Xoşbəxt istisna

20-ci əsrin son rübündə Milan Kunderanın qələmindən çıxan dahiyanə romanlardan sonra mühacirətlə bağlı axı yeni nə yazıla bilər, deyə hərdən sadəlövhcəsinə düşünür insan. Amma fakt budur ki, hazırda mühacirət ədəbiyyatı ən populyar dövrünü yaşayır. Yazılan saysız-hesabsız romanlar, memuarlar, hekayələr, ssenarilər bizə mühacirətin nə qədər ağrılı olduğunu təlqin etməyə çalışır. Bəzən əslində, heç bunlara da ehtiyac qalmır, qarşına elə bir xəbər çıxır ki, səni bir romandan da çox mütəəssir edə bilir.

Davamı →

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

 “Conatus” – insanın özünü sevmək ehtiyacıdır. Spinozanın sözləri ilə desək, konus – insanın yaşamaq arzusu və həyata canatmasıdır. Tarix boyu insanın yaşamaq və bunun üçün mübarizə aparmaq şövqünə səbəb olan da məhz bu ehtiyacdır. Yaşamaq uğrunda mübarizə prosesi, bu ideyanı həyata keçirmə vasitə və üsullarının ortaya çıxmasına səbəb olub, hansılar ki, öz növbəsində və ümumi anlamda mədəniyyət adlandırıla bilər.

Davamı →

Gənc publisistlər üçün məsləhətlər

Qoca qarğa boş yerə qarıldamaz. (Atalar məsəli)
Ürəyim dolu, vaxtım az, qanım da hal-hazırda bir az qaradır. Ona görə də söhbəti uzatmadan, birbaşa, müqəddiməsiz, girişsiz filansız bir müddətdir yazmaq istədiyim məsləhətlərə keçirəm. Bütün hallarda, səbəb nə olursa olsun təcrübənin paylaşılmasında fayda var. Diqqətlə oxuyun, bəlkə bu məsləhətlərdən hansısa sizə faydalı ola bilər.

Davamı →

Möcüzələr yarada biləcəyinizi bilirsiniz?

Möcüzələr yarada biləcəyinizi bilirdinizmi? Bəli həqiqətən elədir. Siz möcüzələr yarada bilərsiniz. Əslində bizim əsas məqsədimiz elə budur – möcüzə yaratmaq. Unutmayın ki, bəzən düşüncə tərzimizdəki kiçik bir dəyişilik də möcüzə sayılır. Bəzən bir şey tamamilə qeyri-mümkün kimi görünsə də, düşüncənizin dəyişməsi ilə bu, bir anda mümkünə çevrilə bilər.
Bütün möcüzələr sadəcə kiçik bir düşüncə və ideya ilə başlayır. İndi icazə verin fikirlərimi sizinlə bölüşüm.
Tomas Edison, Aleksandr Bell və Rayt qardaşlarının hamısının ölməsi xaricində başqa nə ortaq cəhəti var? Üçü də ixtiraçıdır.
Davamı →

Tanrım

Bəlkə biz səni görmədiyimiz kimi sən də bizi görmürsən, İlahi, şəkk eləmə, biz varıq, hamımız günahkarıq, bəlkə də, amma inan ki, hamımız çarəsizik...

Əlimdə altıqoşam ölür, vaxt bitmək üzrə, tanrım, soruşmaq ayıb olmasın, kimin əlinə oynayırsan?!

Allahım, öz “əsərini” oxunaqlı etmək xatirinə, müsbət qəhrəmanlarını çərlədib öldürmək şöhrətpərəst yazıçıların işidir.

Bəsdi, az sorğu-sual et, İlahi, günahım yoxdu. Cəzamı ver, çıxım gedim, sənin növbən uzundu, mənim vaxtım yoxdu…
Davamı →

Nə o sevgilidə ilişib qaldım, nə o xəyanətlərdə

Hər şey ondan başladı ki, bir vaxtlar “filankəslərdən uzaq dur, onların heç bir mənəvi dəyəri yoxdu” deyən rəfiqəmi məndən uzaqlaşıb həmin filankəslərlə qol-boyun olan gördüm.
Hər şey ondan başladı ki, sevib seçdiyim dəyərlər bir-bir xəyanətkar çıxdı.
Nəyə qəlbimi verdimsə, pula, şöhrətə, bayağılığa satdı “bizi” . 
Bir tək quru canını sevdiyim o adam.
Dəli kimi təmənnasız sevdiyim o iş. Dəyərlərini sevdiyim o rəfiqə.
Davamı →

Yağış(esse)/Şiringül Musayeva.

   Bayırda  xırda- xırda aramsız yağış yağır. Ta  uşaqlıqdan bu yağışı sevirəm, ta uşaqlıqdan belə  aramsız, soyuq  yağış  yağanda  sirli bir  qəmə  qərq oluram. Külək  vıyıldayır ,yağış  pəncərəmə  çırpılır.  Hava  tutqun,  bozumtuldur. Özümü  əsir  düşmüş   vəhşi  kimi  hiss edirəm, içimdə  sanki  tənha  bir  yalquzaq  ulayır. Hara isə  qərib-qərib ellərə  getməyim gəlir, qərib-qərib duyğular  içimi  bürüyüb, xəyalım  uzaq bir  şəhərin  küçələrini  gəzir.
O  şəhərin  yağışdan  islanmış  otları sanki  ayağım  altındadır;  pəncərəsinə yağış  çilənmiş  mağazalar,   başı  üzərində  çətir tutmuş  adamlar ,  budaqlarından  su  damcılayan  al- qırmızı  bəzənmiş  quşarmudları...
  Nə  istəyir içimdəki  tənha, qərib  yalquzaq?  Dünyadan  istədiyi  nədir?  Nə  üçün  belə  dərdli-dərdli  soyuq, yağışlı  Moskva  meşələrini, Medvedko  bazarını  xatırlayır? Nə  üçün  həmişə  quru  meyvə  aldığım  o özbək  qadının  siması xatirimdə  belə  əziz  bir  surət  kimi  qalıb ? Nə  çoxdur  Bakıda  bazarlar və  quru  meyvə  satan  qadınlar...
  Nədəndir  könlüm yalnız o  Medvedko  bazarını,  o qadını  istəyir nədən ?
  Nədəndir  ürəyim  belə  dərdli- dərdli  çırpınır; ağlamaq  istəyirəm, lap  elə  bayırda əsən  külək  kimi ulamaq  istəyirəm.
   Nədən  ?  Hara  gedir  bu  günlər,  ömür- gün  niyə  belə  tələsir  axı ?
   Niyə görə  uşaqlığımın  bir  səhnəsi  bu  gün  gəlib  ğözümün  önündən  asılıb;  cəpərə  ayağımı  keçirib  durmuşam, çəpərin  o  üzündəki  Güləsmə  ilə  yumurta  döyüşdürürəm. Nədəndir  ikimərtəbə  daş  evimiz, böyük  bağçamız   xəyalımda  belə  aydın  canlanır?  Hətta  nənəmin  uzun, qara  tumanının  qırçınları, əmim  arvadının  nazik  biləyindəki  qızıl  saat ,əmim  qızının  güllü, uzun,  narıncı  donu  lap  elə  bil  gözümün  qabağındadır.
   Elə  bil, bu  xatirələr  elə  aramsız  yağış  damlalarıdır  xəyalıma  damcılayır. Yağış  güclənir,  xatirələr  çoxalır.
  Ah,  elə  belə  yağışlı  bir  gün  idi;   qızılca  çıxartmışdım  və  anam  məni  bayıra  buraxmırdı; pəncərənin  qarşısında  oturub  bayıra  baxırdım. Elə  o  vaxt  da  içimdə  tənha,  balaca  bir  yalquzaq  var  idi. Və  mən  onda  da  beləcə  darıxırdım,  amma   o vaxt  o  darıxma  hələ  özümə  belə  aydın  deyildi ;  elə  bilirdim  həyətdə  oynamaqdan  ötrü  darıxıram.  Bu  gün  də  həyatımın  həmin  darıxdırıcı,  soyuq ,  aramsız  yağışı  yağır; bu  damlalara  qarışıb   mənim  də  yağmağım,  ağlamağım ,nəyisə  nəql  etməyim  gəlir. Nənəmi  könlüm  istəyir,  Vəfanı  könlüm istəyir,  Güləsməni,  Süsəni  könlüm  istəyir.  Yağışdan  sonra  boy  atıb dada  gələn  qanqal  zoğları  istəyir  könlüm. Bağçamızdakı  beşinci  ağacın  şirin, dadlı  alçaların  duza   batırıb  yemək  istəyirəm. Sonra  da Moskva  düşür  yadıma...Oğlumun  Moskvada  getdiyi  bağça  yadıma  düşür; yeni il  bayramı, Şaxta  baba, Qar  qız  yadıma  düşür,  oğlumun  şeir  deməyi,o günkü  təzə  geyimim  yadım düşür.
  Nədəndir  belə  darıxdırır  bu  yağış məni? Bəlkə, hardasa  keçmiş  illərdə , günlərdə  yaşayan  ruhum bu  yağışda  islanıb  boy  atır, hardasa  uzaq- uzaq  şəhərlərdə ,  kəndlərdə  qalan  günlərim  bu  yağış  damlalarına  qarışıb  xəyalıma  damcılayır. Ya  bəlkə, bu  yağış  mənim  və  mənim  kimi  neçə- neçə  insanın  taleyinə tökdüyü  göz  yaşıdır- zaman-  zaman yaranan, yaşayan, duyan ,  düşünən, həyatla  barışa  bilməyən  insanın. Bəlkə,  Təbiət  də  hərdən ovuna  bilmir,  için-için ağlayır belə?
Mənsə  yağışa  düşmüş ,əzilmiş,  bürüşmüş  bir  çiçək  misalındayam.  Həyatımı  özüm  yox,  bu  yağış  damlaları  idarə  edir. Damlalar  başıma  döyür ,  göz  yaşlarım  aramsız  axıb  bu  soyuq   yağış  sularına  qarışır.  Nə  bilim...
Davamı →

Asfaltda zanbaq bitirənlər


Somerset Moem məşhur “Ay və qara şahı” əsərində yazır ki, asfaltı zanbaq yetişdirmək ehtirası ilə yorulub usanmadan sulamaq üçün ya gərək şair olasan, ya da mömin…

İş orasındadır ki, yaradıcılıq asfaltı zanbaq bitirmək ehtirası ilə yorulub-usanmadan sulamaqdır elə. Bura, bilgi və məntiqə imkanın qədər yiyələnəndən sonra ulaşdığın bilgisizlik, məntiqsizlik məkanıdır. Ənənəvi desək, yaradıcı müstəvidə iki üstəgəl iki dörd eləmir.
Davamı →

Geni dəyişdirilmiş qadınlar

Mən onu poçtda gördüm. O qadını. Əvvəlcə kiməsə oxşatdığımı sandım, sonra ona bənzəyə biləcək bütün tanışları bir-bir fikrimdən keçirdim və konkret heç kimi tapmadım. Amma qadın dəhşətli dərəcədə kimisə xatırladırdı. O (şərti olaraq adını L. qoyaq)  mənim göndərəcəyim məktublarla məşğul olduğu vaxtda özümlə bacara bilmirdim, etirazıma rəğmən beynim çox sürətlə işləyirdi və nəhayət ki, «evrika».
 
L. fərdi olaraq kiminsə oxşarı deyildi, ümumən sovet qadınlarına bənzəyirdi. Bənzəyirdi nədi, tipik sovet qadını idi və elə bil indicə o dövrdən çıxıb gəlmişdi. Çoxdandı poçta yolum düşmədiyini nəzərə alsaq, mənim o dövrə qayıtmış olmağım da pis versiya deyildi.
Davamı →

Mən, sən, o...

Mən bu dünyaya münasibətlər, düşüncələr arasında körpü qurmaq üçün gəlmişdim.
 
Sən-bu körpüləri yandırmaq üçün.
 
O körpülər ki, onlarla bütün dünyanı dolaşmaq olardı.
 
Biz-ömür boyu bu yanmış körpülərin külüylə oynadıq, biz ola bilmədik. Siz olduq, Onlar olduq.
 
...Mənə görə həyatın-bu qarışıq məsələnin çox sadə həlli vardı. Sənə görə bu sadə məsələnin çox mürəkkəb həlli. Ona görə biz orta məxrəcə gəlib bu həyatın yeganə həllini tapa bilmədik.
 
Bu səbəbdən Sizə görə bir başqa çıxış yolu mövcuddu, Bizə görə bir başqa, Onlara görə lap ayrı.
Davamı →