Fəlsəfi ədəbiyyat

Göz yaşı və təbəssüm


Mən ürəyimin kədərini insanların sevincinə dəyişmərəm. Və istəmərəm ki, qəlbimin dərinliklərində doğan göz yaşları gülüşə çevrilsin. Mən istəyirəm ki, mənim həyatım həm göz yaşı həm də təbəssüm olaraq qalsın: Göz yaşı ürəyi yuyub təmizləyir və insan həyatın sirlərini və dərinliyini anladır, təbəssümsə məni torpağımın oğullarına yaxınlaşdırır və Allaha şükranlıqlarımı ifadə edir; göz yaşı mənə yaralı qəlbimlə insanlar arasında qalmağa kömək edir, təbəssümsə mövcudluğa sevincimi bildirir. Mən, darıxa-darıxa yaşamaqdansa sevə-sevə ölməyi üstün tuturam. Mən istəyirəm ki, qəlbimin dərinliklərində eşq və gözəllik aclığı heç vaxt azalmasın. Mən müşahidə edib, həyatından razı adamların hamıdan bədbəxt və maddiyyata hamıdan daha yaxın olduqlarını gördüm; mən qulağımı dayadım və eşitdim ki, aşiqin ahları ən şirin bir musiqidir.

Axşam düşür və gül öz ləçəklərini bağlayaraq öz eşqi ilə qol-boyun uyuyur, səhər açıldıqda isə o, günəşin öpüşünü qəbul etmək üçün dodaqlarını aralayir. Güllərində həyatı — eşq və görüş, göz yaşı və təbəssümdür. Dənizin suları buxarlanır və yuxarı qalxaraq dərələr, təpələr üzərində süzən buluda çevrilir. Zərif bir küləyə rast gəlincə isə bulud göz yaşına dönərək düzlərə yağır, çaylara yığılaraq vətəninə dənizə qayıdır. Buludlarında həyatı — ayrılıq və vüsal, göz yaşı və təbəssümdür. Beləcə ruhda vahid Ruhdan ayrılaraq maddi dünyaya düşür, bulud kimi kədər dağlarının və sevinc vadilərinin üzərindək keçir; ölüm küləyi ilə rastlaşınca isə, əvvəlki yerinə eşq və gözəllik dənizinə Allaha qayıdır...


C. X. Cubranın «Göz yaşı və təbəssüm» kitabından


Mənbə: «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı 1-2 Baki:2007


Davamı →