Onun barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin
caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı.
Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, yerli məktəbdə musiqi müəlliməsi idi.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Ardı →