Benzinə qatılan əlavələr

Hazırda şəhərimizdə bir çox şirkət benzinə qatmaq üçün müxtəlif əlavələr təklif edir. Keyfiyyətsiz avtomobil benzini mühərrikin işinə mənfi təsir göstərə, habelə karbüratorun, filtrin, forsunkanın və s. yolunu tuta bilər. Belə benzindən istifadənin mənfi nəticələrindən yaxa qurtarmaq üçün ehtiyat hissələri satılan mağazalardan yanacağa qatılan müxtəlif əlavələr almaq və yanacağa əlavə etmək olar.

Ardı →

Avtomobil satıram. Nə etməli?

Avtomobili olmayanlar onu almağa, avtomobili olanlar isə onu satmağa çalışırlar. Bu məlum fikirdə yüz faiz də olmasa, hər halda müəyyən qədər həqiqət var. Əgər avtomobilinizi satmaq istəyirsinizsə, onda nə etməlisiniz?

Alıcını seçərkən…

Əlbəttə, ilk növbədə öz niyyətiniz barədə potensial alıcılara məlumat verməyiniz gərəkdir. Ən sadə variant bu barədə dostlarınıza, qohumlarınıza və işdəki həmkarlarınıza deməkdir. Lakin yaxınlarınıza avtomobil satmağa dəyərmi – bu heç də sadə sual deyil.
Birincisi, onlar nədənsə əmindirlər ki, siz dostluq münasibətləri xətrinə ilkin qiymətin, az qala, əlli faizini onlara güzəşt edəcəksiniz. İkincisi, satışdan sonra “xoşbəxt alıcılar” iradlar irəli sürməyə başlayacaqlar: avtomobilin burası sınıb, orası işləmir. Odur ki, əvvəlcədən şərt qoyun ki, sonradan iradları qəbul etməyəcəksiniz.

Ödənişin sərtləri
Daha bir məsləhət: avtomobili heç vaxt möhlətli ödəmə şərti ilə satmayın. Siz pulunuzu tələb etdikdə avtomobilin yeni sahibləri onlara yararsız, daim sınaraq xarab olan avtomobil satdığınızı bildirəcəklər. Siz haqlı olaraq hirslənəcəksiniz… Sonrakı hadisələri təsvir etməyəcəyik, çünki onlar satış prosesinə aid deyil.
Avtomobil kənar şəxslərə təklif olunursa, möhlət barədə söhbət belə gedə bilməz.  

Təmizliyin faydası… və ziyanı
Təcrübə göstərir ki, təmiz, parıldayan avtomobillər bazarda insanların diqqətini daha tez cəlb edir. Buna görə də kuzovun polirolla işlənilməsi yaxşı olardı. Əgər avtomobilin səthində kələ-kötür yerlər varsa, onda bunu etmək məsləhət deyil, çünki parıltının işığında həmin yerlər daha aydın nəzərə çarpır, kuzov parıldamırsa və tozludursa, onlar o qədər də gözə çarpmır. Alıcıları asfaltdakı ləkələr də qorxudur. Ola bilər ki, həmin ləkələr sizin avtomobilinki deyil, yaxud sizin avtomobilinki olsa belə, bu, heç də ciddi təmir tələb edən nasazlıq deyil, amma buna baxmayaraq, yenə də çalışın ki, avtomobilinizin olduğu yerdə asfaltda ləkələr olmasın. Avtomobilinizi saxlamaq üçün münasib yer seçin.

Alternativ üsullar
Avtomobilin satışı barədə qəzetdə və İnternetdə məlumat vermək olar. Bir qayda olaraq, İnternedəki elanlar ilk növbədə qeyri-adi və ya bahalı avtomobil almaq istəyənlərin diqqətini daha tez cəlb edir. Ekzotik, köhnə, ölkəmiz üçün nadir olan markalar, habelə ölkə avtomobillərinin “lüks” variantları daha çox uğur qazanmaq şansına malikdir. Artıq göründüyü kimi, avtomobil satışında İnternet getdikcə demokratikləşir.
Böyük şəhərlərdə avtomobillər elanlar üzrə ixtisaslaşan qəzetlər vasitəsilə daha yaxşı satılır. Lakin avtomobilinizə görə kifayət qədər böyük məbləğə ümid bəsləyirsinizsə, pullu reklam verməyiniz məsləhətdir. Bu, sizin şanslarınızı daha da artırar.

Alıcı ilə ilk ünsiyyət
Fərz edək ki, siz görüş barəsində razılığa gəlmisiniz. Ciddi müştəri avtomobili görmədən telefonda onun qiymətini aşağı salmağa cəhd etməz. Əgər sizə qəribə alış şərtləri, məsələn, avtomobili hansısa əşya ilə dəyişdirmək, avtomobildə nasazlıq aşkar edildikdə onu geri qaytarmaq və s. kimi şərtlər təklif edirlərsə, o halda söhbəti dərhal bitirmək lazımdır.  

Texniki baxış və sənədləşmə

Alıcı xahiş edə bilər ki, avtomobilin diaqnostikası üçün onunla texniki xidmət stansiyasına gedəsiniz. Stansiyada diaqnostikanın haqqını alıcı ödəyir, çünki bu onun təşəbbüsüdür.
Bir qayda olaraq, alıcılar qiyməti bir qədər aşağı saldırır, satıcılar isə bir qədər güzəştə gedirlər. Əgər qiymət barədə razılığa gəlmisinizsə, yaxşı olar ki, əqdi müvafiq qaydada rəsmiləşdirəsiniz və “kağızları” qoruyub saxlayasınız. Əqddən məhkəməyə 3 il ərzində şikayət vermək olar. Hər şey qanun əsasında rəsmiləşdirilibsə, məhkəmə sizin tərəfinizdə olacaqdır.
Digər bir halda satıcı alıcıya etibarnamə verir. Formal qaydada o, avtomobilin mülkiyyətçisi olaraq qalır və avtomobili ona istənilən vaxt qaytarıb ödənilmiş pulu geri tələb etmək olar. Amma bu, nəzəri mülahizədir, praktikada isə digər xoşagəlməz hallar baş verə bilər.
Çox vaxt elə hallar olur ki, etibarnamə üzrə satılmış avtomobilin sürücüsü piyadanı vuraraq gizlənir. Avtomobilin nömrəsi şahidlərin yadında qalır və siz polis bölməsinə gətirilirsiniz. İndi sübut edin ki, sükan arxasında başqa şəxs olub! Belə hallarla rastlaşmamaq üçün əlavə xərclərin çəkilməsinə rəğmən, avtomobilinizi satmaq qərarına gəldikdə, onu DYP-nin qeydiyyatından çıxarmaq məsləhətdir.
Yəqin ki, etibarnamə üzrə satışla bağlı yuxarıdakı nümunə kifayətdir, hərçənd ki, digər ibrətamiz əhvalatlar da danışmaq olar.

Barter edərkən…
Daha bir variant: siz avtomobilinizi təhvil verirsiniz və özünüzə yeni (yaxud işlənmiş) avtomobil alarkən onun dəyəri nəzərə alınır. Belə mübadilənin çatışmayan cəhəti sizin avtomobilinizin çox aşağı qiymətə alınmasıdır.

Pulu alarkən…
Satış prosesində olduqca mühüm məqam pulun alındığı məqamdır. Pullar hesablanarkən gözünüzü onlardan çəkməyin və aldığınız pul dəstini heç vaxt geri verməyin (hətta alıcı bunun üçün tutarlı bəhanə gətirsə belə). Yaxşı olar ki, dostlarınızdan kimsə yanınızda olsun.

Avtomobil həvəskarlarının diqqətinə:
Changan Azerbaijan müştərilərinə müasir və təhlükəsiz avtomobilləri güzəştli şərtlərlə təklif edir. Siz də, keçirilən kampaniyalardan faydalanın.


Davamı →

FİAT

Fiat (Fabrica Italiana Automobili Torino) İtaliyanın nəhəng avtomobil korporasiyasıdır. O, minik, idman və yük avtomobilləri istehsal edir. Habelə müxtəlif sənaye və kənd təsərrüfatı texnikası da hazırlayır. Korporasiya həmçinin aerokosmik məhsullar istehsal edən müəssisənin sahibidir. Korporasiyanın qərargahı Turin şəhərindədir.
Fiat kompaniyası 1899-cu ildə sərmayəçilər qrupu tərəfindən quruldu (onların arasında Covanni Anyelli (Giovanni Agnelli) də vardı) və Renault-un lisenziyası əsasında De Dion mühərrikləri quraşdırılmış avtomobillərin yığımına başladı. Anyelli dərhal istehsalın təşkilinə öz sosialist ideallarını, yəni sahibkarlarla fəhlələr arasında əməkdaşlığın mümkünlüyü ideyasını gətirdi.
1903-cü ildə İtaliyada xaricdən idxal olunan polad üçün tariflər ləğv olundu ki, bu da istehsalın sürətlə genişlənməsinə səbəb oldu: orijinal minik avtomobilləri – taksilər, eləcə də yük maşınları və avtobuslar buraxıldı, təyyarə və gəmilər üçün mühərriklərin istehsalına başlandı.
Ardı →

Avtomobil kəməri

“Volvo PV 544” avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. Bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi.

Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi.

Təyyarədən avtomobilə

Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin “Volvo” şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu. Bu həm də istifadəsi çox asan bir sistem olmalı idi.
Min bir zəhmət bahasına ərsəyə gələn təhlükəsizlik kəmərləri 1949-cu ildə “Volvo PV 544” və “Volvo Amazon” modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı.
Əlbəttə, yeni ixtira birmənalı qəbul edilmədi. Sürücülər gah hərəkət edə bilməməkdən, gah da təhlükəsizlik kəmərinin geyimi qırışdırmasından şikayət etdilər. Lakin qısa vaxt ərzində insanlar təhlükəsizlik kəmərinin faydasını qavramağa başladılar.

1963-cü ildə “Volvo” ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. Avropa və Amerika bazarlarında daha təhlükəsiz bir avtomobil ortaya çıxdı.
“Volvo”nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki təhlükəsizlik kəməri travma riskini 50-60% azaldıb.

1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.

0,2 saniyəyə baş verən faciə

Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:

— 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;
— 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;
— 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır. 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;
— 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panelə çırpılır;
— 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;
— 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;
— 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;
— 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;
— 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür.
Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir.

Əlavə edək ki, hava yastıqları ilə təchiz olunan avtomobildə təhlükəsizlik kəməri taxmamaq daha ağır fəsadlara yol aça bilər. Avtomobilin sürəti artdıqca, qəza zamanı insanın üzərinə düşən zərbə də həndəsi silsilə ilə artır.

Kəmər taxaqmı?

Əziz sürücü və sərnişinlər. Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üzbəüz toqquşma zamanı 2,3, yandan zərbə zamanı isə 1,8 dəfə azalır.

Lətifə

Yol polisi sürücünü saxlayır, ilişmək üçün heç bir arqument tapa bilməyib, sürücünün yanında oturmuş, kəmər taxmış qoca anasını göstərib, başını bulayır:

— Yekə kişisən, utanmırsan 5 manata görə qoca arvadı kəndirlə sarımısan?

 

Qeyd: Yazıda auto.ru saytının materiallarından istifadə edilib.

Vüqar Ələsgərov

 

Avtomobil həvəskarlarının diqqətinə:
Güclü və aqressiv Changan F 70 – Pick-up modeli olan PSA Qrupun Changan ilə ortaq məhsuludur. Ümumilikdə, 3.5 Tona qədər yükü çəkib apara bilən Changan F-70 modelini əldə etməyə tələsin.


Davamı →

Seks üçün ən yaxşı avtomobil

Kanadanın tanınmış “The Globe&Mail” jurnalı seks üçün ən əlverişli şəraitə malik olan avtomobillərin siyahısını dərc edib.
Jurnalın müəllifi Endryu Klark mikroavtobuslar və eləcə də, 60-cı illərin böyük oturacağa malik universal avtomobillərini sekslə məşğul olmaq üçün ən əlverişli yer hesab edir. İndiki avtomobillərin böyük əksəriyyətinin salonu kiçik və dar olduğu üçün, bu məşğuliyyət üçün münasib hesab olunmur.
Davamı →