Qızılgül və tikanlar | Yuhan Borgen

1
Uşaq qızılgül koluna yaxınlaşaraq: “Mənə qızılgül hədiyyə verərsənmi?”- soruşdu.
– “Özün dər”, – qızılgül kolu ona cavab verdi, – “Lap iki-üç gül dər, mən xəsis deyiləm!”.

Uşaq sevincindən əllərini qızılgül kolunun budaqlarının arasına saldı və qışqıraraq dərhal geri çəkildi.
“Vay-vay-vay! Bu nə olan işdir? Necə də tikanlısan? Məndə heç nə alınmır”.
“Sən narahat olma, oğul bala, əvvəl-axır alınar. Onsuz da bu həyatda tikansız gül olmur”, – qızılgül kolu uşağa ürək-dirək verdi.

“Olmur-olmasın, mənə heç lazım da deyil” – uşaq zınqırov çalmağa yollandı.
Davamı →

Üç zaman | Yuhan Borgen

Bir dəfə şir ilə quzu yan-yana talada gəzişirdi. Qəfildən quzu şiri sorğu-suala tutmağa başladı: “Ay şir, sənin fikrincə, hazırda biz hansı zamanda yaşayırıq?”

“Soruşursan hansı zamanda?”, – şir quzunun sualını təkrar etdi.
– “Allahına şükür elə ki, biz yaşayırıq, bəyəm bu, səni qane eləmir? Bundan əlavə, yaşadığımız zaman məhz elə bizə məxsusdur. Əgər belə olmasaydı, biz əsla yaşaya bilməzdik”, – şir sözünü yekunlaşdırdı.

Quzu taladakı yağlı otlardan yedikcə şirin dedikləri barədə düşünüb-daşındı və nəhayət dilləndi:

“Sən çox müdriksən, ay şir! Yürütdüyün fikirlərində də haqlısan. Yaşadığımız indiki zaman əlbəttə ki, bizə məxsusdur. Amma məni başqa şey düşündürür. Dəfələrlə eşitmişəm ki, üç növ zaman mövcuddur: gözəl və eyni zamanda qəddarlığı ilə seçilən keçmiş zaman, sadəcə qəddar və amansız olan indiki zaman və bir də özündə tolerantlıq ruhu yaşadan, məsələn şirlə quzunun azad, sərbəst olaraq yan-yana gəzişdikləri gələcək zaman.
Davamı →

Yolda şam yeməyi | Aleksandr Kuprin

Yadımdadır, beş il bundan əvvəl, yazıçılar Bunin və Fyodorovla birlikdə bir günlük İmatraya[1] getməli oldum. Qayıtmağımız gecəyə düşdü. Saat 11 olardı, qatar Antrea stansiyasında dayandı. Biz də bir şey yemək üçün qatardan endik.

Stansiyada, üstündə isti yeməklər və soyuq qəlyanaltılar olan uzun stol qoymuşdular ‒ təzə qızılbalıqdan yemək, qızardılmış alabalıq, soyuq rostbif, hansısa ov quşu, balaca, amma çox dadlı kotletlər və sair yeməkləri ora düzmüşdülər. Hər şey inanılmaz dərəcədə təmiz, ləzzətli və səliqəli görünürdü. Oradaca, stolun bir kənarında balaca boşqablar üst-üstə, çəngəl-bıçaqlar isə topa yığılmış, balaca zənbillərdə çörək qoyulmuşdu.

Davamı →

Hesse dünyası

XX əsr alman ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) məşhur missioner və leksikoqraf, əksər hind dillərində sərbəst danışan, sanskrit dilində yaradılmış mədəniyyət abidələrinin birincilərindən sayılan Herman Hundertin nəvəsidir. Hesse hind mədəniyyəti ilə uşaq yaşlarından tanış olmuş, ona dərin məhəbbət və hörmət ruhunda tərbiyə almışdır. Sonralar bu rəğbət ciddi marağa çevrilmiş, ümumən Şərq fəlsəfi fikrinin, xüsusilə qədim Çin filosoflarının irsini dərin və yaradıcı şəkildə, Qərb mədəniyyətinin nailiyyətləri ilə üzvi əlaqədə öyrənməyə yönəlmişdir.

Yeniyetmə yaşlarından heç bir mənəvi buxovla barışmayan, ailəsində hökm sürən, insanın daxili aləmini çərçivəyə salan sərt etnik qanunlara qarşı üsyan qaldıran döyüşkən təbiətli Hesse öz asilik ovqatını sonralar I və II Dünya müharibələrinə, faşizmə, millitarizmə, nüvə qırğını təhlükəsinə qarşı çevrilmişdir. Haqsızlığa, mənəvi əsarətə qarşı barışmazlığın nəticəsidir ki, Herman Hesse Almaniyada faşizmin hakimiyyətə gəlməsi təhlükəsi ortaya çıxan kimi etiraz əlaməti olaraq doğma vətənini birdəfəlik tərk edərək İsveçrə torpağına pənah gətirmişdir.
Davamı →

Şrödingerin qara pişiyi | Ataqam

[Mayra, bu yazıda sənin adından yararlandığım üçün məni bağışla]
Pəncərənin arxasından hər gün obaşdan eşitdiyi melodik səs gəldi. O, bu səsi yaxşı tanıyırdı. Gəncliyində bəstələmək istədiyi “Kəpənəklər” mahnısından idi.
 
Yatağında bu gözəl melodiyanı xeyli dinlədi. Mayra hələ oyanmamışdı. Üzünü divara çevirib yatmışdı. O, həmişə belə yatırdı. Həmişə də kürəyi açıq qalırdı. “Qoy yatsın, bu gün yəkşənbədi” – düşündü. Yorğanın ucu ilə Mayranın belini örtdü.
 
“Hə, durmaq vaxtıdı” –  yorğanı tərpətmədən sivişib yataqdan çıxdı. Dizi üstə oturub bir neçə gərilmə hərəkəti eləyib ayağa durdu. On yeddinci mərtəbədən dənizin ilahi mənzərəsi açılırdı. Pəncərənin arxasında qoşa ağ göyərçin dimdiklərini uzadıb yem gözləyirdi. Cəftəni ehmalca açıb dənizin havasını ciyərlərinə çəkdi.
 
Öskürək onu boğdu. Əlləri ilə qarnını qucaqlayıb var gücü ilə bir neçə dəfə öskürdü. “Zəhrimara qalasan… Şükür, keçdi”. Axşamdan plastik qutuya yığdığı yemək qalıqlarını miyoldayıb küçə tərəfdən pəncərəni cırmaqlayan qara pişiyin qabağına itələdi.
Davamı →

Küp | Lucci Pirandello

Bu il zeytun da bol idi. Hələ keçən il çoxlu məhsul vermiş ağaclar, çiçəkləmə vaxtı havalar dumanlı keçsə də, artıq bərkimişdi.
 
Kvote Primosoledəki sahəsində kefin istəyən zeytunu olan Lollo Dzirafa zirzəmisindəsi beş köhnə küpün zeytun yağı üçün bəs etməyəcəyini görəndə əvvəlcədən küp düzəldilən Santo Stefano da Kamastrola daha bir gün sifariş vermişdi. Bu hündür, qarınlı təzə küp zirzəmisindəki küplərdən çox iri idi.
 
Don Lollo həmin küpün üstündə yerli dulusçu ilə çox çənə vurmuşdu. Don Lollo Dzirafa daha kimə ilişmirdi ki? Heç nəyin üstündə, hasardan düşən adicə bir daşın üstündə belə çığır-bağır salır, qatırını yəhərləyib, şikayət eləmək üçün dərhal şəhərə çapırdı. Nəhayət, gerb kağızına, vəkillərə, gah bu, gah da o qonşu ilə çəkişmə üstündə o qədər məhkəmə xərcləri vermişdi ki, az qala tamam var-yoxdan çıxmışdı. 
Davamı →

Mərakeş | Corc Oruel

Meyiti restoranın yanından apararkən bir topa milçək masadan uzaqlaşıb, onun arxasınca uçdu, ancaq çox keçmədən geri qayıtdı.


Yas tutan kiçik kütlə — kişilər və oğlan uşaqları, qadınlar yox idi — bir tərəfdən nar piştaxtaları, digər tərəfdənsə taksi və dəvələrlə əhatələnən bazar meydanının içindən keçərkən eyni kədərli mahnını təkrarlayırdılar. Milçəkləri cəlb edən o idi ki, meyiti tabuta qoymurlar, əskiyə bürüyüb kobud taxta xərəyin köməyilə dörd dostunun çiyinlərində aparırlar. Dostlar qəbiristanlığa çatanda iki fut dərinliyində uzununa çuxur qazır, cəsədi ora uzadır və kərpic qırıntılarını xatırladan quru torpaqla üzərini örtürlər. Burada nə başdaşı, nə ad, nə də şəxsin kimliyini bildirən hər hansı işarə var. Qəbiristanlıq — nəhəng, boş bataqlıqdır, sanki atılmış tikinti  meydanıdır. Bir neçə ay sonra hətta yaxınlarının harada basdırıldığını belə, tapmaq olmur.
Davamı →

Ölmək asan deyil | Con Sommerfild

Uzun şırımın axırında yanıb külə dönmüş qırıcı təyyarənin müqəvvası görünürdü; bu şırım həmin təyyarənin son enişindən yadigar qalmışdı. 
 
Günəş batmaq üzrəydi. Hər qum təpəciyinin, hər kaktus kolunun, hər pırtlaşıq düşmüş tikanlı səhra zibilinin yöndəmsiz kölgəsi uzanaraq, qaranlığa bürünən üfüqə sarı sürünürdü. Sakit və ilıq qumluqda, nəhayətsiz, boş səmada, gecəyə və ya gündüzə aidliyi bilinməyən qürub çağının işığında elə saf sükut hökm sürürdü ki, sanki bu yerlərdə heç vaxt həyat əlaməti olmamışdı.
Davamı →

Sevdim | Pol Elüar

Səni,
Tanımadığım bütün qadınların yerinə sevdim
Yaşamadığım bütün zamanların yerinə,
Sonsuzluğun geniş qoxusu,
İsti çörək ətrinin xətrinə,
Əriyən qarın,
İlk açılan çiçəklərin yerinə
İnsandan hürkməyən suçsuz heyvanların xətrinə
Səni sevginin xətrinə sevdim.
Davamı →

Gənc Sviftin yaşlı Sviftə nəsihətləri

Daha çox «Qulliverin səyahəti»adlı romanı ilə tanınan irland yazıçı Conatan Svift 32 yaşındaykən «Qoca Svift üçün nəsihətlər və qaydalar»dan ibarət siyahı tərtib edib. 


1745-ci ildə, Sviftin ölümündən sonra ortaya çıxan sənədlər arasından bir siyahı da tapıldı. 1699-cu ildə yazılmış bu siyahı gənc Sviftin yaşlı Sviftə nəsihətlərindən ibarət idi. 
Davamı →