
Bir neçə aydır ki, Ser Artur Konan Doylun detektiv hekayələrini Azərbaycan dilinə çevirməklə məşğulam. Türkiyə türkcəsindən çevirdiyim kitablardan biri artıq “Hədəf” Nəşrləri tərəfindən oxuculara təqdim olunub. İki kitab isə çapa hazır vəziyyətdədir. Məşhur detektiv ustasının hekayələri məni o qədər əyləndirir və zövq verir ki, Konan Doylun hekayələrindən təsirlənərək qələmə alınmış, əsas qəhrəmanı detektiv Şerlok Holms olan 6-7 filmə də baxmışam.
Eyni zamanda Konan Doylun türk dilinə tərcümə olunmuş bütün yaradıcılığını da oxuyub bitirmişəm. Dünyanın bir nömrəli detektiv ustası olan Konan Doylun yaratdığı hekayələr və romanlar illər keçməsinə baxmayaraq yenə də insanları əyləndirməyi və həyəcanda saxlamağı bacarır. Əgər yay tətilinizin sonlarını əyləncəli keçirmək istəyirsinizsə, rejissor Qay Riçinin çəkdiyi “Şerlok Holms”(2009) və “Şerlok Holms: Kölgə oyunları”(2011) filmlərinə və britaniyalıların çəkdiyi “Şerlok” serialına baxmağınızı tövsiyə edirəm.
Eyni zamanda əyləncənizi maraqlı etmək üçün Ser Arturun qəhrəmanı məşhur detektiv Şerlok Holmsla bağlı kiçik bir araşdırmamı sizlərlə bölüşmək istəyirəm.
Böyük Britaniyalı detektiv ustası Konan Doylun yaratdığı obraz Şerlok Holms, detektiv obrazlar içərisində bəlkə də ən məşhurudur. Hadisələri müşahidə yoluyla həll etməsi onun ən önəmli özəlliyidir. Şerlok Holms deyiləndə ilk ağlımıza gələn onun zərrəbini, ovçu papağı və qəlyanıdır.
O nəticə çıxarma (deduction) üsulunu yaxşı istifadə edə bilir, verdiyi suallarla aldığı cavabların bir-biriylə əlaqəli olmasına diqqət yetirirdi. Tətbiq etdiyi üsulun fərqi budur ki, Şerlok Holms dəlilləri bir araya gətirib bir həll yolu tapmaq əvəzinə, əlindəki dəlillərdən istifadə edərək mənalı bir nəticəyə çatmağa çalışır. Eyni zamanda laboratoriya araşdırmaları nəticəsində əldə etdiyi məlumatları hadisələrə tətbiq edir və siqaret kötüklərindən, əlyazmalardan, ayaq izlərindən və hər cür məlumatdan istifadə edərək hadisənin üstünü açmağı bacarır.
Ardı →