Təqdimat mərasimi | İvan Kraus

Kitab yazan hər kəs əməlinə görə məsuliyyət daşıyır. Odur ki, öz kitabının dolub-daşan bazarda diqqətdən kənarda qalmaması üçün naşirinə kömək əli uzatmağa borcludur...

Təqdimat mərasimi geniş kitab mağazasında keçirilirdi. Mən kitablarımın, bir də zanbaq qoyulmuş güldanın yaraşıq verdiyi masanın arxasında oturmuşdum. Naşirimlə bu mağazanın xanım müdiri isə süfrəli masalara yaxın dayanmışdılar. O masalara şərab, şirniyyat, çərəz düzülmüşdü.
Qələm əlimdəydi, siqaret çəkirdim. Üçüncü siqaretdən sonra belə qərara gəldim ki, durub dükanı dolaşsam, daha yaxşı olar.
Davamı →

Oxuyun, ay millət! | İvan Kraus

Hər dəfə kitab mağazalarına girəndə guşələri gəzir, rəflər arasında dolaşıram. Boynumu qeyri-təbii şəkildə burub, rəflərə düzülmüş kitabların kötüyündən adlarını oxuyuram. Ta boynum tutulana qədər. Bu, təhlükəli haldır. Bir tanışım hansısa kitabı beləcə o qədər axtarmışdı ki, boynu qurumuşdu, düzəldə bilmirdi. Satıcılar onu taksiyə oturdub birbaşa massajçı yanına göndərmişdilər.

Kitab mağazalarına istirahət üçün getdiyini deyənlər, sözsüz ki, məsələni şişirdirlər. Şair dostum var, deyir ki, hər dəfə kitabçıdan çıxan kimi cumuram evə – uzanmaq üçün. O dəfə kitab mağazasında bir nəfər gördüm, həmin qeyri-təbii vəziyyətdə kitab axtarmaqdan axırda huşunu itirdi. Xoşbəxtlikdən, yıxılanda başı aktyorların və müğənnilərin xatirələrindən ibarət kitab qalağına çırpıldı deyə, salamat ötüşdü.

Mağazadakılar arasında həkim də varmış, əlüstü müayinədən belə nəticəyə gəldi ki, bir ara adamın beyninə qan çatmayıb. Həmin oxucunu şeir kitabları olan bölməyə aparıb, endirimli nəşrlərin üstünə uzatdılar, özünə gələnəcən də orda qaldı.
Davamı →

Mədəniyyət nazirinə məktub | İvan Kraus

Dəyərli nazir!
Bilirəm ki, sənə bir yığın adam çoxlu xahiş ünvanlayır, ona görə də qabağa düşmək üçün elə təyinatından dərhal sonra bu məktubu yazmağa qərar verdim. Nə vaxtsa biz vətənsevərlərdən də birinin nazir olacağını və əvvəllər (əlaqə kasadlığı ucbatından) həyata keçirə bilmədiyim planlarımı gerçəkləşdirməkdə mənə köməklik göstərəcəyini çoxdan gözləyirdim.

1. İlk növbədə, mənim yenicə (bu, məhz indi üçün önəmlidir) yazmağa başladığım kitabımın növbədənkənar, həm də sərfəli şərtlərlə (pulsuz çapından söhbət gedir) nəşri barədə üstüörtülü bir sərəncamı çox təqdir edərdim.

2. Əvvəllər bəzi-para həmkarlarımın olduğu kimi, indi də mənim kitablarımın vitrinlərdə gen-bol, həm də məxsusi yer tutmasına şərait yaradılsa, buna görə minnətdar olardım.
Davamı →

F.M. Dostoyevski yaradıcılığında uşaqlıq mövzusu

İstənilən dövrdə yazıçılar uşaqlıq mövzusuna laqeyd qala bilməyiblər. Uşaq dünyası yazıçıları daima həyəcanlandırıb, düşündürüb, yazmağa sövq edib.

XIX əsrin ortalarında uşaq mövzusu rus qəzet və jurnal səhifələrində geniş müzakirə olunurdu. Diskussiyalara tanınmış psixoloqlar, pedaqoqlar və yazıçılar da qatılırdılar. Müzakirələrdə müasirlərinin sosial və əxlaqi nöqsanlarını açmaq üçün cəmiyyətin diqqətini uşaqların saflığına, məsumluğuna çəkməklə göstərməyə çalışıblar. 

Bir çox yazıçılar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda böyüklərin zərif yumorunu qatmaqla yazsalar da, onların daxili dünyasının dərinliyinə nüfuz edə bilməmişdilər. F.M. Dostoyevski isə öz əzərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olmuş yazıçılar sırasındadır. Yazıçının bu incə qabiliyyətini ilk dəfə «Karamazov qardaşları» əsərini (mənə görə İlyuşa Sneqirov obrazı Dostoyevskinin yaratdığı şedevr uşaq obrazıdır) mütailə edərkən kəşf etsəm də, digər əsərlərini də oxuyaraq bu məsələdə yanılmadığıma əmin oldum. 
Davamı →

Eynşteynlə görüş | Dino Bussati

Oktyabr axşamlarının birində iş günündən sonra Albert Eynşteyn Prinston xiyabanında təkbaşına gəzişərkən qəribə hadisə baş verdi.

Qəfil və səbəbsiz fikirləri xaltasından çıxmış köpək kimi nəsnədən-nəsnəyə atılanda bütün həyatı boyu xəyallarında arzuladığı şeyi dərk etdi. Hansısa məqamda Eynşteyn ətrafında əyilmiş məkan gördü, ona indi bu kitaba baxdığınız kimi, hər tərəfdən baxmağa fürsət tapdı.

Hesab olunur ki, insan ağlı məkan əyriliyini dərk edə bilmir — nəinki uzunluğu, eni, dərinliyi, həm də hansısa sirli dördüncü ölçünü; onun mövcudluğu sübut olunub, hərçənd, insanın qavrayışından uzaqdır. Ətrafımızda hansısa divar durub və insan özünün acgöz fikirlərinin qanadlarında irəliyə doğru uçmaqla yüksəkliyə qalxaraq anidən onunla toqquşur. Nə Pifaqor, nə Platon, nə də Dante indiyə qədər yaşasaydılar da onun öhdəsindən gələ bilməzdilər, çünki həqiqət beynimizə sığmır.
Davamı →

Öpüş | Ancela Karter

Orta Asiyada qış çox soyuq və əziyyətli keçir: boğucu, pis qoxulu yay isə vəba, dizenteriya və ağcaqanad gətirir. Apreldəsə hava baldırın ətli hissəsinin yumşaqlığı kimi insanı oxşayır: çiçək açan bütün ağacların qoxusu şəhərin zibilliyindən gələn, burun boşluğunu yandıran yeli basdırır.

Hər şəhərin özünəməxsus daxili məntiqi var. Uşağın boya qutusundakı rəngli karandaşlarla xəyalınızda tünd sarı, ağ, qırmızımtıl qəhvəyi rəngilə dümdüz, həndəsi formalardan cızılmış şəhər canlandırın. Evlərin açıq rəngli, alçaq balkonları sanki ağımtıl, çəhrayı torpaqdan hörülmüş kimi deyil, bu torpaqdan çıxmış kimi görünür. Hər yer rəngli karandaşlarla barmaqlarınızda qoyduğu toza bənzər solğun rəngli, qum kimi tozla örtülüdür.
Davamı →

Milad ağacındakı oğlan | Fyodor Dostoyevski

I Əl açan oğlan
Uşaqlar qəribə məxluqdurlar, yuxuya və xəyala gəlirlər. Milad bayramından əvvəl küçədə, hamıya məlum köşədə yeddi yaşlarında oğlan uşağına rast gəldim. Dəhşətli şaxtada o, demək olar, yay paltarındaydı, ancaq boynu hansısa köhnə şeylə sarınmışdı – deməli, onu kimsə bura göndərir, yaşayışını təmin edirdi. O "əl açaraq" gəzirdi: bu, texniki termindi, yəni nəzir istəmək. Termini oğlanlar özləri uydurmuşdular. Onun kimiləri çoxdur – yolunuzun üstündə fırlanır, nəsə əzbərlədikləri şeyləri mızıldayırlar: amma bu mızıldamır, məsum, vərdiş etməmiş şəkildə danışır, güvənlə gözlərimin içinə baxırdı, deyəsən, yeni başlamışdı.

Sorğu-sual vaxtı bildirdi ki, bir bacısı var, işsizdir, xəstədir: bəlkə də həqiqətdir, amma sonradan öyrəndim ki, bu uşaqları ən qorxunc şaxtada da "əl açmağa" göndərirlər, əgər heç nə yığmayıblarsa, onları kötək gözləyir. Qəpik-quruşu yığdıqdan sonra oğlan qızarmış, donmuş əlləriylə sərxoş alverçilərin olduğu hansısa zirzəmiyə qayıdır. Onlar "şənbə-bazar günləri fabrikdə dincəlib, çərşənbədən tez olmayaraq yenidən işə qayıdan" dəstədir. Həmin zirzəmilərdə ac, döyülmüş arvadları da sərxoşluq edir, elə orda körpə uşaqları aclıqdan ciyildəyir.
Davamı →

Xoşbəxtlik haqqı

Bəşəriyyətin gündəmindəki ikinci böyük proyekt, ehtimal ki, xoşbəxtliyə gedən yolu tapmaq olacaqdır. Tarix boyu saysız-hesabsız mütəfəkkir, kahin və adi insan ən ali dəyər olaraq həyatdan çox xoşbəxtliyi yüksəltmişdir. Antik yunan mütəfəkkiri Epikür, tanrılara ibadətin vaxt itkisi olduğunu, ölümdən sonranın olmadığını və xoşbəxtliyin həyatın tək məqsədi olduğunu müdafiə edirdi. Antik dövrdə çox insan epikürçiliyi rədd etsə də, onun fikirləri bu gün etibar qazanmışdır, o biri dünyaya duyulan şübhə, insanları sadəcə ölümsüzlüyü deyil, dünyəvi xoşbəxtlik axtarışına da yönəltmişdir. Sonsuza qədər davam edəcək iztirabla yaşamağı kim istəyər ki?

Epikürə görə xoşbəxtliyin arxasınca düşmək fərdi axtarışdır. Müasir mütəfəkkirlər isə, xoşbəxtliyi kollektiv proyekt kimi qiymətləndirirlər. Hökumət planlaması, iqtisadi resurslar və elmi araşdırmalar olmadan fərdlər xoşbəxtlik axtarışlarında çox yol gedə bilməyəcəklər. Əgər ölkəniz müharibədə parçalanmış, iqtisadiyyatınız böhranda, səhiyyə sisteminiz çökmüşsə, səfalətdə yaşamağınız böyük ölçüdə mümkündür.
Davamı →

Yaşlı insanla görüşdən aldığım dərs

Bir zamanlar mən qərbdə çap olunan, bölgədə məşhur və nüfuzlu sayılan bir qəzetlə əməkdaşlıq edirdim və günlərin bir günü redaktor istifadəyə verilməsi planlaşdırılan, milyonlarla büdcəsi olan bir layihəylə bağlı müsahibə almaq üçün məni istefaya çıxmış, varlı bir sənayeçinin yanına göndərdi.

Layihə yararlı olacaqmı? Şəhərin buna ehtiyacı varmı? Onun maliyyələşməsi asan və sərfəli olacaqmı? Redaktor nələri soruşacağımı mənə tapşıraraq, müsahibimin yaşlı və ya gənc olması haqqında heç bir məlumat vermədi, sadəcə bildirdi ki, o indi sənaye işindən kənarlaşıb və sən onu istənilən vaxt evdə tapa bilərsən. O vaxtlar mən çox gənc idim-yaşım iyirmi ikidən çox olmazdı və həyat mənə öz ticari, iqtisadi tərəfləri ilə deyil, öz tapmacaları, sirrləri ilə daha maraqlı gəlirdi. Lakin mənim verəcəyim suallar yadımda idi və keçmiş sənayeçidən onlara aydın cavab almağa hazırlaşırdım.
Davamı →

Tipasada nikah | Alber Kamyu

Yazda tanrılar Tipasanı məskən seçir və orada hər şey günəş dilində danışır, yovşan ətrindən məst olur, gümüşü zirehə buxovlanmış dənizdə boğulur, masmavi səma ətraf çiçəklərdə və sal daşların qoynunda itir. Günün başqa saatlarında ətraf günəş işığından gözlərini qıyıb qaranlığa qərq olur. Gözlər kirpiklərə qonan titrək işıq və rəng zərrələrindən başqa nəsə görə biləcəyinə əbəs yerə ümid edir. Ətirli otların kəsif qoxusu boğazı qıcıqlandırır, nəfəs almaq çətinləşir. Ətraf kəndlərin başının üstünü kəsdirən təpələrin arxasından sıyrılaraq, ağır-ağır, arxayınlıqla dənizə baş vuran qara, nəhəng Şeunu zorla seçirəm.

Kəndi ötüb keçirik, buradan buxta görünür. Sarımtıl-mavi aləmə qərq oluruq, yayda Əlcəzair torpağının yetişdirdiyi xoş rayihə bizi nəfəs kimi qoynuna alır. Ətraf villaların divarlarından boy verən yasəmən kolları göz oxşayır; bağçalarda bir qədər sonra al-əlvan rəngə boyanacaq solğun bənizli ketmilər hələ də qalır, bir də uzaqdan baxanda qaymaq köpüyünü xatırladan, zərif-bənövşəyi iris kollarının əhatəsində mürgü döyən bəyaz qızılgül dənizi. Hər daş parçası hərarət saçır. Qızıl düymə kimi bərq vuran avtobusdan enəndə kənd-kənd dolaşan qəssabların qırmızı maşınlarının siqnal səslərilə qarşılaşrıq.
Davamı →