Pıspısa | Gülşən Lətifxan

Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə «Qara pıspısa» deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?
Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.
Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda «Dəli Kür» filminə baxması və bu filmdə səslənən «Seminariya» sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar.


Ardı →

Həyatın girdabında

İkinci gün idi ki, Əsmərin dilinin altından sudan başqa heç nə keçməmişdi. Aclıq ona güc gəlirdi. Yeridikcə başı gicəllənirdi. Buna baxmayaraq tozlu dağ yolu ilə ayaqlarını sürükləyirdi...
...Neçə gündən bəri Füruzəni bir anlığa olsa da yadından çıxara bilmirdi. Mənzil başına uzanan yolu da hələ yarı deyildi. Füruzənin adı xəyalında canlananda sol əlini qaldırıb barmağındakı nişan üzüyünə baxdı. Evində bundan başqa satmağa yararlı heç nə qalmamışdı. Neçə illər əzizləyib saxladığı bu üzüyü satmağa isə ürəyi gəlmirdi. Əvvəlcədən özünə söz vermişdi: «Lap acından ölsə də, bir tikə çörəyə möhtac qalsa da üzüyü satmayacaq. Onu Füruzəyə pay verəcəkdi.»
Ardı →