə, cinsi təhrikedicilik yoxdur. Çünki, öz aralarında bir-birilərinə qarşı hörmət və ehtiram göstərirlər. Onlar üçün əks cins adi sayılır. Psixoloji cəhətdən onlar qarşı tərəfi özləri üçün sərhədləmişlər. Amma ümumi hal budur ki, insanı əks cinsi ilə yaxınlığa cinsi cazibə təhrik etdirir. Əgər Allah etməsin, insest hadisə gerçəkləşsə belə, bu süst və hissiyyatsız olacaqdır.
3. Məharim olmayan birisi ilə evlilik, ictimai bağları bir-biri ilə bağlayır. İnsanlar doğru hesab edilmiş evlilik vasitəsilə nəsil artırır, digərləri ilə qohumluq əlaqələri qurur və insanlığın rabitəsini möhkəmləşdirirlər. Bir sözlə, özlərini «dörd divar arasında» görmək istəmirlər. (Şeyx Nasir Məkarim Şirazinin «Nümunə təfsiri»ndə bu barədə qeyd edilmişdir. Müraciət edə bilərsiz, c.3, s.327,328)

Qeyd edək ki, bir çox xarici ölkələrdə bu cür insest hadisələri ara-sıra gözə dəyir. Bu da onun göstəricisidir ki, din və iman olmayan yerdə cinayət və fəsad törəyir. Nəzarətsiz qalmış insan vəhşi yırtıcı kimi saldırğan olur.

Hazırladı: Fərid Abdullah
Davamı →

İslamda ailə

Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil. Maddi qazanclar və maddi ehtiyaclar üstündə də qurula bilməz. Ailə, insan nəslinin davam etməsini təmin etməklə yanaşı həm kişi, həm də qadın, eyni zamanda uşaqların da qarşılıqlı olaraq ruhən və bədəncə yardımlaşdıqları bir bərabərlikdir. Kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.

Bəzilərinə görə ailə ən ehtibarlı limandır. Məsələn Əli Rza Təməlin təbiri ilə desək:"İnsanın həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır." Çünki bu yuva insanların bədənlə olduğu kimi ruhən də sükuna çatmalarını təmin edən bir məkandır.
Cəmiyyət ailələrdən və ailəni meydana gətirən fərdlərdən meydana gəlir. Buna görə də həm ailə cəmiyyətə təsir edir, həm də cəmiyyət ailəyə. Çünki cəmiyyətin sosial yaşayışı və dəyərləri mütləq mənada ailəyə təsir edir. 

Eyni zamanda ailə şəfqətin qaynağı olan yerdir. Belə ki, həyat yoldaşı olacaq qadın və kişiyə «halalım» deyilməsi, ona verilən dəyəri ifadə etdiyi kimi, bunun səbəbini birdirməsi baxımından da çox gözəldir. Çünki insanlar bir-birilərinə Allahın adı anılaraq halal olurlar.
Vida xütbəsində «qadının kişiyə bir əmanəti» olduğu bildirilmişdir. Ucalar ucası Rəbbimizin dəyərli bir əmanəti olmaq qadın üçün çox gözəl bir rütbədir. 
Ardı →

Evin böyük uşağı olmağın çətinlikləri

Böyük bacı, yaxud qardaş olmaq həqiqətən gözəl hissdir. Amma yeri gələndə müxtəlif çətinliklər ortaya çıxır. Həmin çətinliklərin bəzilərini təqdim edirik.

“Axı o balacadır”
Evin böyük uşağının ən çox eşitdiyi cümlədir. Balaca uşaq ona istədiyini edər, amma o əsəbiləşib qışqırsa, günahkar çıxar. Üstəlik ata-anadan da danlaq eşidər: “O balacadır, başa düşmür, sən ki böyüksən!”. 

Özünə alınanları yeyib böyük uşağınkılara göz tikmək
Balaca uşaqların ən çox sevdiyi şey yəqin ki budur. Ata iki dənə şokolad alır, böyük uşaq şokoladı açınca balaca uşaq özününkünü tez yeyib qurtarır. Çünki arxayındır ki, biri də var. Başlayır ağlamağa. Ana da “qardaşın indi bunu yesin, sənə sonra alarıq” deyir.

Balacaların əşyaları qırıb dağıtmağı
Böyüklər həvəslə bir şəkil çəkər, yarım saatdan sonra həmin şəklin üstündə ya tüpürcək, ya da başqa cızma-qara, ən pis halda balkondan atıldığını görərlər. Mobil telefonu suya atar, televizorun pultunu gizlədər, ən sevimli oyuncaqları qırar, amma ona “gözün üstə qaşın var” deyən tapılmaz.


Ardı →

Böyüklərə şanlı məktub

Bir jurnalda oxuduğum, olduqca maraqlı və üslubca fərqli bir yazını sizinlə bölüşmək istəyirəm... 
“Salam!.. Mən bu salamı sizinlə ürəkdən bölüşmək, əvəzində isə sizdən səmimi bir salam almaq istəyirəm. Amma nədənsə get-gedə bu da unudulur və mən ən çox “qonaqlarımızdan” bu sözləri eşidirəm: “Qardaş gəlir, sən gözdən düşdün”. Dünən bunu ən azı 10 nəfərdən eşitdim. Atam-anam da görürlər ki, mən bu sözlərdən pis oluram. Və başlayırlar mənə təsəlli verməyə: “Qızım, narahat olma, zarafat edirlər. Heç biz səni unudarıq?” Sonra da ayaqlarımı qıdıqlayır, yanaqlarımdan öpməyə başlayırlar. Və yavaşca qulağıma pıçıldayırlar: “Səni çox sevirik, bunu yaddan çıxartma”.
Yox, yox, yaddan çıxartmıram. Əlbəttə, bilirəm atamın, anamın məni nə qədər çox sevdiyini...  Qardaşım gələndə məni yenə sevəcəklərini də bilirəm. Amma yenə də bəzən narahat oluram, bəzən də kədərlənirəm. Çünki hələ bu sözləri həzm etməmiş təzələrini eşidirəm: “Bax, indi mənə üz vermirsən, amma qardaşın gələndə səni yaddan çıxaracaqlar. Onda çox yalvararsan. Hə, indi gəl öp görüm xalanı”… Nə isə!..
Ardı →

Hər eşitdiyini danışsan...

Hər eşitdiyini danışmaq cahillikdirBəzi adamlar özlərini elə aparırlar ki, sanki hər şeyi bilirlər, ya da hər şeydən məlumatları var.

Belələri həmişə başları çıxdı-çıxmadı hər məsələyə müdaxilə etməyi xoşlayırlar. Hərdən də doğru oldu-olmadı nə eşidirlərsə, orda-burda danışmağı sevirlər. Beləliklə də, onlar özlərini ağıllı göstərməyə, həmçinin hamıdan seçilməyə çalışırlar. Yaxşı olar ki, belələri özlərinə aid olmayan işlərə girişməyələr. Ancaq nə fayda, belələri heç nəyə qulaq asmadan öz bildiklərini edirlər. Hələ, üstəlik, özlərini həmişə doğru danışan və ya haqlı bilirlər. Hətta öz məqsədlərinə nail olmaq üçün başqalarından “məharətlə” istifadə edirlər...

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana başucalığı gətirmir.

Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm amillərdir. O mənada ki, böyüklər uşaqlarının yanında danışarkən nə danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü tərbiyə etsin ki, ondan da tərbiyə tələb etməyə haqqı olsun.


Davamı →

Sizin də belə bir xəritəniz varmı?

Bir xəritə təsəvvür edin və o xəritə sizin xarakterinizi, hətta arzularınızı, xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz.

Sizi kədərləndirən cəhətləri düzəltdikcə arzu etdiyiniz xarakterinizə yaxınlaşmış olacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzə daha çox inanmağa başlayacaqsınız.
Ardı →

Evliliyiniz təhlükə qarşısındadır? | Test

Kişiyə aid isuallar: 
1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz?'
2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz?
3. Pis yatırsınız? 
4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir? 
5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz? 
6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız?
7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır?
8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz?
9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz?
10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez “gətirirsiniz”? 
Ardı →