IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi.
Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.
Ardı →