Böyük Sui-qəsd nəzəriyyəsi - II hissə- I fəsil


VIII  FƏSİL

 Böyük gözləntilər

Sümükləri gecənin qaranlığında qaçmaqdan zingildəyirdi. Ürəyi durmadan sürətli ritmlərlə döyünüb, nəzərdə tutulduğu hədəqədən çıxmaq təhlükəsində idi. Və ya ən azından təzyiqin son həddə çatmasından ürək damarlarını param-parça edə bilərdi. Səlim böyük səhvi onda buraxdı ki, magistraldan – insanların daha sıx olduğu yerdən uzaqlaşıb amansız təqib altında Razin spusku kimi tanınan bir tərəfi kiçik meşəlik olan istiqaməti seçdi. O qədər də hündür olmayan daş hasarı, üst başını cıza-cıza aşdı.


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- IV fəsil

 

IV FƏSİL

Variasiya

 

Hazırkı zaman

“Bizim” çay evi  qlavpoçtun arxasında rəngarəng, işıq effektli və vinilli reklamlarla bəzədilmiş müştərili obyektlərin qonşuluğunda yerləşirdi. Adı çəkilən çay evinin  super baxımlı reklam lövhəsi olmasa da (əslində çox pis gündə olub, “Bizim” sözünü o qədər toz-ləkə basmışdı ki, “B” hərfindən əsər əlamət qalmamışdı) bircə özəl xüsusiyyəti var idi ki, çay evində daimi müştərilərdən başqa nadir hallarda kimsə olardı.  Əksəriyyəti də işsizlər, son ümidini totalizatorlara pənah etmiş sosial zəlillər idi. Bircə biclikləri vardı bu  çay əhlinin. Arvad seriallara rahatca baxmaq dərdindən əri “Ged iş axtar...evdə balaların acınnan qırılır!”  deyə  günün günorta çağı çölə atması, qışın şaxtasında çöllərdə donmamaq üçün bunu ən son əlac bilirdi. Özlərinə həm-dərd  — eyni bəxti yaşayan kolleqalar tapıb, atışır, bir manatdan bir çaynik çay içirdilər, sonra axşama kimi masanı məşğul edib, istidə qızışırdılar. Günün ikinci yarısında isə “Şəkili” başlarının ətrafında gah o yana gah bu yana getdiyini görüb, naəlac şəkildə simvolik olaraq ikinci çaydanı gətizdirirdilər ki, getməli yerləri olmadığından bir azca da qızışıb yenidən evə qalxsın və arvadın evə gətirdiyi pul hesabına hazırlanan yeməkdən dadsınlar.


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- II fəsil

II FƏSİL

 UNUTMA!!!

İmranı telefon zəngi yuxudan oyatdı. Nədənsə çox həyəcanlı idi. Yerindən qalxanda prostinanın tər-su içində olduğunu hiss olunurdu. Distansion panasonic telefon isə artıq dördüncü dəfə idi ki, dınqıldayırdı. İmrana çox qəribə gəldi ki, telefon yanında olduğu halda, səsi mətbəx tərəfdən gəlirdi. Həm də, adi şəhər telefonuna zəng gəlsə də, telefonu balışının yanında olan mobil telefonun “Nokia” adlı zəng tonunu  çıxarırdı. Axı adi telefonda belə zəng çalarları olmur. Nədənsə əmin idi ki, bu məhz ev telefonundan çıxan zəngin səsi idi. Ayağa qalxmağı ilə mətbəxə daxil olmağı bir oldu. Gözləri qırpmaqla artıq telefon əlində idi. İmran baş çıxara bilmədi ki, bu neçə gün yuxusuzluğun nəticəsidir yoxsa onun başına doğrudan da hava gəlir. Belə sürətli şəkildə hərəkətlər etmək çevik milçəklərə belə qismət olmurdu. Hələ bu fikirlərdən ayrılmamışdı ki, telefonun “TALK” düyməsini necə basdığını özü də bilmədi. Sanki ruhu başqa bir kəsin bədəninə girmişdi və hərəkətlərini başqası idarə edirdi. Xəttin o biri tərəfindən çox sakit şəkildə danışan yaşlı bir adamın səsi eşidildi.

-         Sən deyəsən məsələnin nə qədər ciddi olduğunu bilmirsən. Beş saniyəyə pulları çatdırmasan qardaşının başının necə kəsildiyini öz qulaqlarınla eşidəcəksən

-         Bir-İki-....

İmranın ürəyi az qala partlayacaqdı. Beş saniyəyə pulu naməlum yerə- bəlkə də kilometrlərlə uzaq məsafəyə çatdırmaq, bu nə ağılasığmaz fikir idi belə-deyə İmran təlaş içində fikirləşdi. Üçüncü saniyə eşidilməmişdi ki, xəttin o biri ucundan qardaşının fəryadı eşidildi.

-         İmran qurban olum, bunları qoyma...qoyma məni öldürsünlər.


Ardı →