DEKART NƏDƏN İNSANLARA CƏLBEDİCİ GƏLMİR?

                    

Kimsə bunu düşünübmü; Dekart niyə insanlara maraqlı görünmür?...Nədən bu qədər önəmli işlər yapdığı halda və demək olar ki dünyanın və düşüncənin taleyini təkbaşına dəyişdirə biləcək bir fəaliyyət və nəticə ortaya qoyduğu halda və dolayısıyla da bütün dünyada ən üst səviyyədə diqqət və rəğbət görməsi gərəkən bir səciyyə ehtiva etdiyi halda, Dekart və onun yaratdığı fenomen, faktiki olaraq hətta 2-ci dərəcəli bir diqqət və ilgi kəsb edib-etməməsi belə mübahisəli olacaq dərəcədə qeyri-adekvat bir ümumi qavrayış və təsəvvürə sahibdir?...

Belə bir anlamlı və önəmli bir olay, təsadüf olamayacağı kimi(çünki milyardlarla insanın və örnəkləmin olduğu bir durumda təsadüf olamaz), bunun, mütləq ki konkret və mühüm səbəb və ya səbəbləri vardır.

Elə isə bu səbəbləri düşünək; nədən dünyanın elm, düşüncə və əql məhvərini yerindən oynadacaq dərəcədə böyük buluşlar və görüşlər ortaya qoya bilmiş, sözün tam mənasında dahi bir insan; hətta elmə ilgi duyan ya da özünü elmə yaxın hesab edən insanların nəzərində belə, ən azından, olması gərəkənə yaxın bir alqı və marağa belə, məzhər olmamaqdadır?

Bizim fikrimizcə əsas səbəblər bunlardır:

Hər şeydən öncə, insanların mütləq əksəriyyəti, əxlaq və bəsirətdən uzaq olduğu kimi, elə əslində elm, əql və düşüncədən də, o qədər olmasa da, bir xeyli dərəcədə uzaqdırlar. Hətta “inkişaf etmiş”, “öncül” ya da “elmdə çağ atlamış” deyə tanımlanan ölkələrdə belə, toplumun həlledici və əhəmiyyətli qismini, ağıllı və əxlaqlı insanlar təşkil etmədiyi kimi, bütövlükdə cəmiyyəti idarə edən və ona təsir edən həlledici amil də elm və bəsirət deyildir(Bir kərə ağıl və bəsirət nə qədər bir-birindən ayrı element olsalar da, bütövlükdə insan və cəmiyyət üçün, bunlar vahid bir dinamika və tendensiya təşkil edirlər; çünki zəka olsa belə, bəsirətin olmaması, ağlı və doğru qərar vermə  potensialını da məhdudlaşdıran amildir).

Dolayısıyla da bütün toplum nəzdində əgər hərəkətverici və təməl dinamika, sağduyu deyilsə; məsələn filan içkinin ya da filan şeyin, açıq-aydın ziyanlı olması bilindiyi halda, mütləq əksəriyyət, həmin şeydən istifadə edirsə və instinktivliyə məğlub olursa; zahiri ləzzət(1), başqalarında görmək(2) və öyrəşmək(3) faktorlarının birləşib yaratdığı “xarici müqavimət mərkəzi”ni yenə bilmirsə; o halda zatən digər və çox daha mühüm məsələlərdə də bütövlükdə, ictimai olaraq insanların kütləvi yanılqı və qəflətlərə düşəcəyi də açıq və təbiidir.

Beləliklə də məsələn; zəki və məlumatlı bir insan, zərərli bir içəcəyi qəbul edib; nəticədə uyuşub, bu günkü plan və rejimini asanlıqla pozmağa səbəb olacaq bir qərarı verə bilirsə və bu durum, təsadüfi deyil də geniş yayılmış bir haldırsa; çox asanlıqla bütün məsələlərdə və hətta həyati məsələlərdə də eyni halın olması, tamamilə realdır(hətta fraqmental keyliklərin elə özünün belə, böyük keyliklərə səbəb olması qaçılmazdır).

Amma ən əsas olaraq zəka faktoru, çox daha önəmlidir; zəkiliyə və əqliliyə meyilli olmayan bir insan üçün, labüd olaraq ümumi həyati və varoluşsal tendensiya da məhz əqlilik deyil də nəqlilik olacaqdır; o, hadisələrin və məsələlərin mahiyyətinə deyil də zahirinə önəm verən biridir; onun nəzərində, filan hadisənin niyə və nə səbəbə olması deyil də, sadəcə olması mühümdür.

Təsadüfi deyil ki, elə elmə yaxın olan (və ya belə olduğu varsayılan) insanların təsəvvüründə önəm kəsb edən “filosof”, “düşünür” və ya “alim”lər də, daha çox məhz nəqli olanlardır; filan hadisə və ya məsələ barədə fikirlərini bildirib də o hadisənin uzaqbaşı yalnız bir-iki alt qatına enən, və həlledici çoxluğu təşkil edən “filosof” və “alim”lər reallığının səbəbi də elə təməl olaraq zəkasızlıq və ya bəsirətsizlikdən qaynaqlanır(ya bunu edə bilmirlər-zəki deyillər; ya da etməyi önəmsəmirlər-bəsirətli deyillər).

Beləliklə zatən əqliliyin deyil də məhz nəqliliyin, təməl dinamikanı təşkil etdiyi bir elmi və fəlsəfi ədəbiyyat və irs reallığının mövcud olduğu bir şəraitdə, insanların da, (nə qədər elmli olsalar da) hər zaman ilk seçənəyi, refleksiv olaraq, onlara rahat olan nəqlilik olduğu üçün, nəticədə elm adına əslində qeyri-elmi; və əql adına nəqli bir bilik və donanım kimi bir ümumi mənzərə yaranmış olur.

Dekart isə nəqli deyil də əqli (özü də ən yuxarı həddində), anlayış və buluşlar ortaya qoyan bir düşünür olduğu üçün; onun bu məntiqi, dərininə(intensiv) və əqli irsinin, insanları zatən instinktiv olaraq zorlayacaq və onları, “çətinə salacaq” bir mahiyyəti söz konusudur. Bu çətinlik və dərinliyə tab gətirmək üçün isə ən əvvəl təbii olaraq, dərinliyə və əqliliyə tam meyilli olmaq gərəkdiyi kimi, həm də səbr və istək(dolayısıyla da məsuliyyət və bəsirət) də vacib amildir. Məsələn ortalama bir nəqli düşünürün, ortalama bir kitabına sərf edilən zehni və biloji səy və enerji, demək olar ki Dekartın bir əsərinin, uzaqbaşı bir neçə səhifəsinə sərf edilənə bərabərdir. Dolayısıyla Dekart, özlüyündə insan üçün bir “başağrısı”, “çətinlik” və “mübarizə” anlamını daşıyır. Zatən bu, o deməkdir ki, ona maraq və həvəs göstərib də bu ilgisi və həvəsi, çox keçməmiş, mənfi və əks-duyğuya çevrilənlərin həm ümumi sayı yetərincə çoxdur həm də ümumilikdə filosof və elm və fəlsəfə maraqlıları içində onların faizi, olduqca böyükdür.

Ümumiyyətlə, daha böyük və insan həyati üçün daha mühüm seçim anlarında; indiki halda isə elm, əql və dolayısıyla da insanın həyatı üçün ola biləcək ən önəmli müsbət dəyişim yarada biləcək bir situasiyanın qərar məqamında, düzgün seçim etmək; təbiəti etibarilə insan üçün daha çətin və daha ağır bir qərar deməkdir; dolayısıyla da məsələn siqaret asılılğını tərk etmək, Dekartın dühasının fərqinə varmaqla müqayisədə çox asan bir problemdir; insan üçün belə inqilabi bir sonuc doğuracaq bir qərarın oluşması, təbii olaraq çox daha ciddi və mühüm faktorları və şəraiti qaçılmaz etdiyi kimi, insanın daha böyük dəyişimini və təkamülünü gərəkdirir.

Digər önəmli bir səbəb də; vərdişkarlıq, adət faktorudur; onillərdən, hətta yüzillərdən bəri məhz belə formalaşmış olduğu üçün, bu alışqanlığın davam etməsi, zatən ümumi ictimai nəzər və şüurda öz məcrasında gedəcək olan bir tendensiyadır; necə ki məsələn rüşvətin yayğın olduğu x bir toplum, onunla eyni xarakter və səviyyəyə sahib olan amma rüşvətin az yayğın olduğu y bir toplumla müqayisədə; deyək ki 10 və ya 20 il ərzində o toplumdan bariz bir şəkildə daha çox müqavimət və səy göstərsə belə, bu müddətdən sonrası üçün, y toplumdan daha az bu mərəzə yoluxmuş durumda olması, zəif bir ehtimalıdır.

Bəli, qismən genetiksəl amma əsas olaraq da metodiki olaraq cəmiyyətlərin düşüncə və davranışları, vərdişkarlıq və alışqanlıq kəsb edir.

Amma ümumi aspektdən yanaşdıqda, Dekart fenomeninin, insanların nəzərində və qavrayışında, lazımı və adekvat qarşılığı bula bilməməsi reallığının təməl səbəbi, elə zəka və bəsirət amili, əsas olaraq da zəka elementindən başqası deyil.


                                                                                                                                                                                                Yunis Dürüst, elmi tədqiqatçı


Davamı →