İqor Stravinski

Dahi rus bəstəkarı İqor Stravinski XX əsr dünya musiqi mədəniyyətinin korifeylərindən biridir. Onun irsi müasir musiqinin klassikasıdır, yaratdığı əsərlər yaşadığımız mürəkkəb, təzadlı dövrün inikasıdır. Stravinskini çox zaman zarafatla «min bir üslub bəstəkarı», «buqələmun-bəstəkar» adlandırırlar. Çünki yaradıcılığı boyu bəstəkar zamanın nəbzini tutaraq üslubunu dəfələrlə kəskin surətdə dəyişmiş, ən müxtəlif bədii prinsiplərə üz tutmuşdur. Belə ki, Stravinskinin yaradıcılıq yolunu üç əsas mərhələyə — «rus», «neoklassik» və «dodekafoniya» mərhələlərinə bölmək mümkündür.

Gənclik illərini doğma vətəni Rusiyada keçirən Stravinski milli folklora — xalq nağıllarına, qədim musiqi formalarına böyük maraq göstərir.
Bəstəkarın bu dövr yaradıcılıq axtarışları rus mədəniyyətinin görkəmli xadimi Sergey Dyagilyevin adı ilə sıx bağlıdır. Dyagilyevin sifarişi ilə yazdığı «Simurq» baletinin uğurlu premyerasından sonra 28 yaşlı Stravinski bütün Avropada tanınır. Sonrakı üç ildə yaratdığı «Petruşka» və «Müqəddəs bahar» baletləri bəstəkarın şöhrətini daha da artırır. 1914-cü ildə yay məzuniyyətini keçirməkçün Ukraynaya gedən Stravinskinin heç ağlına da gəlməzdi ki, Vətənindən təxminən əlli il müddətinə ayrılır.
 
Birinci Dünya müharibəsi onu neytral İsveçrədə məskunlaşmağa vadar edir. Lakin burada yazdığı «Toy» xoreoqrafik kantatası, «Tülkünün nağılı», "Əsgərin əhvalatı" baletləri də Stravinski yaradıcılığının «rus» mərhələsinin davamı sayılır. 20-ci illərin əvvəlində bəstəkar Fransaya köçür, 40-cı illərdə isə ABŞ vətəndaşlığını qəbul edir. Bu illər ərzində Stravinski yaradıcılığı neoklassisizm məcrasına yönəlir. "Çar Edip" opera-oratoriyası, «Psalmlar simfoniyası», «Orfey» baleti, «Dəcəlin sərgüzəştləri» operası və digər əsərləri bəstəkarın barokko dövrünün musiqi formalarından necə sənətkarlıqla bəhrələndiyini əyani şəkildə göstərir. Nəhayət, 50-ci illərin başlanğıcında Stravinskinin bədii üslubunda daha bir kəskin dönüş baş verir -bu dəfə o, əvvəllər inkar etdiyi dodekafoniya musiqisinin prinsiplərinə üz tutur. «Müqəddəs mahnılar», «Aqon» baleti ustadın yaradıcılıqda fəth etdiyi son zirvələrdir.
 
«SİMURQ»un UÇUB GETMƏSİ
«Simurq» baletinin sifarişçisi Sergey Dyagilyev əvvəlcə bu mövzuda əsər yaratmaq təklifi ilə görkəmli rus bəstəkarı Anatoli Lyadova müraciət edir. İşinə yüksək tələbkarlıqla yanaşan və bəlkə də həmin səbəbdən bir qədər astagəl olan Lyadov bu dəfə də əsər üzərində ləng işləyir. Dyagilyev növbəti "İşlər necə gedir?" -sualına «Hər şey əladır — artıq not kağızını almışam», -cavabını alandan sonra Lyadovla imzaladığı müqaviləni ləğv edir, sifarişi Stravinskiyə ötürür.

Uzun illər Vətən həsrəti ilə yaşayan 80 yaşlı Stravinski Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun şəxsi dəvəti ilə 1962-ci ildə Rusiyaya gəlir, Moskva və Leninqrad (hazırda Sankt-Peterburq) şəhərlərində müəllif konsertləri ilə çıxış edir. Vətənlə görüş qocaman bəstəkara sanki ilham verir. Ömrünün qalan doqquz ili ərzində o yenə də səmərəli işləyir, yeni əsərlər yaradır. 1971-ci ildə Stravinski Nyu-Yorkda vəfat edir. İqor Stravinski XX əsr musiqisinin rəmzi simalarındandır. Onun cəsarətli sənət axtarışları, kəşf etdiyi melodiyalar, harmoniyalar, ritmlər müasirlərini həm təəccübləndirir, həm də heyrətə gətirirdi. Stravinskinin zəngin bədii irsi bu gün də bəstəkarlarçün örnək olaraq qalır.
Bu əsərlərlə tanış olun;
  • Petruşka
  • «Müqəddəs bahar»
  • «Simurq»
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova
Davamı →

“Mendelson marşı” haqqında üç maraqlı fakt

  • Musiqi
205 il əvvəl fevral ayının 3-də Almaniyanın Hamburq şəhərində məşhur bəstəkar Feliks Mendelson anadan olub. O təkcə bəstəkar deyil, həm də dirijor, pianist idi. Yəhudi əsilli bəstəkar musiqidə romantizmin nəhəng nümayəndələrindən biri “Leypsiq məktəbi”nin nümayəndələrindən biri sayılır
Onun məşhurMendelson marşı”  150 ilə yaxın bir müddət ərzində demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin “xeyir-duaçısıdır”. 

Marş “Yay gecəsində yuxu” pyesi üçün yazılmışdı
Mendelsonun 17 yaşı olanda Şeksprin komediyalarından biri üçün eyni adlı konsert uvertürası yazır. 15 il sonra isə Prussiya kralı Fridrix IV Vilhelmin sifarişi ilə ona daha 10 hissə əlavə edərək suitaya çevirir.
Məhz ilk dəfə “Yay gecəsində yuxu” suitasında tamaşaçılar “Mendelsonun nikah marşı”nı eşidirlər. Bu hadisə 14 oktyabr 1843-cü ildə Potsdam sarayında baş verir. Tamaşada musiqinin sədaları altında Eşşəklə tilsimlənmiş Titaniya evlənir.  

Mendelsonun marşının sədaları altında ilk dəfə ingilis əyalətç adamları evləniblər
Alman bəstəkarının marşı Doroti Karyu və Tom Denielin nikah mərasimində səsləndirilib. Bu hadisə 2 iyun 1847-ci ildə 20 mindən az əhalisi olan Tiverton şəhərciyində Müqəddəs Pyotr kilsəsində baş verib.   

Marş vəliəhd və prinsesin toylarından sonra məşhurlaşdı
25 yanvar 1858-ci ildə Londonda Sent-Ceyms sarayında təmtəraqlı nikah mərasimi baş tutur. İngilis prinsesi Viktoriya Adelaida Mariya Luiza (və ya sadəcə Viktoriya) 26 yaşlı Prussiya vəliəhdi III Fridrixə ərə gedir. Yeni evlilər kilsədən çıxanda Mendelson musiqisi səsləndirilir, bundan sonra marş geniş şöhrət qazanır. Nikah Fridrixin ölümünə qədər — 30 il davam edir. Evlilərin dörd oğlan, dördü qız səkkiz övladı dünyaya gəlir. 

Davamı →

Qara Qarayev- doğum günü

5 fevral görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev döğum günüdür. O, 1918- ci ildə anadan olmuşdur. 

SSRİ Xalq artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur. Bəstəkar Fərəc Qarayevin atasıdır. Həkim-pediatr Mürsəl Qarayevin qardaşıdır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir.

Davamı →

Piano ilə təkbətək

ŞopenParisdə F.Şopenin adı polyak musiqisinin emblemidir. Baxmayaraq ki, atası Nikolay Şopen milliyyətcə fransız idi, Fridrix canıyla, qanıyla polyak mədəniyyətinin yetirməsi, polyak musiqisinin sütunuydu. Polyak xalqı bütün tarixi, xarakterik cizgiləri, obrazı və köklü sənəti ilə onun musiqisində ehtiva olunurdu. Polyak milli rəqsləri Şopen klaviaturasının təməliydi.    
Bu rəqslər əsasında yaratmışdı eyni janrları — mazurka, polonez, kuyavyak. Vətənpərvərliyin ən ali məqamıdır bu. Polyak sənəti onun ürəyində dövr eləyirdi — öz vəsiyyətilə nəşindən ayrılıb Parisdən Varşavaya gətirilən, bu günəcən Müqəddəs Xaç kilsəsində qorunan çılğın ürəyi.

Şopen geniş kütlənin bəstəkarıdı — hamı anlayır onun lirik-psixoloji ovqatlı nəğmələrini. A.Rubenşteynə görə “fortepianonun canıydı” Şopen — ömrü boyu yalnız piano üçün yazan bu dahi. Elə geniş ifadə vasitələri, elə melodik boyalar tapırdı ki, bu alət həm orkestri, həm zərb alətlərini əvəz edə bilirdi.
Məhdudluq Şopenə yad idi. “Polşa Motsartı” adlandırırdılar Şopeni — tale və sənət oxşarlıqları da buna əsas verirdi: kiçik yaşlarından özünü büruzə verən talant, ata-ana təkidi, tanınmış müəllimlərin qayğısı, balaca ikən keçirilən böyük konsertlər və nəhayət… vaxtsız ölüm!

   Fevralın 22-i məşhur bəstəkarın doğum günüdür. 1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində doğulub. Beş yaşındaykən pianoda kiçik pyesləri sərbəst çalırdı. On doqquz yaşında ali musiqi məktəbini bitirərkən artıq tanınmış bəstəkar idi. Tez-tez Vyanada konsertlərdə olurdu, amma valideynlərinin və dostlarının ayrılığına tab gətirə bilmirdi — Varşava özünə çəkirdi onu. Bir müddət Parisdə yaşamalı olan Şopen vətəndən gələn inqilab havasını duyur, lakin yaxınları onun geri qayıtmasını məsləhət görmürdü.

Üsyanın amansızcasına yatırılması isə bəstəkarı sarsıdır, qəlbində təlatüm yaradır. Bu dövrdə bəstələdiyi “İnqilabi etüd” (12 №li) dalğalı dənizdə qopan tufanı, qaranlıqla işığın mübarizəsindəki kontrastı xatırladır, vətəncanlı bəstəkarın qüssəsini, daxili əzablarını təzahür edir. Hər gün izləyirdi hadisələrin gedişini. Hiddətlənirdi, vətəninə çox acıyırdı. Ömrünün qalan hissəsi ata vətəni Parisdə keçir.
Dünya ədəbi dühalarının bir çoxu ilə ünsiyyət yaradır. Məşhurluq onu maddi durumunun yaxşılaşmasına əsla təsir göstərmir. Macar bəstəkarı F.Listin vasitəsilə yazıçı J.Sandla tanış olur və bu tanışlıq evlənmə ilə nəticələnir. Lakin bu səadət uzun sürmür. Ayrılıq öz sözünü deyir, xəstəlik onu üstələyir. Qırx doqquz yaş bəstəkar ömrünün sonuncu akkordları kimi səslənir.


   Vəsiyyətinə görə Motsartın ”Rekviyem”i səsləndi dəfn günü, öz yaratdıqlarından arqanda mi minor və si minor prelüdləri, orkestrin ifasında isə si bemol minor sonatasından “Matəm marşı”çalındı.

   Azərbaycan pianoçularına Şopen musiqisinin sadə dili, romantik əhval-ruhiyyəsi olduqca doğmadır. Mazurkaların zəngin ritmi, ehtirasla səslənən vurğuları, polonezlərin döyüşvari təntənəsi, zəfər müjdəsini andıran təqtləri, valsların bəzən lirik, bəzən coşqun melodiyası, noktürnlərin gecə laylası tək həzin axıcılığı, etüdlərin romantik fəndli çılğın texnikası bizə milli musiqimiz qədər doğmadır. Şopenəcən prelüd çoxhissəli əsərlərin girişi kimi bəstələnirdi — müstəqil yazılma və yaşama hüququna görə isə bu janr məhz Şopenə borcludur. İyirmi dörd prelüd — silsiləvi yenilik nümunələri. Bu gün üç əsrin kandarında anırıq Şopeni — əslində heç zaman unudulmayacaq dühanı.
 Samirə Səma
Davamı →

Cövdət Hacıyev

Covdət HacıyevBöyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli, professor Cövdət Hacıyevin (18 iyun 1917 — 18 yanvar 2002) milli simfonizmin təşəkkül tapmasında və inkişaf etdirilməsində xüsusi rolu olmuşdur.

Əhməd Cövdət İsmayıl oğlu Hacıyev 1917-ci il iyunun 18-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. 1924-cü ildə o, Bakıya gələrək Musiqi Texnikumunda skripka aləti üzrə ilk musiqi təhsili almışdır.

1935-1938-ci illərdə C.Hacıyev Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək dahi bəstəkarımız Ü.Hacıbəyovdan və professor Rudolfdan dərslər almış, 1938-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə daxil olmuşdur.

Burada o, görkəmli rus musiqiçiləri — A.Aleksandrov və S.Vasilenkodan bəstəkarlığın və instrumentovkanın sirrlərini öyrənmiş, 1947-ci ildə professor D.D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.
Ardı →

Səid Rüstəmov

Səid RustəmovAzərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov (12 may 1907 — 10 iyun 1983) Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.

Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.
Ardı →

Vasif Adıgözəlov

Vasif AdıgozəlovGörkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» və «İstiqlal» ordenli, professor Vasif Adıgözəlovun (28 iyul 1935 — 15 sentyabr 2006)  yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Çexoslovakiya, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

 Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakı şəhərində, görkəmli xanəndə, Azərbaycan muğamlarının mahir bilicisi və təfsirçisi Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini o, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbində fortepiano və uşaq yaradıcılığı siniflərində almışdır.
Ardı →

Əmirov Fikrət

Azərbaycan musiqisində simfonik muğam janrının banisi, instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarı Fikrət Əmirov dövrünün məşhur sənətkarlarından biri idi. Onun musiqisi ötən əsrin sənət zirvələrini fəth edərək bu unudulmaz və görkəmli bəstəkara dünya şöhrəti gətirmişdi. Fikrət Əmirov hələ 1967-ci ildə yazırdı: "Üzeyir Hacıbəyov mənim sənət müəllimim olub. Milli musiqimizin incəliklərini mən ondan öyrənməyə çalışmışam. Yaxın və Orta Şərq professional musiqisi üçün Üzeyir Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək".
Davamı →

Maestro Niyazi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsil örnəkdir. Sənətkarın ömür kitabından bəzi səhifələrə nəzər salaq.
Davamı →

Qara Qarayev zirvəsi

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.
Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.


Ardı →